Əsas Səhifə > Partiya, Güney Press > “Akademiya neft deyil ki, yerini tapıb, buruq qazacağıq...”

“Akademiya neft deyil ki, yerini tapıb, buruq qazacağıq...”


21-01-2022, 16:38
“Akademiya neft deyil ki, yerini tapıb, buruq qazacağıq...”
Son vaxtlar ölkənin gündəmi əsasən təhsil qalmaqalları olsa da, artıq AMEA-da baş verən prosesləri də bura aid etmək olar.

Belə ki, son vaxtlar sosial şəbəkələrdə AMEA-da çalışan bir sıra alimlərin etirazları yayılır.

Son hadisələrdən biri də AMEA-nın Tarix institunun direktoru Kərim Şükürovun öz vəzifəsindən istefası olub. Direktor istefasının səbəbini “AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq” göstərib.

Ümumiyyətlə, son vaxtlar AMEA ilə bağlı səslənən fikirlər, mövcud vəziyyətlə bağlı suallarımızı millət vəkili Fazil Mustafa cavablandırdı.

-Fazil bəy, son vaxtlar AMEA ilə bağlı bir sıra tənqidi, o cümlədən bu qurumun fəaliyyətinə ehtiyacın olmaması ilə fikirlər səslənir. Siz bu barədə nə düşünürsünüz?

-Bu məsələ cəmiyyətdə illərdir ki, müzakirə olunur. AMEA o zaman gərəksiz olur ki, universitetlər elmi-tədqiqat modeli yükünü öz üzərlərinə götürsün. Buna nə dərəcədə hazırdırlar? Yəni bu, ciddi məsələdir və belə bir hazırlıq yoxdur. Əgər belə bir hazırlıq yoxdursa, biz orada olan müəyyən rasional imkanları da əldən çıxara bilmərik. Bu da böyük bir problem yaradır. Təsəvvür edin ki, kimya, fizika, riyaziyyat üzrə bütün tədqiqat institutları akademiyanın nəzdindədir. İş keyfiyyətli qurulmaya, nəticələr bizi qane etməyə, yaxud idarəetmədə problemlər ola bilər. Ancaq bütövlükdə sistemi o vaxt aradan qaldırırsan ki, onun alternativini hazırlayırsan. Biz yarada bilmədiyimiz universitetin yerinə bir boşluqmu saxlamalıyıq? Bunun üzərində düşünməliyik. Ona görə də bu məsələ ilə bağlı cəmiyyətdə müzakirələr açılmalıdır. Cəmiyyətdə bundan sonra hansısa bir şəkildə müzakirə aparmaq daha doğru olar.

-Dünən Tarix institutunun rəhbəri Kərim Şükürov istefa verib. Son vaxtlar AMEA rəhbərliyinə qarşı bir sıra etirazlar da səslənir. Sizcə, bu, nədən irəli gəlir- daxili proseslərlə, yaxud alimlərin çalışdıqları sahəyə diqqət göstərilməməsi ilə bağlıdır?

- Hazırda akademiyada daxili proseslərin hansı istiqamətdə cərəyan etdiyini bilmirəm. Hər halda problem varsa, müzakirə olunmalıdır. Ancaq bizim ümumiyyətlə, tarix, hüquq, fəlsəfə ilə bağlı nəzəri sistemimizin akademiya tərkibində o qədər də keyfiyyətli olmadığını düşünürəm. Ona görə də biz bu istiqamətdə də müzakirələr aparmalıyıq. Bu, fərdi fikirlərlə olmur, müzakirələrlə ortaya çıxır ki, çatışmayan məsələlər nədir. Yoxsa biri burdan bir söz dedi, o biri də ona söz atdı, bununla məsələ çözülmür. Geniş auditoriyalarda, elm sferalarında bu müzakirə olunandan sonra nəyin faydalı olduğu, hansı istiqamətin bizə lazım olduğunu daha tez üzə çıxaracağıq.

-Belə bir fikirlər də səslənir ki, bizim alimlər elmdə heç bir yenilik etmirlər. Heç bir yeni kəşflər etmirlər, sadəcə eyni mövzuların təkrar tədqiqatı ilə məşğuldurlar. Bu fikirlə razısınızmı?

-Bu, bir həqiqətdir. Çünki o baza da yoxdur. Hansı laboratoriyada,hansı müəssisədə eləsinlər? Sovet dövründən qalan bütün sistem də dağılıb. Yeni bir faydalı laboratoriya sistemi qura bilməmişik. Universitet mühiti də yoxdur. Mühit yoxdursa, bu, təkcə alimin günahı deyil. Alim də yetişəcəyi mühit axtarır. Bunu ancaq xaricə gedənlərdən gözləmək olar. Çünki orada bu şərait var. Bizdə yaxın gələcəkdə yəqin ki, bu olmayacaq.

-Bir çox alimlərimizin də xaricə üz tutduğunun şahidi oluruq. Bugünkü “beyin axını” elmimizin sabahı üçün təhlükə deyilmi?

-Bu normaldır və buna pis baxmaq lazım deyil. Bacardıqca daha çox adamı xaricə göndərmək lazımdır. Əgər mütəxəssis kimi yetişməsini istəyiriksə, ordan geri qaytarmağın bir mənası yoxdur. Çünki bu adamlar ancaq o mühitdə yetişə bilərlər. Normal alimin yetişməsi üçün model yoxdur. -Hazırkı AMEA rəhbərlyinin elmə diqqət göstərməməsi ilə bağlı fikirlər səslənir.

Sizcə, bu, nə dərəcə doğrudur?

-Akademiyaya kimi təyin etsən, elmə diqqət göstərməsi mümkün deyil. Çünki elm yoxdursa, nəyə diqqət göstərəcək? Bütövlükdə elmin konstruksiyası dəqiq müəyyən edilməlidir. Hansı elmi inkişaf etdiririk? Filologiya, ədəbiyyat, hüquq, fəlsəfədən minlərlə müdafiə olunan əsərlərlə elm inkişaf etmir, müasir dövrdə təbiət elmləri, fundamental elmlərin geniş tədrisi ilə inkişaf edir. Bizdə bu sahələr axsayırsa, humanitar sahəylə bu yükü qaldırmaq mümkün deyil. Ona görə də akademiya formal olaraq insanların sadəcə işsiz qalmaması, sosial müavinət əldə etmək yerinə daha çox bənzəyir. Başqa cür elmi “pompalamaq” mümkün deyil. Bu, neft deyil ki, yerini tapacağıq, vuracağıq, buruq nefti çıxaracaq. Bu, tamam başqa bir şeydir, illər lazımdır ki, kökü qalsın. Ancaq illərlə bunu sıradan çıxartdıq. Ona görə də bərpa etməyimiz çox çətin olacaq.

Geri qayıt