Əsas Səhifə > Partiya, Güney Press > “44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”

“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”


15-03-2022, 09:02
“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”
Rusiyanın Ukraynaya hücumu Azərbaycan cəmiyyətində mənfi qarşılanıb. Ölkə əhalisinin böyük əksəriyyəti Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir. Azərbaycan dövləti də Ukraynanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq, müharibə şəraitində yaşayan ölkəyə ardıcıl humanitar yardımlar göndərir.

Paralel olaraq Azərbaycan Rusiyaya qarşı hər hansı diplomatik və qonşuluq münasibətlərindən kənar münasibət göstərmir. Dövlətimiz 22 fevralda Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə də sadiqdir.

Bütün bunların fonunda sosial şəbəkələrdə yayılan məlumat Azərbaycanda narahatlıq və qəzəblə qarşılanıb. Məlumatdan aydın olur ki, Rusiyanın Azərbaycandakı səfirliyinin İnstagram hesabında guya Lənkəran rayonundan olan bir qrup soydaşımızın səfirliyə gül göndərdiklərinə dair paylaşım edilib. Guya Lənkəran sakinləri bununla Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayaraq, onu səfirliyə təqdim ediblər.

Paylaşım sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Azərbaycan vətəndaşları hesab edirlər ki, bu, Azərbaycana qarşı açıq şantaj və təhdiddir. Demək istəyirlər, cənub bölgəsində separatizm ocağını qalaya bilərik. “Talış Muğan Respublikası” təxribatı yaddaşlardan hələ silinməyib. Rusiyanın Azərbaycanı bölmək, parçalamaq siyasətinin ən qaynar vaxtlarına təsadüf edən “TMR” ideyası Azərbaycan xalqının qətiyyətli hərəkəti ilə tarixin zibilliyinə atıldı.

Hesab olunur ki, Azərbaycan ictimaiyyətindəki anti-Rusiya havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır. Azərbaycan dövlətinin cavabı nə ola bilər? Ümumiyyətlə, Azərbaycan ərazisində yenidən milli separatizm üzərindən oyunlar qurulması mümkündürmü? dia-az.life xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Rusiyada “Talış Mədəniyyət Mərkəzi” adlı separatizmi təbliğ edən qurumun fəaliyyəti həmişə dəstəklənir: “Bu qurumun rəhbərini hətta Rusiyanın mədəniyyət naziri qəbul etmişdi. Əsas məqsəd Azərbaycanda, yaxud Rusiyada talış mədəniyyətinin təbliğ olunması deyil, separatçılığın əsaslarını yaratmaq idi. Bu, hələ Fəxrəddin Abbaszadənin həbsindən əvvəl olmuşdu. İndi də bu paylaşıma gəlincə, ola bilsin ki, Rusiyada fəaliyyətini hələ də davam etdirən Talış Mədəniyyət Mərkəzində olan şəxslərin işidir bu. Rusiya tərəfi də fürsəti qaçırmayıb, Lənkəranı xüsusi vurğulamaqla məsələni ictimailəşdirib. Burada həm də məqsəd Azərbaycanın Ukrayna məsələsində Rusiyanın yanında olduğu görüntüsünü yaratmaqdır. Sanki Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləyir. Amma əmin ola bilərsiniz ki, Ukraynada prosesləri dərindən izləyən, analiz edən siyasətçilər kifayət qədərdir. Onlar səfirliyin paylaşımının da, paylaşımda Lənkəranın adının qabardılmasının da məqsədini yaxşı bilirlər. Bu baxımdan, bu məsələnin Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə hansısa təsirinin olacağı real deyil”.

İ.İsmayıl bildirir ki, Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanan bəyannamədə hər iki ölkədə bir-birinə qarşı ayrı-ayrı şəxslərin, həmçinin təşkilatların fəaliyyətinə imkan verilməyəcəyi qeyd olunub: “Çox təəssüf ki, Rusiyada Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti nəinki dayandırılmayıb, hətta bu paylaşımla Rusiya Azərbaycan daxilində separatizmi dəstəklədiyini ortaya qoyur. Bunu Azərbaycan dövlətinə separatizmi alovlandıracağına dair xəbərdarlıq kimi qiymətləndirmirəm, çünki hazırda Rusiya elə aqressivləşib ki, bunu müxtəlif qurumlar vasitəsilə adi telefonla da çatdıra bilər. Təcrübədə belə şeylər olub. Sadəcə, Rusiya hazırda məğlub durumdadır, özünün haradasa dəstəkləndiyini nümayiş etdirməyə ehtiyac duyur”.

Ekspertin fikrincə, hətta Rusiya istəsə belə, Azərbaycanda bundan sonra milli separatizmi gücləndirə bilməz: “44 günlük Vətən müharibəsində Ermənistan üzərindəki qələbə ilə bu məsələ birdəfəlik qapanıb”.

Lənkəran rayonunun tanınmış ziyalısı, ictimai fəal İltifat Rəhimzadə hesab edir ki, hazırda Lənkəranda yaşayan insanların Ukraynada öldürülən Rusiya hərbçilərini tanıması, fotolarına malik olması mümkün deyil: “Rusiyada, xüsusilə Sibir ərazisində çoxsaylı talışlar yaşayırlar. Onların bir çoxu sahibkarlıqla məşğul olur. Bəzi talışlar Rusiyadakı Talış Mədəniyyət Mərkəzinin təsiri altındadırlar. Bu mərkəz öz fəaliyyətini talış mədəniyyətinin, dilinin, ədəbiyyatının təbliği adı altında pərdələməyə çalışsa da, məqsəd başqadır. Bəzi talışlar da həmin mərkəzin təsir dairəsindədir. Onlar Rusiya ilə bağlanan müqavilədən sonra bu ölkədə özlərinə daha yaxşı imkanlar təmin etməyə çalışırlar. Bu baxımdan, ola bilsin ki, buradakı yaxınları vasitəsilə Rusiya səfirliyinə gül göndərsinlər. Bu, sırf onların şəxsi maraqlarından irəli gələn addım olmaqla, talış xalqının iradəsini ifadə etmir. Talışlar separatçılara cavabı Vətən müharibəsində veriblər. Onlar bu dövləti öz dövlətləri sayırlar, onun ərazi bütövlüyü uğrunda canlarından keçirlər. Talış oğulları Azərbaycan dövlətinə düşmən olan ermənilərlə savaşda böyuk hünər göstəriblər və Azərbaycan xalqı da öz övladlarının bu qəhrəmanlığını ən yüksək səviyyədə qiymətləndirib. Üç-beş nəfərin hərəkətlərini talışların adına yazmaq olmaz. Necə deyərlər, meşə çaqqalsız olmaz, hər millətdə nankorlar olur”.

İ.Rəhimzadənin sözlərinə görə, talışlar bütün Azərbaycan xalqı kimi Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir: “Biz Rusiyanın Ukraynaya hücumunu faşistlərin SSRİ-yə hücumu kimi qiymətləndiririk. Talışların bu məsələdə mövqeyi bütün Azərbaycan xalqının mövqeyindən fərqlənmir. Ukrayna xalqının azadlıq sevgisini, mübarizəsini dəstəkləyirik, Rusiya faşizminin tezliklə durdurulmasını arzulayırıq”.

Geri qayıt