Əsas Səhifə > Partiya, Güney Press > “Bu Bəyannaməni tənqid edən partiya rəhbərlərinin ağlı haradadır?”

“Bu Bəyannaməni tənqid edən partiya rəhbərlərinin ağlı haradadır?”


24-02-2022, 08:28
“Bu Bəyannaməni tənqid edən partiya rəhbərlərinin ağlı haradadır?”
İlham Əliyev və Vladimir Putin “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

Sənədlə bağlı müxtəlif fikirlər səsləndirilir. “Moskva Bəyannaməsi”nin tərəfdarları olduğu kimi, əleyhdarları da var. DİA.AZ xəbər verir ki, politoloq Zərdüşt Əlizadə fikirlərini Cebhe.info ilə bölüşüb.

- Zərdüşt bəy, sənədi necə qiymətləndirirsiniz?

- Mən bu sənədi çox yüksək qiymətləndirirəm. Azərbaycan ətrafındakı qonşular və böyük dövlətlərlə müttəfiqliklə bağlı sənədlər imzalayıb. Artıq ölkəmizlə Türkiyə və Rusiya arasında müttəfiqlik haqqında bəyannamə imzalanıb. Əgər həmin mətni diqqətlə oxusanız, görəcəksiniz ki, orada Azərbaycanın əleyhinə yarım kəlmə belə yoxdur. Bütün bəndlərdə ümumi sözlər yazılıb və deyilir ki, tərəflər bir-birinə qarşı təhlükə törədən heç bir addım atmayacaq. Əlbəttə ki, bu da çox yaxşıdır. Nəzərə almaq lazımdır ki, Rusiya son 250 ildir ki, bölgədəki ən mühüm oyunçudur və indi də böyük nüfuz sahibidir. Ona görə də Rusiya ilə Azərbaycan arasında bu sənədin imzalanması müsbət hadisədir. Hətta istəyərdim ki, Azərbaycan ilə İran arasında da belə müqavilə bağlansın. Onda ölkəmiz üç tərəfində olan böyük dövlətlə də təhlükəsizlik müqaviləsi imzalanmış olacaq.

- Sizcə Bəyannamədəki hansı bəndlər ölkəmiz üçün daha faydalı olacaq?

- Bəyannamədə separatizmə qarşı birgə mübarizə aparılacağı qeyd olunub. Bu isə o deməkdir ki, Rusiya da Qarabağda separatizmə yer olmadığını başa düşür.

- 11-ci və 32-ci bəndlərlə bağlı bəzi narazılıqlar var. Bununla bağlı nə düşünürsünüz?

- Orada Azərbaycanın əleyhinə olan heç bir bənd yoxdur. Mən sənədi diqqətlə oxumuşam və bəndlərin hamısı xeyrimizədir. Ümumiyyətlə, bu Bəyannaməni tənqid edən partiya rəhbərlərinin ağıl səviyyəsi görün haradadır?

11-ci bənddəki öhdəlik qarşılıqlıdır. Yəni hər iki tərəf etiraz edə və bununla bağlı məsləhətləşmələr apara bilər. Hansısa beynəlxalq təşkilat Azərbaycanda işləmək istəsə, Rusiya deyə bilər ki, həmin təşkilat bizə qarşı məqsədyönlü siyasət apardığı üçün xahiş edirik, onu ölkəyə buraxmayın. Bizdə yəqin ki, qonşumuza düşmən olan təşkilatı ölkəyə buraxmarıq.

32-ci bəndlə bağlı onu deyə bilərəm ki, əgər imkan və zərurət olarsa, Rusiya Azərbaycanda atom elektrik stansiyası tikə bilər. Lakin bu, onun yüz faiz tikilə biləcəyini deməyə əsas vermir. Buna baxmayaraq, ölkəmizdə atom elektrik stansiyasının tikilməsini istəmirəm. Çünki bizim xasiyyətimizdə çox yüksək dərəcədə məsuliyyətsizlik var. Yəni belə bir stansiyanın tikilməsi Azərbaycan üçün təhlükə yarada bilər.

- “Moskva Bəyannaməsi”nin “Şuşa Bəyannaməsi”ni kölgədə qoyacağına dair iddialar var.

- Bu, bağça uşaqlarının münasibətlərinə oxşayır. Yəni Türkiyə ilə dostuq deyə Rusiya ilə dost ola bilmərik? Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə dost olması mümkündür. Bu, qadağan olunub ki? Bütün bunlar çox səfeh və məntiqsiz mövqedir.

- Bu Bəyannamə ərazilərimizdə qalan erməni silahlılarının çıxarılmasında rol oynaya bilər?

- Əlbəttə ki, çox mühüm rol oynayacaq. Hazırda ruslar himayə etdiyi üçün erməni silahlı dəstələri Qarabağda qalmaqda davam edir. Lakin bu müqavilə onların ərazilərimizdən çıxarılmasına təsir edəcək.

Geri qayıt