Əsas Səhifə > Partiya, Güney Press > "Fransa yoxsa yenə Ermənistana tərəfkeşlik etmək, turist səfərləri etmək istəyir?"
"Fransa yoxsa yenə Ermənistana tərəfkeşlik etmək, turist səfərləri etmək istəyir?"11-02-2022, 08:42 |
Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın videoformatda görüşü keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də qatıldığı görüşdə Brüssel gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında humanitar məsələlər, etimad quruculuğu, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər gündəmə daşınıb. Müzakirələrdə “Dağlıq Qarabağ münaqişəsi” qeydi olmayıb, ümumiyyətlə, Qarabağın adı çəkilməyib. Bu, o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb. Deməli, Fransa postmünaqişə dövrü gerçəkliyini qəbul etmək yolundadır və bu gerçəkliyə hər hansı ad altında müqavimət göstərmək iqtidarında deyil. Fransa prezidenti bu gerçəyi Moskvada Vladmir Putinlə görüşündə də anladı. Gözlənildiyi kimi, Putin Makronla görüşdə Azərbaycan-Ermənistan münasibətlərini də müzakirə edib. Belə ki, öz çıxışında Qarabağdakı sülhməramlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirən Rusiya dövlət başçısı bildirib ki, Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar. Bununla da Putin ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransaya, eləcə də Amerikaya bildirmiş oldu ki, Qarabağda bir vasitəçi var, ola bilər, o da Rusiyadır. Putinin “Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdırlar” sözləri isə tamamilə Prezident İlham Əliyevin fikirləridir, desək, yanılmarıq. 44 günlük müharibə ilə 30 illik işğala son qoyulduğu üçün hər hansı bir münaqişənin söhbət mövzusu olmadığını az qala hər çıxışında qeyd edən Azərbaycan Prezidenti bununla da Minsk Qrupunun “münaqişənin həlli” ilə bağlı regionda hər hansı bir məsələdə iştirakının da artıq mümkünsüz olduğu, geridə qalan illər ərzində “missiyalarının” öhdəsindən gələ bilmədikləri barədə dediklərinin təsdiqi idi. Putin bu açıqlaması ilə 10 noyabr üçtərəfli bəyanatından sonra Minsk Qrupunun fəaliyyətinin formal xarakter daşıdığına işarə edib. Kreml sahibi eyni zamanda Qərbə bir daha xatırlatmış oldu ki, artıq “Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” deyilən bir şey qalmayıb, ona görə Minsk Qrupu regionda iştirak etmək istəyirsə, burada yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində fəaliyyətdən söhbət gedə bilər. Fransa bu gerçəyi qəbul etmək və Azərbaycanla, Qarabağla bağlı siyasi münasibətlərində ciddi korrektələr etməlidir. Rəsmi Parisin 44 günlük savaş dönəmində tutduğu anormal mövqeni təbii ki, unuda bilmərik. Azərbaycan dövlət başçısının qətiyyətli mövqeyi Fransanı ermənipərəst mövqeyindən geri çəkilməyə vadar etdi. Ancaq sonrakı dönəmlərdə, elə ötən ilin sonlarında Fransa prezidentliyinə namizədlərdən birinin Qarabağa qanunsuz səfəri və rəsmi Parisin bu təxribata adekvat reaksiya verməməsi də əlaqələrə kölgə salan addımlardan idi. Ancaq rəsmi Bakının qətiyyətli mövqeyi və prinsiplərindən geri çəkilməməsi sonda öz sözünü deməkdədir. Üstəlik, Fransanın Aİ rəhbərliyində təmsilçiliyi ona Azərbaycanla münasibətdə “Ermənistanın böyük bacısı” statunda çıxış etməyə imkan vermir, əks halda, Bakı-Aİ münasibətlərinə xələl gələ bilər. DİA.AZ-ın məlumatına görə, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, artıq dünyanın əksər ölkələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallığı qəbul ediblər: “Zaman-zaman Fransa Ermənistanın xeyrinə bir sıra addımlar atmağa cəhd etsə də hər dəfə bu addımlar uğursuzluğa düçar olur. Son görüşlərdə də Fransaya bir daha izah olundu ki, artıq geri dönüş yoxdur. Fransa da Azərbaycanın yaratdığı reallıqla barışmalıdır. Fransa son görüşlərə kimi Avropa İttifaqına sədrlik edən ölkə kimi nəyəsə nail olacağını düşünürdü. Ancaq baş verənlər göstərdi ki, bütün cəhdlər əbəsdir. Artıq Dağlıq Qarabağ münaqişəsi termini tarixin arxivinə qovuşub”. ATƏT-ə gəldikdə isə, C.Məmmədov hesab edir ki, bu qurum yalnız humanitar və sosial-iqtisadi problemlərin həlli istiqamətində prosesə töhfə verə bilər: “30 il o dövrdəki münaqişəyə töhfə verə bilməyən qurum bu gündən sonra hansı ”yeni" töhfəni vermək istəyir. Yoxsa yenə Ermənistana tərəfkeşlik etmək, turist səfərləri etmək istəyir? Artıq həmin dövr bitib. ATƏT yalnız yuxarıda qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirə bilər. Prosesə yenidən başlamaq yox, Azərbaycanın yaratdığı reallığın qəbul olunması istiqamətində səylər davam etdirilməlidir. Azərbaycan bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Bu ideologiyanın daha böyük planları var idi. Ancaq Azərbaycan öz gücünə məsələni həll etdi". Belə olan təqdirdə, hansı qənaətə gəlmək olar: Fransadakı növbəti prezident seçkilərindən sonra vəziyyət Azərbaycanın əleyhinə dəyişə bilərmi? C.Məmmədov: “Hesab edirəm kimin prezident seçilməsindən asılı olmayaraq, diasporanın fəaliyyətini nəzərə alsaq, bu dəstək hər zaman olacaq. Ancaq bu, Azərbaycanın yaratdığı yeni reallığı dəyişə bilməyəcək. Müəyyən cəhdlər və təzyiqlər olsa da Azərbaycan məqsədlərinə doğru qətiyyətlə addımlamağa davam edəcək. Nə Ermənistan, nə də Fransa boş yerə vaxt itirməsinlər. Əməkdaşlıq və sülh müqaviləsinin imzalanması barədə düşünsünlər”. QAT sədri Akif Nağı da mövcud situasiyadan məmnundur: “Azərbaycan rəhbərliyi konkret reallıqdan çıxış edərək , mövqe sərgiləyir. Eyni zamanda hansı dövlətlə necə danışmağın da yolunu artıq tapmışıq. Ən əsası isə odur ki, heç bir dövlət və ya beynəlxalq qurum bizimlə diktat dilində danışa bilmir. İran, Fransa belə cəhdlərdə bulundular, istədikləri nəticəni almadıqlarına, sərt təpki gördüklərinə görə ”yumşaldılar". Hətta ABŞ da əvvəl-əvvəl sərt şəkildə “status məsələsi”ni qoyurdu, indi artıq o, məsələnin üstündən sükutla keçməyə üstünlük verir. Məncə, Brüssel görüşü bir çox məsələlərə aydınlıq gətirdi. Orada heç bir “həll” məsələsi müzakirə olunmadı, nəqliyyat, yol, sülh müqaviləsi, sərhədlərin delimitasiyası kimi məsələlərdən danışıldı. Bunlarla bağlı isə Azərbaycanın mövqeyi əsas götürüldü". A.Nağının sözlərinə görə, Ermənistanın baş naziri Paşinyanın ölkə parlamentindəki son çıxışı da göstərir ki, ermənilər bütün məsələlərdə yumşalma yolunu tutublar: “Rusiya prezidentinin sözləri də təsadüfi deyil, həm öz istəklərini dilə gətirir, həm də Azərbaycanın mövqeyi ilə hesablaşdığını göstərir. Bu, həm də Azərbaycan, Türkiyə, Rusiyanın birgə fəaliyyətindən, vacib məsələlərdə əməkdaşlıqlarından xəbər verir. Bu üç ölkənin regionla bağlı razılaşdığı istənilən məsələ digər dövlətlər tərəfindən də qəbul edilir. Bu, artıq ciddi bir normaya çevrilməkdədir”. QAT sədri də Fransadakı seçkilərdən sonra vəziyyətin indikindən fərqli olmayacağını düşünür: “Əlbəttə, vəziyyət dəyişməyəcək. Bu reallığı hamı qəbul edir. Böyük ehtimalla, Makron yerində qalacaq. Onun elə də ciddi rəqibləri yoxdur. Hətta başqası seçilsə də, Azərbaycanın mövqeyi ilə hesablaşmalı olacaq”. Politoloq İlyas Hüseynov da hesab edir ki, fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın videoformatda keçirilmiş görüşü regionda sülh quruculuğu baxımından çox önəmli idi: “Bununla yanaşı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də görüşə qatılmışdı. Keçirilmiş görüşdə humanitar məsələlər, etimad quruculuğu, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər danışıqlar predmetinə çevrilmişdi. Şarl Mişelin 2021-ci ilin yayında regiona səfəri zamanı da bir sıra önəmli məsələlər müzakirə olunmuşdu. Nəzərə almaq lazımdır ki, Fransa prezidenti Emmanuel Makron dördtərəfli görüşə ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, Avropa İttifaqında sədrliyi həyata keçirən dövlətin başçısı kimi qatılmışdı. Moskva, Soçi və Brüssel görüşündən sonra 4 fevral görüşü siyasi dialoqun davam etdirilməsi, tərəflər arasında etimad atmosferinin gücləndirilməsi nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb edirdi”. İ.Hüseynov qeyd etdi ki, Ukrayna ətrafında yaranan böhranın aradan qaldırılmasını hədəfləyən Putin-Makron görüşündə də Cənubi Qafqazda baş verən proseslərin müzakirə olunduğunun şahidi olduq: “Müşahidələrimiz bunu göstərir ki, Fransa tərəfi postmünaqişə dövrünün gerçəkliyini qəbul etməkdədir. Fransa prezidenti Makron bu reallığı Moskvada Rusiyanın prezidenti Vladmir Putinlə görüşdə bir daha anladı. Digər tərəfdən, qeyd edək ki, Qarabağla bağlı Putin-Makron təmasları tez-tez keçirilib. Hətta hər hansısa ”yol xəritəsi" ilə bağlı fikirlər də mövcuddur. Putin-Makron görüşündə Rusiyanın dövlət başçısı Putinin "Minsk Qrupunun həmsədrləri regionda humanitar və sosial-iqtisadi problemlərlə məşğul olmalıdır" tezisi ilə rəsmi Bakının mövqeyi üst-üstə düşür". Ekspert hesab edir ki, artıq fundamental problemlər ATƏT-in Minsk Qrupunun inhisarından kənarda qalıb və bu, yeni reallıqdır: “Bu reallığı 10 noyabr bəyanatı da nümayiş etdirir. ATƏT-in Minsk Qrupu öz funksiyalarını icra edə bilmədiyi üçün siyasi deqradasiyaya və ya iqtisadi terminlə ifadə etsək, kəskin inflyasiyaya uğradı”. Geri qayıt |