Əsas Səhifə > Partiya, Güney Press > “Ukrayna vətəndaşı olmayan azərbaycanlıların döyüşməyə getməsinin tərəfdarı deyiləm”

“Ukrayna vətəndaşı olmayan azərbaycanlıların döyüşməyə getməsinin tərəfdarı deyiləm”


10-03-2022, 08:49
“Ukrayna vətəndaşı olmayan azərbaycanlıların döyüşməyə getməsinin tərəfdarı deyiləm”
Kanadalı jurnalist David Blundell bildirib ki, 40 min əcnəbi könüllü artıq Kiyevə döyüşmək üçün gəlib. Həmin könüllülərin əksəriyyəti keçmiş hərbçilər, döyüş təcrübəsi olan şəxslərdir. Sayı hər gün artan bu cür könüllülər Rusiya ordusuna qarşı vuruşacaqlar.

Dünyanın bir sıra ölkələrindən Ukraynaya dəstək üçün bu ölkəyə döyüşməyə gedən insanların get-gedə çoxalması müşahidə edilsə də, Azərbaycandan hələ ki Ukraynaya döyüş məqsədilə gedənlərin olduğu barədə təsdiqlənmiş məlumat yoxdur.

Bəs Azərbaycan vətəndaşları tərəfindən də bu cür addımların atılması halları yaşana bilərmi? Müxalifət partiyalarının üzvlərindən kimlərsə Ukraynada döyüşmək üçün getmək istəsə, partiyanın rəhbərliyinin reaksiyası necə olacaq? DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, rəhbərlik etdiyi partiyanın sıralarında döyüş təcrübəsi olan çoxlu sayda insanlar var. İkinci Qarabağ müharibəsində könüllü döyüşən AĞ Partiya üzvlərinin sayı kifayət qədər olub, onlardan şəhid, qazi olanlar var. Lakin AĞ Partiya üzvləri döyüş təcrübələrini başqa ölkələrin ərazisində tətbiq etmək fikrindən həmişə uzaqdırlar: “Şübhəsiz ki, biz Rusiya-Ukrayna müharibəsində Ukrayna xalqının yanındayıq. Çünki onlar öz torpaqlarını işğalçılardan qoruyurlar. Biz Ukrayna xalqına mənəvi, siyasi dəstəyimizi hər an ifadə edirik, Rusiyanı isə təcavüzkar ölkə kimi qınayırıq. Amma mən AĞ Partiyanın üzvlərinin gedib Ukraynada döyüşməyinə qətiyyən müsbət yanaşmaram. Bizim hələ də öz torpaqlarımızın azad edilməsi üçün döyüşçülərə ehtiyacımız var. Bizim vətəndaşlarımızı həmin torpaqlarımız, Qarabağ uğrunda, ən uzağı isə Türkiyə uğrunda döyüşməyə hazır olmalıdırlar. Rusiya-Ukrayna savaşına gəlincə, Ukrayna vətəndaşı olmayan azərbaycanlıların döyüşməyə getməsinin isə tərəfdarı deyiləm. Buna qanunvericiliyimiz də icazə vermir. Başqa ölkələrin ərazisində gedən döyüşlərdə iştirak etmək Azərbaycan vətəndaşları üçün qadağandır və cinayət əməli hesab olunur”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, bu gün bütün dünyanın gözü Ukraynaya dikilib. O cümlədən Ukraynadakı müharibə, müharibənin yaratdığı vəziyyət ciddi izlənilir, müzakirə olunur. Azərbaycan dövlət səviyyəsində Ukraynaya humanitar yardımlar edib və edir. Azərbaycan cəmiyyəti də Ukrayna xalqına dəstək verir: “Bu daha çox mənəvi, humanitar dəstək formasındadır. İmkan ola biləcək platformada dəstək ifadə olunur. Ancaq Azərbaycan qanunvericiliyi ölkəmizin vətəndaşlarının xarici ölkələrdə silahlı birləşmələrdə iştirakını və vuruşmasını qadağan edir. Ona görə də Azərbaycan vətəndaşları Ukraynada gedib döyüşə bilməzlər. Amma Ukrayna vətəndaşları olan bir sıra azərbaycanlılar silahlanıb vətəndaşı olduqları ölkənin ərazi bütövlüyünü qoruyurlar. AMİP üzvlərinə gəldikdə, AMİP-in Nərimanov rayon təşkilatının rəhbərliyinə daxil olan partiya üzvlərimiz var, həm Qarabağ döyüşlərinin iştirakçısıdırlar, təcrübəli döyüşçülərdir, həm də Ukraynada hərbi xidmətdə olublar. Mənə müraciət ediblər ki, mümkündürsə, şərait yaradılsın gedib Ukraynada döyüşmək istəyirlər. Buna icazə verilməsinə yardımçı olmağımızı istəyirlər. Lakin biz onlara izah etmişik ki, Azərbaycan qanunvericiliyi Azərbaycan vətəndaşının xarici ölkədə gedib silahlı birləşmələrdə iştirakını və döyüşməsini qadağan edir. Həmçinin tövsiyə etmişik ki, Ukraynaya dəstəyi humanitar dəstək aksiyalarında iştirak etməklə reallaşdırsalar, qanuni olar”.

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk günlərində Zelenski legionerlərdən ibarət könüllülərin döyüşlərdə iştirakına yaşıl işıq yandırıb. Verilən məlumatlara görə, dünyanın müxtəlif ölkələrindən 20 mindən artıq könüllü Ukrayna tərəfindən döyüşlərə qatılıb: “Əlbəttə ki, bu hadisə də Ukraynanın gücünə əlavə güc qatıb. Əlavə olaraq əksər Qərb və Avropa dövlətləri Ukraynaya ən müasir hərbi silah-sursat dəstəyi də göstərir. Düzdür, Azərbaycan dövləti və xalqı da Ukraynaya humanitar yardımlar göstərir. Lakin Azərbaycan vətəndaşlarının könüllü şəkildə Ukraynada Rusiyaya qarşı vuruşması faktlarına hələ ki rast gəlinməyib. Hesab edirəm ki, bunun bir neçə səbəbi ola bilər. Birincisi, siyasidir. Hesab edirəm ki, indiki həssas məqamda Azərbaycan rəsmi orqanları bu məsələni nəzarətdə saxlayır. İkincisi, bu məsələnin psixoloji məqamları da var. Bilirsiniz ki, 44 günlük Qarabağ müharibəsində heç bir xarici dövlətlərdən kimsə könüllü şəkildə gəlib işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyib. Hətta ermənilər və bəzi dövlətlər Azərbaycan tərəfindən muzdluların döyüşməsi ilə bağlı ittihamlar irəli sürsə də, bir belə fakt ortaya qoya bilmədilər. Eyni zamanda bu gün Qarabağdakı vəziyyət də o qədər ürəkaçan deyil. Rusiya sülhməramlılarının nəzarət dairəsində olan erməni separatçılarının tör-töküntüləri vaxtaşırı təxribatlar törədir, atəşkəsi pozur və hətta lokal xarakterli döyüşlər baş verir. Rusiya sülhməramlılarının Azərbaycanda olması heç də xoş məramdan xəbər vermir, bu, bizim təhlükəsizliyimizi ciddi şəkildə təhdid edir. İnsanlarımız bu düşüncədədir ki, ilk növbədə biz özümüzün təhlükəsizliyimizi nəzərə almalıyıq. Hesab edirəm ki, bu baxımdan Azərbaycan vətəndaşlarının Ukrayna tərəfindən könüllü şəkildə döyüşməməsi anlaşılandır. Lakin hər hansı bir Azərbaycan vətəndaşının, o cümlədən partiya üzvlərimizdən kimsə könüllü şəkildə Ukrayna tərəfindən döyüşə qatılarsa, bunu da anlayışla və məntiqli qəbul edərdim. Çünki bu müharibədə təkcə Ukraynanın deyil, o cümlədən postsovet ölkəsi kimi Azərbaycanın da taleyi həll olunur”.

Geri qayıt