Əsas Səhifə > Partiya, Güney Press > “Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər”

“Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər”


14-01-2022, 09:46
“Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər”
Deputat Elman Nəsirovun fikrincə, Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı məsələlərdən biri də korrupsiya ilə mübarizədir. Bunu jurnalistlərə verdiyi geniş müsahibə də təsdiqləyib. Belə ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda rüşvətxorluq və korrupsiya ilə mübarizə ardıcıl olaraq həyata keçirilməkdədir:

“Məmurları vəzifəyə təyin edərkən də Prezidentin əsas xəbərdarlığı belə neqativ məsələlərlə bağlı olur”. DİA.AZ xəbər verir ki, millət vəkili Bizim.Media ilə bölüşdüyü şərhində Prezident İlham Əliyevin “sözümüzlə əməlimiz üst-üstə” düşür xatırlatmasına diqqət çəkib.

Çünki məmurlara edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar cəzalandırılırlar. Onsuz da son kadr islahatları və həbslərin əsas səbəbi də rüşvət və korrupsiya olub ki, həmin ekslər qanun qarşısında cavab verməli olub.

Elman Nəsirov Prezidentdən sitat gətirərək korrupsiya ilə mübarizədə kadr seçimlərinin də əhəmiyyətini qeyd edib:

“Kadr islahatları siyasi reformların tərkib hissəsi kimi reallaşdırılmaqdadır. Xüsusilə də Prezident Administrasiyası, nazirliklərdə, Milli Məclisdə, yerli icra hakimiyyəti orqanlarında ciddi kadr islahatları həyata keçirilib. Vəzifələrə yeni insanlar təyin olunub. Bu prosesdə cənab Prezident incə bir məqama diqqəti çəkdi. Qeyd elədi ki, yeni kadrların içərisində olan bir müddət tapşırıqları yerinə yetirir, rüşvət və korrupsiyadan uzaq olurlar. Amma müəyyən zaman keçəndən sonra “klassik” üsluba qayıdırlar. Bu yolverilməzdir və ictimai nəzarətin üzərinə də böyük məsuliyyət düşür. Prezident bunu da özəlliklə vurğulayıb”.

Elman Nəsirov bu yöndə medianın da üzərinə düşən məsuliyyətdən bəhs edib. Çünki bəzi olaylardan Prezident də media vasitəsilə agah olur.

Həm də vətəndaş-məmur təmaslarını minimuma endirmək lazımdır. Bu baxımdan, “ASAN Xİdmət” modeli uğurludur. Dünənki çıxışı həm də:

“Rüşvətxorluq və korrupsiya ilə mübarizənin gücləndirilməsi mesajı kimi də qəbul etmək olar. Yeni təyin olunanlara isə bir daha məsuliyyətə çağırış var. Yəni onlar özlərini yığışdırsınlar, bir müddət yaxşı işləyib, sonra yenidən “sələfləri” kimi davranmasınlar. Yoxsa dəmir barmaqlıqlar arasında qala bilərlər. Ən yaxşısı, vəzifədən getsinlər və özlərini bədbəxt etməsinlər. Cənab Prezident bu qədər aydın mesajı məmurlara ünvanlayıb”.

Millət vəkilinin sözlərinə görə, rüşvətxorluq və korrupsiya ilə mübarizə yeni müstəviyə keçəcək. Ən əsası da yeni təyin olunan məmurlar bütün bunlardan nəticə çıxartmalıdırlar.

Geri qayıt