Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu “ADP hakimiyyətə işləyir” fikrinə münasibət bildirdi:

Sərdar Cəlaloğlu “ADP hakimiyyətə işləyir” fikrinə münasibət bildirdi:


14-02-2022, 11:12
Sərdar Cəlaloğlu “ADP hakimiyyətə işləyir” fikrinə münasibət bildirdi:
“Azərbaycan Demokratik Partiyasının (ADP) Avstriyada yaşayan Qasımovlar ailəsi ilə əlaqəsi yoxdur, biz onları ümumiyyətlə tanımırıq. Sadəcə olaraq, bizim İkinci Qarabağ müharibəsində tutduğumuz mövqeni də bəhanə edərək ADP-ni ittiham edirlər. Biz bu gün məsələni müzakirə edəcək və Avstriya hökumətinə etirazımızı bildirəcəyik. İmkanımız olacaq təqdirdə isə həmin iddianı səsləndirən təşkilatı məhkəməyə verəcəyik, çünki mövqeləri ədalətli və subyektiv deyil”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında ADP-nın sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, mühacirlərin kimliyinin araşdırılması ilə bağlı belə bir təcrübə var: xaricdən müxtəlif QHT təşkilatlarına müraciət edilir və belə təşkilatlar da müəyyən bilgiləri həmin xarici qurumlara ötürürlər: “Görünür, həmin məlumat da bizə mənfi münasibətdə olan QHT tərəfindən verilib. Yoxsa, Avstriyanın müvafiq idarəsi Azərbaycanda hansı partiyanın nə işlə məşğul olduğunu, kimə işlədiyini nə bilir?! ADP-nin Azərbaycan hakimiyyətinin yanında olmadığını isə ölkədə hər kəs bilir. Biz yalnız 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad olunması, "5-ci kolon"un ölkədən təmizlənməsi, eləcə də demokratiyanın inkişaf etdirilməsi kimi məsələlərdə iqtidarın atdığı addımları dəstəkləyirik. Bu, iqtidarın yanında olmaq mənasını vermir”.

S.Cəlaloglumun sözlərinə görə, belə iddialar partiya üzvlərinin şəxsi qaydada işgüzar nüfuzuna zərbə vurur: "Həmçinin partiyanın imicini zədələyir. Amma təkrar edirəm, Avstriyanın rəhbər orqanlarına ötürülən məlumatlar Azərbaycanda gedən mühacirlər barədə ekspert kimi çıxış edib şərh edənlərin fikirləridir".

Qeyd: Avstriya Federal İnzibati Məhkəməsi orada yaşayan Qasımovlar ailəsinin siyasi sığınacaq tələbini rədd edərək, onların Azərbaycana deportasiyasına qərar verib. Bu qərar onların üzvü olduğu iddia edilən Azərbaycan Demokrat Partiyası ilə əlaqələndirilib. Qeyd edilib ki, ADP əsl müxalifət partiyası deyil, hakimiyyətə işləyir və onun üzvləri repressiyalardan qorxmamalıdır, yəni nə həyat yoldaşları, nə də onların övladları təhlükə altında deyil.

Geri qayıt