Əsas Səhifə > Partiya, Güney Press > “Paşinyan Rusiyadan xilas olmaq istəyir”

“Paşinyan Rusiyadan xilas olmaq istəyir”


27-01-2022, 10:06
“Paşinyan Rusiyadan xilas olmaq istəyir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Lakin onu da əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır.

“Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır,” - Paşinyan bazar ertəsi axşam internet vasitəsilə canlı yayımda keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Lakin onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır. Erməni baş nazir Türkiyə ilə münasibətlərə də toxunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yayda Antalyada keçiriləcək foruma Ermənistanı dəvət etməsinə baş nazir münasibət bildirib. Onun şərtlə, minnətlə danışması aydın sezilir. Ola bilsin, daxili auditoriyanı nəzərə alıb, ehtiyatlı danışır.

Bəs Azərbaycan tərəfi Paşinyanın bu şərtli çıxışına nə deyir? Onun dedikləri qəbul ediləndirmi?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Paşinyanın Rusiyadan xilas olmağa cəhd etdiyini bildirdi: “Paşinyanın Azərbaycanla sülh imzalamağa hazır olması onun qorxduğunu göstərir. Çünki Ukrayna və Qazaxıstandakı son gəlişmələr Qərb daxilində geosiyasi baxışlardakı fərqləri göstərir. Paşinyan Rusiyadan xilas olmaq istəyir. Amma onunla açıq savaşmaq da istəmir. Ukraynanın durumunu görür. Paşinyanın bir yolu var, Türkiyə və Azərbaycanla problemləri həll etmək, regional iqtisadi prosesə qoşulmaq və iqtisadi dividentlər əldə etmək. Bununla xalqının rifahını qaldırıb onda millitarizm meyillərini azaltmaq istəyir. Sadəcə olaraq, Paşinyan da bir ermənidir. Ona görə nə qədər qərbçi olsa da, naz etməklə bəzi avantajlar əldə etmək istəyir. Qərbin istehsalı olsa da dərk edir ki, Qərb bəd ayaqda onu meydanda tək qoyub geosiyasi vasitəyə çevirəcəkdir.

Rusiya isə regionda da, Ermənistanda da var. Sülh müqaviləsi Paşinyan üçün 102-ci bazanın ləğvi üçün lazımdır. Ona görə belə addımlar atır. Deməli, biz Paşinyanın hansısa sürprizini önləmək üçün Türkiyə ilə kordinasiyalı çalışmalıyıq. İqtisadi cəhətdən güclənməliyik, eyni zamanda vətəndaşın sosial rifahını gücləndirməliyik. Sosial rifahı təmin edilmiş vətəndaş ən güclü təhlükəsizlik amilidir. Bizim əsas ehtiyat nöqtəmiz artıq ermənilər deyil, bunu hamımız bilirik. Türkiyə ilə kordinasiya, iqtisadi rifah siyasəti, bölgə oyunçularını ətrafında toparlamaq lazımdır ki, Qazaxıstan sindromunu və Ukrayna psixozunu yaşamayaq”.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun Paşinyanın dediklərinə mövqeyi diqqətləri çəkir: “Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması ilə bağlı açıqlaması gözlənilən idi. Çünki Paşinyan bunun əksinə hər hansı bir mövqe sərgiləməklə özünü və eləcə də Ermənistanı çətin duruma salmış olardı. Belə ki, Azərbaycan tərəfinin davamlı şəkildə sülh sazişi imzalamaqla bağlı çağırışları və Paşinyanın da buna cavab verməməsi beynəlxalq təşkilatlarda və ictimaiyyətdə Ermənistanla bağlı mənfi mövqenin güclənməsinə səbəb olurdu. Belə ki, uzun müddət başqa bir dövlətin torpaqlarını işğal altında saxlayan və nəticədə müharibəni uduzmuş tərəfin qalib dövlətin sülh təklifinə münasibət bildirməməsi mənfi qəbul olunurdu və Paşinyan da bunu görürdü. Amma məsələ burasındadır ki, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımadan sülh sazişi bağlaması mümkün deyil. Bunun üçün ilkin addım sərhədlərin demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsi olmalıdır. Bu proses isə məlum olduğu kimi, hər dəfə Ermənistanın cığallığı nəticəsində uzanır və hələ ki bu istiqamətdə hər hansı addım atıldığının şahidi olmamışıq. Ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasının vacib şərt olduğunu dərk edən Paşinyan məhz bunu nəzərə alaraq tərəflərin hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya etdiyini bildirir. Amma həmin vaxt ərazi bütövlüyünü və sərhədlərini tanıdığı ölkənin ərazilərini 30 il ərzində niyə işğalda saxladıqlarına cavab vermir. İkinci bir tərəfdən isə Paşinyan sülh sazişi haqqında danışarkən ”hələ bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır" ifadəsi də işlədib ki, bu da Paşinyanın sülh sazişinə hazır olması ilə bağlı verdiyi bəyanatın, sadəcə, beynəxalq təpkini üzərinə çəkməmək üçün verilmiş bəyanat olduğunu deməyə əsas verir. Belə ki, Paşinyan bundan öncə də Azərbaycan və Ermənistanın hələ 1992-ci ildə bir-birinin ərazi bütövlüyünü tanıması haqqında danışarkən Qarabağ məsələsinin ölkələrin ərazi bütövlüyündən ayrıca bir məsələ kimi müzakirə olunmalı olduğunu bildirmiş və qeyd etmişdir ki, Qarabağ məsələsi hüquq məsələsidir və ərazi məsələsi ilə heç bir əlaqəsi yoxdur".

R.Bayramov başqa məsələlərdən də söz açdı: “Paşinyanın bu səpkili bəyanatlarla çıxış etməsinin digər bir səbəbi isə heç şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərindəki yeni situasiyadan qaynaqlanır. Türkiyə ilə münasibətlərin normallaşması bu gün Ermənistana hava su kimi lazımdır və Paşinyan yaxşı başa düşür ki, Azərbaycan tərəfinin sərhədlərlə, ərazi bütövlüyünün tanınması və eləcə də sülh sazişi ilə bağlı təkliflərini uzun müddət iqnor etməklə Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Odur ki, indi Paşinyanın bəyanatları həm vaxt udmağa, həm də tədricən də olsa erməni cəmiyyətini gələcəkdə baş verə biləcək hadisələrə hazırlamaq məqsədi daşıyır. ”Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq və qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq" deyən Paşinyan əslində bununla həm də Türkiyə tərəfinə mesaj verir ki, siz də bu normallaşma prosesi ilə bağlı hər hansı şərt irəli sürməyin. O, həmçinin Mövlud Çavuşoğlunun dəvəti ilə martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb, amma eyni zamanda həmin forumda iştirakın normallaşma prosesində müsbət dinamikanın davam edəcəyi halda mümkün ola biləcəyini vurğulayıb. Düşünürəm ki, Paşinyan nə olmasından asılı olmayaraq həmin forumda iştirak edəcək. Onu da nəzərə almaq lazımdır ki, əgər bu prosesdə Ermənistan tərəfdən hər hansı mənfi addımlar atılacaqsa, ilk olaraq Türkiyə tərəfi belə bir dəvətlə çıxış etməyəcək. Odur ki, Paşinyanın minnətlə danışması daha çox daxili auditoriyaya hesablandığı qənaətindəyəm. Çünki Paşinyanın özünün də dediyi kimi o, həmin forumda iştiraka Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşmək imkanı kimi baxır və belə bir fürsəti qaçırmaq niyyətində deyil".

Geri qayıt