Əsas Səhifə > Partiya, Güney Press > "Əgər analoji vəziyyətdə Rusiya olsaydı, Azərbaycan yenə də eyni addımları atardı"
"Əgər analoji vəziyyətdə Rusiya olsaydı, Azərbaycan yenə də eyni addımları atardı"28-02-2022, 11:32 |
“Fevralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında keçirilən aksiyanın əsas məqsədi qardaş qırğınına son qoyulmasına dəstək nümayiş etdirməkdir. Faktiki olaraq, iki slavyan dövləti hazırda bir-birinin düşməninə çevriliblər. Ona görə də Bakıda keçirilən aksiyanı da humanitar dəstək kimi qiymətləndirirəm. Hər-halda belə aksiyanın keçirilməsi Rusiyanın əleyhinə deyil. Əgər analoji vəziyyətdə Rusiya olsaydı, Azərbaycan yenə də eyni addımları atardı. İndiki halda isə, ciddi itkilərə məruz qalan əsas tərəf Ukraynadır”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən gün Bakıda Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyası barədə danışarkən deyib. Deputat qeyd edib ki, ölkə vətəndaşları aksiyada tərəfləri yaranmış vəziyyətdən dinc yolla çıxışı üstün tutmağa çağırıblar. “Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə iki dövlət arasında müəyyən müttəfiqlik münasibətləri formalaşdı. Eyni zamanda, Azərbaycan dövlətinin Ukrayna ilə də dostluq münasibətləri var. Azərbaycan Prezidentinin yanvarın 14-də Ukraynaya səfəri zamanı imzalanan müqavilələr də Azərbaycanla Ukraynanın tərəfdaş olduğunu sübut edir. Bugünkü reallıq isə ondan ibarətdir ki, iki slavyan dövləti – Rusiya və Ukrayna arasında müharibə gedir. Yəni, Rusiya və Ukrayna münasibətləri ən mürəkkəb dövrünü yaşayır. Həmçinin, Rusiyanın Qərblə münasibətləri də “soyuq müharibə”ni xatırladır. Təəssüflər olsun ki, müharibənin gedişatında ciddi itkilər var, dağıntılar baş verir. Belə olan halda, ölkələrin humanitar dəstəyə ehtiyacı yaranır. Əlbəttə ki, burada ilk növbədə dinc insanlara dəstəyin göstərilməsi, müəyyən tibbi ləvazimatlarla təminat nəzərdə tutulur. Azərbaycan dövləti də eyni məqsədlə Ukraynaya humanitar yardım göstərib. Bu konteksdə, Bakıda müharibə əleyhinə humanitar aksiya da keçirib. Vətəndaşlar Bakıda müharibəyə “yox” deyərək öz dəstəklərini nümayiş etdiriblər. Bu, heç bir halda Rusiyanın əleyhinə münasibət kimi səciyyələnməməlidir”, - deyə E. Nəsirov bildirib. Geri qayıt |