Əsas Səhifə > Partiya, Güney Press > "Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var: Niyə? "

"Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var: Niyə? "


22-01-2022, 09:12
"Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var: Niyə? "
“Öz ərazilərimizə getmək üçün xarici ölkəyə gedəndə keçilən prosedurlardan daha ağırını keçiririk. Şuşaya Azərbaycan vətəndaşının ildə 1 dəfə getmək icazəsi var. Niyə? Bu hansı qanunla tənzimlənir? Hansı konstitutsiyanın maddəsi buna imkan verir ki?”. DİA.AZ xəbər verir ki, bunu “Yeni Sabah”a müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, bu qadağanın Konstitusiyaya zidd olduğunu bildirrib:

“Niyə gündə 95 nəfərdən çox insan gedə bilməz. Bu hansı qanunla tənzimlənir? Əvvəl bəhanə edirdilər ki, ərazilər minalanıb. İndi axı rəsmən elan etdilər ki, Şuşa minalardan tam təmizlənib. Bəs niyə getmək qadağadır?

Şuşada dəfələrlə olmuşam. Ora göydən bomba yağanda, mina olan zaman, həyat təhlükə altında olanda belə orada olmuşam. Bəs indi niyə getmək qadağan edilir? Bu konstitutsiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan cəmiyyətinə, xalqına qarşı hörmətsizlikdir.

Qarabağı Azərbayan xalqı azad edib. Azərbaycan xalqı illər uzunu kasıblığa, yoxsulluğa dözüb. Hər dəfə problem qaldırlanda deyiblər ki, bizim Qarabağ kimi dərdimiz var. Kasıblığa, yoxsulluğa, ədalətsiz mövqeylərə dözüb, övladlarının şəhid, qazi olmasına razılaşıb. Həyatın çətinliklərinə sinə gərib. İndi ora niyə getməkdən ötrü kimdənsə icazə almalıdır?

Niyə xaricə getmək Şuşaya getməkdən asan olub? Getdiyin vaxtda bir neçə saata qalmağa icazə verilir? Bu çox ciddi bir məsələdir. Bu qaydalar dərhal dəyişdirilməlidir. Bu davranışa son qoyulmalıdır. Azərbaycan xalqı, cəmiyyəti ilə belə davranmaq olmaz. Yanlış davranışdır.

Əslən Qarabağdan olan, orada doğulmuş, boya-başa çatmış sakinlər üçün bu böyük bir həqarətdir. Atamın məzarına getmək üçün niyə kimdənsə, icazə almalıyam? Və yaxud da niyə rəhmətə gedən valideynimi başqa yerdə dəfn etməliyəm? Niyə Cəbrayıla, Füzuliyə digər ərazilərə aprıb, dəfn etmək olmaz?

Müharibə zaman güllə səsi eşidiləcək məsafəyə getməyə cəsarət etməyən adamlar orada post qurublar və müharibədə iştirak edənlərin valideynlərini, özlərini, onların övladlarını həmin əraziyə buraxmırlar. Bu ədalətsizlikdir. Bu torpaqları bütövlükdə Azərbaycan xalqı azad edibsə, hüquq da bütün Azərbaycan xalqına məxsus olmalıdır”.

Geri qayıt