Əsas Səhifə > Partiya > "ÇÜNKİ O ADAMLAR ƏLİ İNSANOVUN ƏTRAFINDA İDİLƏR"
"ÇÜNKİ O ADAMLAR ƏLİ İNSANOVUN ƏTRAFINDA İDİLƏR"20-11-2013, 11:55 |
Həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov hakimiyyətə mesaj göndərib. O, barəsində Ali Məhkəmənin Plenumununun çıxardığı qərara münasibət bildirərək deyib: “Mən rahat və nikbinəm. Azərbaycan iqtidarının mənimlə var gücü ilə necə mübarizə apardığı göz önündədir. Mən də bu mübarizədə varam. Həzrət Əli demişkən, mən qaçanı qovmayacam, amma üstümə gələnin də qabağından qaçmayacam. Azərbaycan iqtidarı 2005-ci ildə məni həbs etdirərkən olduğu kimi, bu gün də azadlığa çıxmağımın qarşısını almaq üçün hakimləri cinayət törətməyə məcbur edir. Inşallah, haqq-ədalət bərqərar olacaq”. Vəkili Toğrul Babayev bildirib ki, Əli Insanov Avropa Məhkəməsinin qərarlarını qəsdən icra etmədiyinə görə hökumətdən AŞ Nazirlər Komitəsinə, AŞ-a üzv ölkələrin xarici işlər nazirlərinə, AŞ-ın insan haqları üzrə komissarına və Avropa Məhkəməsində qərarların icrası departamentinə şikayət göndərib. Əli Insanovun hakimiyyətə yönəlik mesajına qocaman YAP-çılar da münasibət bildirib. YAP-ın qurucularından olmuş Əli Əlirzayev bildirdi ki, Əli Insanovun YAP-ın yaranmasında böyük xidmətləri olub və bu xidmətləri danmaq insafsızlıqdır: “Hesab edirəm ki, Əli Insanovun məhkəmə prosesinə ədalətlə baxılmalıdır, şikayəti təmin olunmalıdır. Əli Insanov mənim deputat həmkarım olub və onun həbsi zamanı da mən fikirlərimi bildirmişəm. Mən Əli Insanovun ətrafında olan insanları qınayıram. Çünki o adamlar ki, Əli Insanovun ətrafında idilər, sonradan onu satdılar və onun haqqında bəzi fikirlər birtərəfli deyildi. Onun hüquqlarını boğmaq düzgün deyil. Əli Insanovla birgə partiyanın yaradılmasında iştirak etmişik və bir-birimizə hörmətlə yanaşmışıq. Əgər Əli Insanov ona qarşı haqsızlıq olduğunu deyirsə, hüquqları uğrunda sona qədər mübarizə aparmalıdır”. YAP-ın qurucularından olmuş Maksim Musayev də Əli Insanovun Heydər Əliyevə sadəqətli olduğunu və partiya quruculuğunda əvəzsiz xidmətlər göstərdiyini bildirdi: “Mən Əli Insanovun həbsi zamanı Bakıda olmamışam və məhkəmə proseslərindən də detallı xəbərim yoxdur. Ancaq biz deputat yoldaşı olmuşuq, isti münasibətlərimiz olub. Əli Insanov hər zaman öz fikrini deyə bilən, cəsarətli çıxışlar edən deputat idi. YAP-ın yaradılmasında və Heydər Əliyevin hakimiyyətə gəlməsində böyük rolu olub. Hətta deyə bilərəm ki, Əli Insanov Heydər Əliyev üçün canını qurban verməyə hazır idi. Heydər Əliyevin hansısa orqanında problem olsaydı, öz orqanlarını çıxarıb ona verərdi. Heydər Əliyevə onun qədər sədaqətli insan yox idi. Ancaq bu gün YAP-ın qurucuları kənarda qalıb, diqqət göstərilmir. Belə bir adamın dövlət çevrilişində ittiham olunması inandırıcı görünmür. Heydər Əliyevə sonsuz sədaqəti olan adam dövlət çevrilişi edə bilməzdi. Belə bir şəxsin dövlət çevrilişi etməsi gülüncdür”. Geri qayıt |