Əsas Səhifə > Partiya, Güney Press > Laçın dəhlizi tam nəzarətə alınmalıdır
Laçın dəhlizi tam nəzarətə alınmalıdır10-03-2022, 07:59 |
Nazirlər Kabineti “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və xarici dövlət orqanlarına məktub ünvanlayıb. Bu məqam Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirir. O cümlədən, təxribat-diversiya qrupları vasitəsilə addımlar atır. Bu səbəbdən Azərbaycan adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə məktublar göndərilib. Bununla yanaşı, vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının və əsassız ittihamların neytrallaşdırılması istiqamətində də beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olub. DİA.AZ-ın məlumatına görə, millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə bəyan edib ki, beynəlxalq təşkilatlar gücün qarşısında aciz olduğunu dəfələrlə nümayiş etdirib. Deputatın sözlərinə görə, Qərb öz mövqeyini Ukrayna-Rusiya müharibəsində yenidən ortaya qoydu və nəyə “qadir” olduğunu göstərdi: “Azərbaycan Qərbin ədalətsizliyinin, ikili standartlara söykənən mövqeyinin 30 il ərzində dəfələrlə şahidi olub. Söhbət ondan gedir ki, 10 noyabr üçtərəfli bəyanatının şərtləri yerinə yetirilməzsə, Azərbaycanın tam hüququ var ki, Laçın dəhlizini nəzarəti altına alsın. Laçın dəhlizindən öz məqsədləri üçün istifadə edən terrorçu qrupların fəaliyyətinə birdəfəlik son qoyulmalıdır. Sadəcə əvvəlcədən Qərb təşkilatlarına, dünya ictimaiyyətinə xəbərdarlıq edirik, onları məlumatlandırırıq. Son günlər erməni silahlıları yenidən fəallaşıblar. Onlar təxribat törədir, mövqelərimizi atəşə tuturlar. Laçın dəhlizi vasitəsi ilə separatçılara silah-sursat, canlı qüvvələr daşınır. Bunun qarşısını almaq lazımdır və alacağıq”. Geri qayıt |