Əsas Səhifə > Partiya, Güney Press > Rəsmi Bakı Ukraynaya gərəkən yardımı edirmi?

Rəsmi Bakı Ukraynaya gərəkən yardımı edirmi?


7-03-2022, 08:29
Rəsmi Bakı Ukraynaya gərəkən yardımı edirmi?
“Əksər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkəsi Rusiya-Ukrayna müharibəsində gözləmə mövqeyindədir”. DİA.AZ xəbər verir ki, bunu “Şərq”ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Analitik bildirib ki, bununla yanaşı, heç bir MDB ölkəsi Krımı “Rusiya ərazisi” kimi görmür, yaxud Donetsk və Luqanskın “müstəqilliyini” tanımır: “Post-sovet ölkələrinin əksəriyyəti Ukraynaya humanitar yardım da göstərirlər.

Ancaq indiki halda MDB dövlətlərinin Moskvanı açıq şəkildə və rəsmən qınaması, Rusiyaya qarşı sanksiyalara qoşulması bölgədə böhranlı vəziyyətin yaranmasına səbəb olar. Kreml bunu özünə qarşı atılmış addım kimi dəyərləndirər və həmin ölkə Rusiya ilə üz-üzə qalar. Pis-yaxşı regionda təhlükəsizlik sistemi var. Lakin bölgə dövlətlərinin qarşı-qarşı gəlməsi bölgə üçün yeni təhdidlər deməkdir.

Məsələn, Qazaxıstanın Rusiya ilə qarşı-qarşıya gəlməsi Orta Asiya ölkəsi üçün ciddi təhdidlər meydana çıxarar. Qazaxıstanın Rusiya ilə 7 min kilometrlik açıq və qorunmayan sərhədi var. Bu, qazax dövləti üçün böyük təhlükədir.

Həmçinin, nəzərə alsaq ki, iki ölkənin sıx iqtisadi əməkdaşlığı, asılılığı var, o zaman münasibətlərin kəskinləşməsinin necə mənfi təsir göstərəcəyi aydın olar. Təxminən bir milyon yarım Özbəkistan vətəndaşı Rusiyada çalışır, ailəsini dolandırır. Bu məqam da qırğız hökumətinin əl-qolunu “bağlayır”. Tacikistan “Taliban” təhlükəsi ilə üz-üzədir. Bu ölkənin Əfqanıstanla sərhədini Rusiya sərhədçiləri qoruyur. Orta Asiya ölkələri Rusiyaya düşmən münasibət bəsləyərsə, heç kim onları dəstəkləməyəcək”.

İ.Vəlizadə Azərbaycanla bağlı məqamlara diqqət çəkib:

“Rusiya ilə problem yaşandığı anda Ermənistanla sərhəddə, o cümlədən Qarabağda təxribatların sayı-hesabı olmayacaq. Süni gərginliklər yaradılacaq. Bu da indiki məqamda bizə lazım deyil. Xəzər dənizində Rusiyanın ən güclü hərbi bazaları və 4 hərbi donanması var. Rəsmi Bakı Rusiya ilə münasibətləri kəskinləşdirmədən Ukraynaya əlimizdən gələn dəstəyi veririk. Humanitar yardımlar toplanır, tibbi ləvazimatlar, ərzaq və geyimlər göndərilir və s. Məncə, bu, ən doğru istiqamətdir. Daha artığını istəyənlər, radikal çağırışlar edənlər sadəcə öz mənafelərini güdənlərdir”.

Geri qayıt