Əsas Səhifə > Partiya, Güney Press > "Beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq edilməlidir"

"Beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq edilməlidir"


15-02-2022, 08:18
"Beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq edilməlidir"
Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər” hesabatının təqdimat mərasimi keçirilib. Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib. Tədbirdə çıxış edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu xarici donorlarla əməkdaşlığın vacib olduğunu vurğulayıb: “Vətən müharibəsi dövründə Solovyovun qarşısına çıxmağa jurnalist tapa bilmədik. Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin və beləliklə də xaricdə tədbirlərə qatılmasının qarşısı alınıb.

Bizim bəzi QHT rəhbərləri xarici donorlardan əldə etdikləri pula yalnız ev, kostyum alırlar, dövlətə qarşı fəaliyyət aparmırlar. Heydər Əliyevin dönəmində Azərbaycanda bir sıra xarici donorlar vardı, onlarla əməkdaşlıq edilirdi. Onlar sonra ölkədən çıxarıldı. Bu xarici donorlarla işləmək, onların imkanlarından Azərbaycanın maraqları üçün istifadə etmək lazım idi. QHT-lərə imkan verin, xarici donorlarla işləsin”. DİA.AZ xəbər verir ki, N.Cəfəroğlunun təklifi ilə razı olduğunu deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında dövrə uyğun tələblərin dəyişdiyini bildirdi:

- “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna 2014-cü ildə dəyişiklik edildi, vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdı. Amma bu, o zaman üçün (2009-13-cü illər) zəruri hesab edilə bilərdi. Qanuna dəyişiklik edilməsi ozamankı situasiyaya adekvat idi. Bilirsiniz ki, o dönəmdə prezident seçkilərinə xaricdən müdaxilə cəhdləri var idi, hətta Azərbaycan vətəndaşı olmayan şəxsin namizədliyi irəli sürülürdü. Bəzi xarici fondların Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd fəaliyyəti barədə dövlət orqanlarında əsaslı şübhələr vardı. Bəzi beynəlxalq təşkilatlar ölkə daxilində gərginlik yaratmaq üçün iş aparırdılar. Vəsaitlər eyni QHT-lərə verilirdi. Həmin QHT-lər də bu qrantlardan şəxsi əmlaklarını genişləndirmək üçün istifadə edirdilər. Vəsaitlər təyinatı üzrə istifadə olunmurdu. Bir QHT rəhbəri ayrı-ayrı beynəlxalq fondların ayırdığı vəsaiti şəxsi depozitə çevirmişdi. 39 bank kartına malik idi. Bununla bağlı hüquq-mühafizə orqanları konkret faktlar ortaya qoydu. Lakin bir sıra QHT-lər barədə yanlış, şişirdilmiş məlumatlar da verilirdi. Belə bir vəziyyət dövləti müəyyən addımlar atmağa vadar etdi. Və bu addımlar dövrün şərtlərinə hesablanmışdı.

Ə.Nuriyev qeyd etdi ki, amma zaman keçdi və indi vəziyyət fərqlidir. Ötən müddət ərzində vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı konstruktiv təkliflər səslənib:

- Vətəndaş cəmiyyətinin inkişafını, ictimai nəzarət institutlarının səmərəli fəaliyyət göstərməsini istəyiriksə, beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq edilməlidir. Bunsuz vətəndaş cəmiyyətinin sürətli inkişafı mümkün olmayacaq. Düzdür, hazırda milli donorlar var, QHT-lərə Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir. Lakin bu, ümumilikdə vətəndaş cəmiyyətinin ehtiyaclarının ödənməsi üçün kifayət deyil.

Vətəndaş cəmiyyəti faktiki çətinlik çəkir. Konstitusiya Araşdırmaları Fondu da mövcud qanuna dəyişikliklər layihəsi hazırlayıb. Vətəndaş cəmiyyəti mühitinin yaxşılaşması üçün səslənən təkliflərə baxılmalıdır. Onsuz da bu gün ölkəyə müxtəlif adlar altında vəsaitlər daxil olur.

Hər il təkcə bir donor tərəfindən ölkəyə 1 milyondan artıq vəsait daxil olur. Amma bu vəsaitin hara, necə xərclənməsi haqda heç bir məlumat verilmir. Layihəni hansı təşkilatlar alır, nə iş görürlər, bilinmir.

Hazırda Azərbaycan dövləti özünün ən yüksək siyasi stabillik, strukturlaşma dövrünü yaşayır. Azərbaycan dövləti artıq oturuşmuş, möhkəm dayaqlara malik, həm də qalib bir dövlət kimi hər hansı xarici müdaxiləyə, təhdidlərə qarşı dayanmaq gücündədir.

Bunu nəzərə alaraq hesab edirəm ki, beynəlxalq fondlarla əməkdaşlıq məsələsinə yenidən baxılmalıdır. Bu, həm vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini aktivləşdirər, həm də beynəlxalq arenaya yeni, daha geniş çıxış imkanları əldə edilər. Hesab edirəm ki, QHT-lərin xarici donorlarla əlaqələr qurmasına imkan yaradılmalı, QHT-lərin beynəlxalq platformalarda iştirakı təmin edilməlidir.

Bu, həm işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə, həm də sülh prosesinə töhfə verər. Vətən müharibəsində dövlətə, xalqa bağlılığını sübut etmiş vətəndaş cəmiyyəti təmsilçilərinin, məncə, buna haqqı çatır.

Geri qayıt