Əsas Səhifə > Partiya, Güney Press > "Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"
"Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur"3-02-2022, 09:40 |
Azərbaycanda bundan sonra dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bununla bağlı məsələ Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. DİA.AZ-ın məlumatına görə, qanun dəyişikliyi ilə bağlı “Şərq”ə açıqlama verən Milli Cəbhə Partiyasının sədr müavini, ilhaiyyatçı Turan İrfan bildirib ki, bu qanun müvafiq sahədə şəffaflığı təmin edəcək: “Nəzir qutularının yığışdırılması barədə hələ ki, bir qərar yoxdur. Sadəcə, nəzirin onlayn formada verilməsi haqda qərar var. Bu da müasirliklə bağlıdır. Artıq həm dünyada, həm də ölkəmizdə alış-veriş və digər məsələlər kart vasitəsi ilə həyata keçirilir. Bundan sonra hər hansı şəxs uzaq bir ölkədən, yaxud rayondan, məsələn, Bakıda yerləşən ibadət ocağına, yaxud da ziyarətgaha onlayn nəzir, ianə göndərə biləcək. Burada bir qəbahət yoxdur. Nəzir qutularının buna paralel olaraq məscidlərdə qalması da ola bilər. Çünki məscidlərdə kifayət qədər ehtiyaclar, çıxarlar var. Kommunal xərcləri ödəyə bilmədiyinə görə kifayət qədər işığı, qazı, suyu kəsilən məscidlərimiz var. Onlar ora toplanan nəzir pulu ilə ehtiyaclarını ödəyirlər. Müəyyən məbləğ toplanmadıqda isə məsciddə ibadətə uyğun şərait olmur. Məsələn, qışda suyu isitmək olmursa, insanlar soyuq su ilə dəstəmaz alıb xəstələnirlər. Bunlarla yanaşı onu da deməliyəm ki, bəzi pirlərdə isə əksinə, daha çox pul toplanır və o pulu bir neçə şəxs mənimsəyir. Şəffaf olmayan şəkildə, heç yerə hesabat vermədən öz maddi maraqları üçün istifadə edirlər. Ona görə qanunun sayəsində bu məsələnin də kökündən tənzimlənməsi gözlənəndir”. İlahiyyatçı həmçinin qeyd edib ki, Azərbaycanda yaşayan və fəaliyyət göstərən hər bir ruhani, imam, inanclı insan və hər bir ibadət yeri Azərbaycan qanunlarına tabe olmalı və şəffaf, hesabatlı şəkildə fəaliyyət göstərməlidir. “Azərbaycanda ibadət yerlərinə, yəni məscidlərə və ziyarətlərə təyinatın müvafiq icra orqanına verilməsini də alqışlayıram və bunu çox düzgün qərar hesab edirəm. İndiyə qədər bu işi Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi. Onlar da əsasən İranda, Qumda oxuyan şəxslərə üstünlük verirdi. O şəxslər də oxuyub təhsil aldıqları ölkənin siyasi xəttini təbliğ edir, o ölkənin özünə məxsus islam modelini ölkəmizdə təbliğ edirdilər. Xurafatçılıq da buna görə yayılırdı. Çünki xarici qüvvələr fanat insanları xurafat vasitəsilə daha asan təsir altına sala bilirlər. Bununla yanaşı ziyarətgahlarda da toplanan ianələr, nəzirlər, yardımlar qeyri-şəffaf şəkildə mənimsənilirdi. İstər İran təmayüllü siyasiləşmiş yerli ruhanilərə, istər Səudiyyə Ərəbistanı təmayüllü radikallığa meyilli şəxslərə milli dəyərlərimizə və dövlət qanunlarımıza müvafiq fəaliyyət göstərmələri üçün bu qanun birbaşa təsir edəcək. Ancaq yenə də diqqətli olmaq vacibdir ki, xarici təsirlərdən qaynaqlanan ünsürlər yenə də məscidlərə sızmasın. Habelə pirlərə, ziyarətgahlara təyin edilən şəxslər də milli dövlətçilik ənənələrinə vaqif olan şəxslər olsun. Çünki insan məscidə inancına görə gedir. Oranı müqəddəs hesab edir və inanır ki, orada danışılanların hamısı həqiqətdir. Odur ki, məscid imamlarını təyin edərkən də hər şeydən öncə xaricə bağlı olub-olmaması aydınlaşdırılmalıdır. Əgər zərrə qədər Azərbaycan Respublikasının siyasi xəttinə, ərazi bütövlüyünə, hər hansı maraqlarına qarşı gələn ölkədə təhsil alıb, təlim görübsə, əsla onu Allah evinə yaxın qoymaq olmaz. Düşünürəm ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sayəsində bütün bunlar öz müsbət həllini tapacaq. Daha Qumda yarı siyası, yarı dini təhsil alanlar yox, yerli dini məktəblərdə oxumuş, milli ruhlu, ənənəvi islamı qavramış şəxslər məscidlərə təyinat alacaqlar. Çünki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin indiyəcən olan fəaliyyəti və kifayət qədər savadlı, dini dərindən bilən kadr potensialı onlarda var. Həm də dövlət qurumu olduğuna görə səlahiyyəti daha böyükdür. İnanıram ki, həm məscidlərə rəhbər təyinatı, həm də nəzir məsələsi sarıdan bu qərarın verilməsi din sahəsində keçirilən müsbət islahatların önəmli hissəsidir və bu, çox doğrudur”. Nəzir ödəmələrinin onlayn şəkildə təşkili barədə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Emin Qasımovun sözlərinə görə isə nəzir ödəmə sistemləri onlayn alış-veriş sistemlərindən fərqlənməyəcək. “Ödəmə sistemləri ianələri müəyyən bir bankın hesabına mədaxil edəcək. Ödənişlər tam şəffaf formada reallaşacaq. Sui-istifadə və ya kənar hesablara köçürülmə hallarından söhbət gedə bilməz. Artıq bir çox ölkələrdə “nəzir vermək” anlayışına bənzər “Donate” ve “Help” onlayn maddi dəstək xidmətləri var. Bunlara yanğınla mübarizə, müharibədən zərər görənlərə yardım və s. istiqamətləri də aiddir. Koronavirus bəlasından qurtulmadığımızı və pandemiya şəraitində həyatımıza davam etdiyimizi unutmamalıyıq. Onlayn ödənişlər vasitəsilə lüzumsuz təmaslardan, risklərdən qorunub, özümüzün və yaxınlarımızın xəstələnmək ehtimalını minimuma endirəcəyik. İstənilən bank kartları (pensiya kartları daxil olmaqla) vasitəsilə hər hansı bir ödəmə terminalından ianələr etmək mümkün olacaq”. Geri qayıt |