Əsas Səhifə > Partiya, Güney Press > "Yük maşınlarımız öz torpaqlarımızdan geri qaytarılır"

"Yük maşınlarımız öz torpaqlarımızdan geri qaytarılır"


18-02-2022, 08:06
"Yük maşınlarımız öz torpaqlarımızdan geri qaytarılır"
Media və sosial şəbəkələrdə yayılmış bir xəbər ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Xəbərə görə, Suqovuşandan Kəlbəcər rayonuna “sülhməramlılar”ın müşayiəti ilə yük aparan sürücülərimiz erməni silahlılarının “yoxlamasından” keçə bilməyib. Nəticədə yük maşınları geri qayıtmağa məcbur olub. 40 nəfərdən ibarət olan erməni silahlılarının “sülhməramlıların” sözünə belə əhəmiyyət vermədiyi deyilir.
Halbuki, razılaşmaya görə, Rusiya sülhməramlılarının vəzifəsi yük maşınlarının təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət etməkdir, maşında aparılan yükün nə olduğunu yoxlamaq deyil. Tutaq ki, maşında tank, top, silah aparılır, axı bu yük başqa ölkənin deyil, Azərbaycanın öz ərazisində daşıdığı öz yüküdür. Necə olur ki, Laçın dəhlizi vasitəsilə Ermənistandan və digər ölkələrdən Azərbaycana keçən yük və minik maşınları, insanlar səthi yoxlanılıb əraziyə buraxılır, amma Azərbaycanın öz ərazisində daşıdığı öz yükünü həm Rusiyanın, həm də separatçı rejimin polisi yoxlayır? Yoxlamanın hədəfi nədir, nəyi axtarırlar və qanunsuz olan nədir ki, onu axtarırlar? Biz öz ərazimizdə istədiyimiz yükü daşıya bilərik, Rusiya sülhməramlılarının vəzifəsi o yükün təhlükəsiz daşınmasını təmin etməkdir. Rusiya “sülhməramlıları”nın Qarabağdakı separatçı rejimin mövcudluğunun əsas təminatçısı olduğu bəllidir. Göründüyü kimi ara-sıra qondarma rejimin “legitimliyini” isbatlamaq üçün bu cür “nümunələrdən” də istifadə edirlər. Öz “sülhməramlılarını” Qarabağ ərazisinə yerləşdirən Moskva nəzarət etdiyi ərazilərə Azərbaycan dövlətinin təsirlərini maksimum azaltmaq siyasəti güdür. Problemin yaxın zamanda həll olmayacağını nümayiş etdirir. Təhlükəli məqamlardan biri də Qarabağda süni olaraq ruslaşdırma cəhdlərinin müşahidə olunmasıdır. İlk dəfə rus dilinin Qarabağda ikinci rəsmi dil kimi qəbul etdirilməsi, rus provaslav kilsəsinin Xocalıda tikilməsi, Rusiya ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması bunun təsdiqidir. DİA.AZ-ın məlumatına görə, narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, təxribat aktlarının qarşısı sərt şəkildə alınmadıqca, ermənilər getdikcə daha da həyasızlaşacaq. Partiya rəhbəri bildirib ki, erməni quldurları artıq rus “sülhməramlıları”na da məhəl qoymur:

“Erməni silahlıları özləri yol kəsirlər, “yoxlamalar” aparırlar. Problem ondadır ki, “sülhməramlıların” və separatçıların özbaşına hərəkətlərinə, qanunsuz addımlarına rəsmi qaydada sərt reaksiya verilmir. Xatırlayırsızsa, bir müddət əvvəl separatçılar rus “sülhməramlıları” ilə birgə maşınlarımızın yoxlanmasında iştirak etmişdi. İctimai narazılıqdan sonra xəbər yayıldı ki, guya, Rusiya sülhməramlıları bunun bir daha təkrarlanmayacağına söz veriblər. Ruslar nəinki sözlərində durdular, əksinə, daha betər təxribatlara şərait yaratdılar. Əgər bu gün yük maşınlarımızın öz torpağımızda geri qayıtmasından danışırıqsa, deməli, ciddi ölçü götürməyin vaxtıdır. Ərazilərimizdə nəzarəti tam olaraq əlimizə almalıyıq. 10 noyabr üçtərəfli bəyanatın bəndləri sənədə imza atıldığı ilk gündən pozulub. Erməni hərbi birləşmələri hələ də bölgədən çıxarılmayıb. Rusiyaya xəbərdarlıqla iş bitmir. Dərhal anti-terror əməliyyatlarına başlamalıyıq”.

A.Əlizadə vurğulayıb ki, gözümüzün önündə separatçıların gücləndirilməsi üçün hər cür addım atılır:

“Səngər söhbətindən sonra xəbər yayılır ki, erməni tərəfi yazda torpaqlarımıza hücuma hazırlaşır. Rəsmi qurumların məsələyə yanaşması və cavabı çox sərt, adekvat olmalıdır. Ötən gün Baş Prokurorluq məlumat yaydı ki, baş separatçı Araik Arutyunyanun həbsinə hazırlıq gedir. Bu açıqlamadan sonra Arutyunyan başına torba keçirilərək Bakıya gətirilməlidir. Ancaq əməli addımlarla separatçıların təxribatlarının qarşısını almaq və onları zərərsizləşdirmək mümkündür. Əks halda daha ciddi hadisələrlə üzləşəcəyik”.

Geri qayıt