Əsas Səhifə > Partiya, Güney Press > Ramiz Mehdiyev "cib müxalifəti" dedi, onlar isə...

Ramiz Mehdiyev "cib müxalifəti" dedi, onlar isə...


12-02-2022, 09:24
Ramiz Mehdiyev "cib müxalifəti" dedi, onlar isə...
DİA.AZ: - Milli Cəbhə Partiyası AMEA-nın Mətbuat Xidmətinin adından yayımlanan, əslində isə akademiyanın prezidenti Ramiz Mehdiyevin özünə məxsus olan məlumatı dövlətçilik maraqlarımıza zidd, xalqın milli birliyinə xələl gətirən və bir çox başqa yönlərdən təxribat yaratmağa cəhd kimi qiymətləndirir.

Partiyanın mətbuat xidmətindən DİA.AZ-a daxil olan bəyanatda qeyd olunur ki, əvvəla həmin yazı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin tənqidə (özü də məhz haqlı tənqidə!) son dərəcə dözümsüz olmasını göstərir:

“Onun barəsində edilən tənqidlər əsasən, akademiyaya rəhbərlik etdiyi dövrləri əhatə edirdi, hətta tənqidçilərin arasında həmin elm ocağının alimləri, professorları da var.

Ramiz Mehdiyev bəzi deputatları "saxta deputat", siyasi partiyaları "cib müxalifəti" ifadələri ilə hədələyərkən əslində özünü ifşa edib. Ona gorə ki, həmin termin və ifadələr həmişə ölkədə sabitliyi pozmağa çalışan, xarici pozucu qüvvələrə alət olan radikal zümrə tərəfindən dilə gətirilirdi. Artıq bu gün o ifadələrin və ehtiva etdiyi mahiyyətin məhz Ramiz Mehdiyevin dilindən deyilməsi, məsələnin mənbəyinin onun özü olmasını sübut etdi.

Onun indi "cib müxalifəti", "avtobus müxalifəti" adlandırdığı partiyalar 44 günlük Qarabağ savaşında dövlətin yanında olan, dövlətin, xalqın strateji maraqları naminə əməli şəkildə birlik nümayiş etdirən qüvvələrdir. Ramiz Mehdiyev bu partiyalara hücum etməklə, onların dövlət maraqları naminə lazım gələndə iqtidarla dialoqa getməsini öz şəxsi hikkəsi ilə "fəlakət" hesab edir.

Etiraf etməsə də, həmin yazı onun özünə məxsusdur və akademiyaya topladığı, elmdən uzaq kadrların qeyri-peşəkarlıqla, tələsik guya Mətbuat Xidmətinin adı ilə yayımladığı səriştəsiz özünüifşa mətnidir.

Ramiz Mehdiyev bu ölkədə ən yüksək vəzifələrin birində uzun illər işləyib, necə deyərlər qılıncının qəbzəsinin də kəsən vaxtlar olub. Amma bu illər ərzində bircə dəfə xalqın səsinə səs verməyib, xalqın arasında olmayıb, hətta yazılan minlərlə yalvarış ərizələrinə, müraciətlərə belə cavab verməyib. Həmişə məzlum və çarəsiz təbəqədə xof, qəzəb, qorxu abu-havası yaradıb”.

“Uzun illər Prezident Administrasiyasında rəhbər vəzifəsində çalışsa da, onun fəaliyyəti xalqın rifahının yüksəlməsinə deyil, özünün, yaxınlarının və qohumlarının rifahına xidmət edib. Ramiz Mehdiyev vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan sui-istifadə edərək ölkədə bürokratik sistemi gücləndirib, gənclərin sıxışdırılmasına və dövət başçısı ilə xalq arasında uçurum yaranmasına bilavasitə səbəb olub. Onun akademikliyi, yazdığı kitablar, məqalələr də vəzifə imkanları hesabına əldə edilib. Bunu onun yayımladığı sözü gedən yazısı qeyd-şərtsiz sübut edir. Çünki həqiqi elm sahibi, əsl alim qətiyyən o fikirlərə sahib olmaz, imza atmazdı. Bu gün saxtakarlıqdan danışan Ramiz Mehdiyev siyasi sistemdə saxtakrlığı öz üzərində tətbiq etmiş şəxsdir.

"Saxta deputat" ifadəsi ilə dağıdıcı, dövlət əleyhinə olan, xaricdən mayalanan qüvvələrin dili ilə danışır, bir növü parollarla dövlətə qarşı təhdid nümayiş etdirir, mesaj verir. "Rus dilli məktəblər" mövzusuna toxunaraq ona qarşı olan iddiaları zahirən boynundan atmaq cəhdi göstərsə də, əslində haradan güc aldığının işarəsini verir. AMEA-nın alimlərinin onu istefaya çağırmasına baxmayaraq öz vəzifəsini şərəfindən üstün bilir. AMEA-da elmin inkişafına deyil, yalnız cılız siyasi oyunlarla məşğul olaraq elm mərkəzini siyasi təsir rıçaqına, öz şəxsi maraqlarının alətinə çevirib.

Ramiz Mehdiyev işlətdiyi bir çox ifadə və fikirlərlə, "saxta deputat", "cib müxalifəti", "avtobus müxalifəti" kimi təbirlərlə nəinki müxalifət və iqtidara qarşı, hətta dövlətə və dövlətçiliyə qarşı müxalifətə olduğunu bariz nümayiş etdirir və xalqın, dövlətin elm ocağından səngər, qalxan qismində istifadə edir.

Akademiyadan uzaqlaşdırdığı alimləri guya yeyintidə ittiham edərək həbs etdirməklə qorxudur və təsir altına salmaq üçün şantaj edir.

O, əvvəlki vəzifəsində icra başçılarına və böyük ranqlı məmurlara qarşı istifadə etdiyi sovet metodlarını indi də akademiyadakı işçilərinə qarşı sınaqdan keçirmək istəyir.

Heç də təsadüfi deyil ki, işğalda olan torpaqlar məhz onun Prezident Administrasiyasının rəhbərliyindən uzaqlaşdırılmasından sonra baş verdi. Heç də təsadüfi deyil ki, rüşvətxor nazir və icra başçıları məhz Ramiz Mehdiyevin aparat rəhbərliyindən getməsindən sonra məsuliyyətə cəlb edildi, təmizləndi. Bu faktlar kifayət edir ki, korrupsiyanın, vəzifə saxtakarlığının, məmur özbaşınalağının himayədarı kim imiş...

Hesab edirik ki, Ramiz Mehdiyevin AMEA-nın resurslarını özünün şəxsi maraq və hikkəsinə alət etməsi, siyasi partiyaları, deputatarı təhqir və təhdid etməsinin kökündə təxribat və dövlətçilik, milli birlik mövzusunda onun dağıdıcı mənafeyi durur. Vaxtilə onun məhz özünün küncə sıxıb min cür məşəqqətlərə məruz qoyduğu, inkişafına imkan vermədiyi, xalqa, dövlətə fayda verməsinə əngəl törətdiyi qurumlar, partiyalar, ziyalılar indi onu tənqid edəndə dözümsüzlük göstərməsi anlaşılan deyil” - deyə bəyanatda bildirilir.

Geri qayıt