Əsas Səhifə > Partiya, Güney Press > "Həmin şəxslər onsuz azadlığa çıxanda yenidən eyni işlə məşğul olacaqlar"

"Həmin şəxslər onsuz azadlığa çıxanda yenidən eyni işlə məşğul olacaqlar"


24-03-2022, 10:33
"Həmin şəxslər onsuz azadlığa çıxanda yenidən eyni işlə məşğul olacaqlar"
Külli miqdarda narkotiklə bağlı sanksiyalar sərtləşdirilir. Bu barədə martın 10-da Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə aparılıb. Milli Məclisə birinci oxunuşda narkomaniya ilə bağlı "Narkoloji xidmət və nəzarət haqqında" qanunda dəyişiklik edilməsi və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər, həmçinin narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldəetmə, saxlama, hazırlama ilə bağlı əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə sanksiyaların sərtləşdirlməsini nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə gəldikdə isə, bildirilib ki, sənəddə satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin cinayət məsuliyyətinə səbəb olmayan hallarda, yəni az miqdarda törədildikdə inzibati xəta kimi müəyyən edilməsi təklif olunub.
Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində prosessual normaların təkmilləşdirilməsini nəzərdə tutur.
Maraqlıdır, bu dəyişikliklər qəbul olunarsa, müsbətə doğru dəyişiklik olacaqmı? dia-az.life-ın məlumatına görə, hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qanunvericiliyə edilən dəyişikliklərdə psixotrop maddələr və narkotik vasitələrdən istifadə edənlərə müəyyən güzəştlər nəzərdə tutulur, istehlak miqdarının həcmi bir qədər artırılır:
"Əslində, narkotik istifadəçisinin həbs cəzalarına məhkum edilməsi bir az başa düşülən deyildi. Çünki bu insanlar artıq xəstədirlər. Öncələr də Milli Məclisdə bu məsələni qaldırmışdım ki, narkotik vasitələrdən istifadəyə görə insanların həbs edilib cəzaçəkmə müəssisələrinə göndərilməsi məqsədəuyğun deyil. İlk olaraq ona görə ki, bu şəxslər xəstədir və həbslər mübarizə yolu deyil. Narkotik aludəçilərinin inzibati metodlarla cəzalandırılması onların sağalması, yaxud da onların bu yoldan imtina etməsinə səbəb olmayacaq. Mübarizə üsulu olaraq maarifləndirmə işlərini gücləndirməliyik, belə şəxslərin həyat hekayələrini işıqlandırmalıyıq, ialədə, məktəbdə də maairfləndirmə işləri aparılmalıdır".
Ç.Qənizadənin sözlərinə görə, həmin şəxslərin dustaq olması cəzaçəkmə müəssisələrində dövlətin yükünü arıtrır: "Bu şəxslər üçün 3 ilədək həbs nəzərdə tutulurdu. Sual budur ki, nə üçün dövlət belə şəxslərə bu qədər müddətdə xərc çəkməlidir, onları izolyasiya etməlidir. Həmin şəxslər onsuz azadlığa çıxanda yenidən eyni işlə məşğul olacaqlar. Bu bizim mübarizə metodumuz olmamalıdır. Ölkədə günbəgün narkotik qəbul edənlərin sayı artır. Eyni zamanda narokotacirlərin sayı artmaqdadır".
Hüquq müdafiəçisi düşünür ki. inzibati yollarla bu arzuolunmaz halların qarşısını almaq qeyri-mümkündür: "Əslində biz bu vasitələri ölkəyə gətirən, satışına şərait yaradan böyük və kiçik qüvvələrin qarşısını almalıyıq. Onlar üçün cəzalar daha çox sərtləşdirilməlidir".
Uzun müddətdir ki, bu kimi xəstələrin müalicəsi ilə məşğul olan, Narkoloji Dispanserin sabiq rəhbəri Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu kimi tədbirlər sadəcə olaraq müvəqqəti olaraq müəyyən effekt göstərə biləcək:
"Narkotik maddələr istehsal edənlər, onu satanlar, alcısı olanlar bu yeniliklərə adaptasiya olduqdan sonra da yeni bir çıxış yolu tapacaqlar. Vəziyyət yenə də əvvəlki kimi olacaq. Çünki heç bir cəmiyyət sərtləşmələrə getməklə bu problemin həllində bir nailiyyət əldə edə bilməyib. Sərtləşə-sərtləşə, yaranmış vəziyyətə öyrəşə-öyrəşə getməyin nə mənası var? Başqa mübarizə yolları axtarmaq lazımdır. Narkomaniyanın sosioloji, bioloji, tibbi köklərini axtarıb tapmaq lazımdır. Nə üçün belə hallar yaranır, hansı hallar narkomaniyanın istifadəsinə səbəb olur, bunların üzərində işləmək lazımdır".
O bildirir ki, qadağalarla nəyinsə qarşısını almaq mümkün deyil: "Sən qanunları sərtləşdir, amma bunu haradansa bir yolla gətirəcəklər. Haradan gəlirsə, o yolları bağlasınlar. Gözdən pərdə asmaq üçün mübarizə aparırlar, amma ortada heç nə yoxdur. ABŞ spirtli içkilərə qadağa qoymuşdu, amma bunun qabağını ala bilmədi. Ən birinci yaxşı tədqiqat aparıb səbəbləri tapmaq lazımdır".
Həmsöhbətimiz deyir ki, son 5 ildə narkotiklərə meylliyinin artmasının əsas səbəbi narkotiklərin müasirləşməsi, əlçatanlığın daha da artması olub: "Bundan başqa, qiymətlərin daha aşağı olmasının da rəqəmlərə təsiri var. Bundan başqa, filmlərdə narkotik istifadəçiləri müsbət və qəhrəman obraz olaraq canlandırılır. Bütün amillərin rəqəmlərin artmasında rolu var".
Qeyd edək ki, Qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na əsasən hazırlanıb.

Geri qayıt