Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi...
Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi...11-01-2022, 09:18 |
Belə düşünmək üçün adam ya dəli olmalıdır, ya da elə Əli... İnsanın xisləti qapqaradırsa, heç kimi özündən ağıllı saymayacaq, öz dediyindən başqa kimsənin dediyindəki həqiqəti duymayacaq. Ruhundakı qapqara libasdan başqa rəngləri də görməyəcək. Elə “mənəm-mənəm” deyəcək…Əli Kərimli eynən bu xislətdədir. Rusiyanın Qazaxıstan olaylarındakı planlanmış iştirakından danışan hər kəsi xain, hakimiyyətə xidmət edən sayır. Amma öz gözündəki tiri görmür. Qazaxıstanı kim qarışdırdı bəs? Jirinovski dəfələrlə “Baykonurda rus dövləti quracağıq” demirdmi? Ən üst səviyyələrdə belə Qazaxıstanın rus torpaqlarında təşəkkül tapması iddia olunmayıbmı? Əli Kərimli hadisələr baş verəndən sonra rus mətbuatını izləsəydi, “Qazaxıstanın ancaq iki şəhəri olub - Çimkənt və Taraz, başqa şəhərləri rus torpağıdır” iddialarını oxuyardı. Təbii ki, izləyib və rusların hansı iddiada olduqlarını da bilir. Amma “kim mənimlə deyilsə, düşmənimdir” prinsipindən doğan nifrəti bu həqiqətləri nəinki dilə gətirməyə, heç düşünməyə də imkan vermir. Qazaxıstanda bir dirəniş başlayıb. Eynən 1986-cı ildəkidir. Qazaxıstanın 30 illik müstəqillik dönəmini sona çatdırırlar. Azərbaycan cəmiyyətinin müxtəlif qrupları tərəfindən bu hadisələr şərh edilir və Rusiyanın Qazaxıstan planını cəmiyyətə çatdırmağa çalışırlar. Əli Kərimli isə bunu əlində bayrağa çevirib, hamını xidmətçilikdə ittiham edir. Onun düşüncəsinə görə, Qazaxıstanla bağlı yazılan, danışılan, hətta düşünülən bütün fikirlər hakimiyyətə xidmət üçündür. Guya Rusiya məsələsini qabartmaqla xalqı qorxutmaq istəyirlər ki, hakimiyyətə etiraz etməsinlər və s. Nə qədər gülünc iddiadır? Azərbaycanda kim deyir ki, Qazaxıstanda baş verənlər sosial böhran, etiraz deyildi? Təbii ki, hamı bilir və deyir ki, bəzi qüvvələr bu sosial böhranı siyasi böhrana çevirməklə öz işlərini gördülər. Rusiya isə öncədən buna hazır idi. Bu hazırlıq hadisə baş verən kimi özünü büruzə verdi. Dərhal Qazaxıstana ordu birlikləri göndərildi. Bəzi mənbələrdə bu qüvvənin 8-12 min nəfərlik heyət olduğu deyilir. Bir o qədər də hərbi texnika. Qazaxıstan hazırda Rusiyanın nəzarətindədir. Belarusdan, Qırğızıstandan, Tacikistandan, Ermənistandan ora aparılan hərbi qüvvələr görüntü və təbliğata xidmət edir. Qazaxıstandakı əslində rus qoşunudur. Baş verən hadisələrin qarşısını onlar topla-tüfənglə aldılar, 20 yanvarda Bakıda törədilən qətliamdakı kimi… “KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”. Bunu Rusiya Prezidenti Putin deyir. Ardınca Belarus Prezidenti Aleksandr Lukaşenkonun diliylə Özbəkistanı təhdid edir: "Özbəkistan Qazaxıstanda baş verənlərdən nəticə çıxarmalıdır". Əli Kərimli bunu inkar edə bilərmi? Rusiya nədən bu qədər hazırlıqlı idi və fürsəti fövtə vermədən orduya əmr verdi? Putinin “öz evimiz” dediyi haradır? Əli Kərimliyə çatdırmaq lazımdır ki, heç kim “Qazaxıstanda baş verənlər korrupsiyadan, hüquqsuzluqdan cana doymuş yox, korrupsiyaya həsrət, aşırı hüquqlardan bezən xalqın etirazıdır” demir. Amma 28 dekabrda Sankt-Peterburqdan qayıdan Tokayev niyə qiymətləri 100 faiz qaldırıb, xalqı etirazlara sövq edib, sonradan əvvəlki qiymətləri bərpa etdi? Yaxud Əli Kərimli deyir ki, Rusiya qarşıdurma yaratmaq gücündə olsaydı, bunu Ermənistanda, Gürcüstanda, Moldaovada həyata keçirərdi. Yaxud da bacarırdısa, xaosu, qarşıdurmanı niyə “rəsmən düşmən elan etdiyi Ukraynada yox, onsuz da bir sözünü iki etməyən Qazaxıstanda” edirdi? Doğrudanmı Əli Kərimli bunların səbəbini bilmir? Təbii ki, bilir. Sadəcə, nifrətindən nə gəldi, necə gəldi çamur atır və çamuruyla da Rusiyanı savunur. Rusiya bunu Ukraynada edə bilməzdi. Qərbin açıq təzyiqindən çəkindiyinə görə. Gürcüstanda isə etdi. Saakaşvili həbsxanadadır. Moldova Qazaxıstandırmı? Moldova ilə Qazaxıstanı eyni tərəziyə qoymaq olarmı? Qazaxıstan Mərkəzi Asiyanın giriş qapısıdır. Türk Dövlətləri Təşkilatının açar ölkələrindən biridir. Böyük, güclü, təbii sərvətlərlə zəngin, geosiyasi baxımdan xüsusi əhəmiyyətə malik dövlətdir. Rusiya onu itirmək istəmirdi. Qazaxıstanı itirmək bütünlükdə Mərkəzi Asiyanı itirmək deməkdir. Kərimlidən fərqli olaraq, Rusiya bunu bilirdi. Ona görə də Qazaxıstanda planlaşdırılan ssenaridən uduş əldə etdi… Rəfail Becanov, “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Geri qayıt |