Əsas Səhifə > Partiya, Güney Press > "Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin"

"Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin"


19-02-2022, 09:12
"Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin"
“ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format olaraq qalır”. Bu barədə Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə srağagün açıqlanan hesabatında deyilir.

Sənəddə “regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Aİ, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştirak etməyə” çağırılır.

Hesabatda (42-ci maddə) deyilir: “ATƏT-in Minsk Qrupu bu münaqişənin ərazi bütövlüyü, güc tətbiq etməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”.

Eyni zamanda MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır. Yəni, sanki bu sənədi bir erməni hazırlayıb...

Bəs görəsən, hansı “Dağlıq Qarabağ” konfliktindən, hansı “3 prinsip”dən və öz müqəddəratı təyinetmədən, hansı “hərbi əsirlər”dən söhbət gedir? Azərbaycanda artıq heç “Dağlıq Qarabağ” adında inzibati ərazi vahid yoxdur. Yəni doğurdanmı bu qurumda beynəlxalq hüquqa sayğılı bircə deputat da qalmayıb?

Xatırladaq ki, sənədin əsas müəllifi Fransadan olan deputat Natali Luazodur.

Bütün hallarda rəsmi Bakı bu sənədə reaksiya verməlidirmi? Artıq ermənilər sevincək şəkildə əllərini-əllərinə sürtməyə başlayıblar ki, bəs, bu İrəvanın ciddi diplomatik uğurudur və uzun fasilədən sonra Minsk Qrupu məsələsi, öz müqəddəratı təyinetmə tələbi yenidən gündəmə gəlir. Belədirmi? DİA.AZ-ın məlumatına görə, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatı mövcud reallıqlar nəzərə alınmadan hazırlanıb, qərəzlidir və beynəlxalq hüquqa ziddir: “Eyni zamanda, ATƏT-in əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütölüyü prinsipləri ilə uzlaşmır. Hesabatda əksini tapan müddəaların hər biri beynəlxalq hüquqa görə heç bir problem olmayan yerdə yenidən problem yaratmaq cəhdləridir. Üstəlik yaradılacaq mümkün problemi bəhanə edərək müstəqil dövlətlər üzərində təzyiq qurmaqla Cənubi Qafqazda yenicə formalaşmaqda olan sülh və təhlükəsizliyi təhdid etməkdir. Sənəddə adı çəkilən və artıq həll edilmiş Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format kimi göstərilən ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi problemi Azərbaycan 44 gündə həll etdi. Bu gün Azərbaycan ərazisində nə Dağlıq Qarabağ adlı qurum, nə də o adda münaqişə var. Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin. Avropanın düz gözünün önündə bir Avropa ölkəsinin ərazi bütövlüyü pozulub, süveren hüquqları tapdalanıb. Biz postmüharibə dövründə tez-tez Ermənistanda olan revanşitlərdən, radikallardan danışaraq onların baş qaldırmasının təhlükəli olduğunu bildiririk. Ancaq unutmamalıyıq ki, elə Avropada da beynəlxalq hüququ, dövlətlərin süveren hüquqalarını, ərazi bütövlüyünü gözardı edən reavanşistlər və radikallar var. Onlardan biri də qəbul etdiyi qərəzli hesabatı ilə Avropa Parlamentidir. Bu hesabat beynəlxalq hüququ terrorizə edən təxribatdır. Fransalı parlamentarinin təşəbbüsü ilə qəbul edilməsi də təsadüfi deyil. Çünki 44 günlük müharibə dövründə Fransa Prezidenti də ən qatı erməni radikalı kimi bəyanatlar verirdi. Ona görə də bu sənəd beynəlxalq müstəvidə dünya erməniçiliyinin və islamafob mərkəzlərin Azərbaycana qarşı, eyni zamanda beynəlxalq hüquq və sülhə qarşı hazırladıqları minadır və Azərbaycan zəifəyən kimi onu partlatmağa hesablanıb. Biz bütün bunları nəzərə alaraq qəti əks addımlar atmalı və daima güclü olmağı bacarmalıyıq”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Avropa Parlamentinin ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format sayması bizi təəccübləndirməməlidir: “Çox təəssüf ki, reallıq bundan ibarətdir. Hətta bizə dost olan, yaxud, belə hesab etdiyimiz dövlətlər də heç vaxt qəbul edə bilməyəcəyimiz mövqe sərgiləyirlər və Minsk Qrupunun ”Qarabağ münaqişəsinin" həllində aktiv mövqe tutmasını tələb edirlər. Baxmayaraq ki, Azərbaycan Prezidenti ilin əvvəlində yerli televiziyalara müsahibəsində qəti şəkildə bəyan etdi ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik.

Hərbi əməliyyatlar bitəndən dərhal sonra dövlət başçımız cəsarətlə bu mövqeni ortaya qoysa da dünya güclərinin müqaviməti davam edir. Aydındır ki, Azərbaycan təkbaşına, hətta Türkiyə ilə birlikdə də bu güclərə qarşı dura bilməz. Bizim mövqeyimizi gücləndirən məqamlar barədə Azərbaycan prezidenti həmin müsahibəsində danışaraq dedi ki, “indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın əsas ümidləri məhz onunla bağlıdır ki, Rusiya digər iki həmsədrdən tam fərqli mövqe tutur və danışıqlara Minsk Qrupunu yaxın buraxmaq istəmir: “Üstəlik, prezidentimiz ötən ilin iyul ayında bəyan etdi ki, bu məsələdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur. Təbii ki, məhz bu amil son nəticənin istədiyimiz kimi olacağına ümidlərimizi artırır. Ancaq o da aydındır ki, bizi qarşıda uzun sürən, ağır mübarizə gözləyir. Arxayınlaşa bilmərik və hətta arxayınlaşmaq istəsək də erməni havadarları bizə bu imkanı verməyəcəklər”.

A.Səmədov güman edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi həm Avropa Parlamentinin bu hesabatına, həm də ilin sonunda ABŞ prezidentinin imzaladığı “Milli müdafiə haqqında” qanunda yer almış dəhşətli iddialara öz münasibətini mütləq bildirməlidir.

Geri qayıt