Əsas Səhifə > Partiya, Güney Press > "Nə olur-olsun, Azərbaycana pis olsun, onlar da “bulanıq suda balıq tutsunlar”"

"Nə olur-olsun, Azərbaycana pis olsun, onlar da “bulanıq suda balıq tutsunlar”"


26-03-2022, 09:03
"Nə olur-olsun, Azərbaycana pis olsun, onlar da “bulanıq suda balıq tutsunlar”"
“Bu, Ukraynaya dəstək vermək yox, Azərbaycanı prosesin mərkəzinə çəkmək cəhdi və dövlət maraqlarını nəzərə almamaqdır”. DİA.AZ xəbər verir ki, bu fikirləri Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Milli Şuranın aprelin 2-də Ukraynaya dəstək mitinqi keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövləti düzgün siyasət yeridir. Biz hər zaman olduğu kimi yenə də haqlının yanındayıq:

“Ukraynaya mümkün olan bütün dəstək verilir. Humanitar aksiyalar təşkil edilir, müharibədən zərər görən xalqa yardım göndərilir. Dövlət səviyyəsində, parlament səviyyəsində, vətəndaş cəmiyyəti səviyyəsində nə mümkündürsə, o da edilir. Beynəlxalq platformalarda Ukraynanın mövqeyi müdafiə olunur. Elə məsələlər var ki, deyilməməlidir və deyilmir. Azərbaycan xalqının Ukraynaya dəstək aksiyasında ukraynalı diplomatın dedikləri Azərbaycanın bu münaqişədə hansı işləri gördüyünün nümunəsidir. Diplomat həmin aksiyada Azərbaycan xalqına, Azərbaycan Prezidenti İlham Əliyevə, onun bu münasibətinə, dəstəyinə görə minnətdarıq etdi.

Eyni zamanda Prezident Zelenskinin münasibətini də çatdırdı ki, Azərbaycan Respublikasının köməyi sözdə deyil, əməldədir. ABŞ-ın dövlət katibi Entoni Blinken də Prezident İlham Əliyevə zəng edərək, Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirdi. Bütün bunlar o deməkdir ki, Azərbaycan düzgün siyasət aparır. Bəs özünü müxalifət adlandıran bəzi radikallar nə düşünür?

Onlar Azərbaycanı münaqişənin mərkəzinə çəkmək və dövlətə zərər yetirmək niyyətindədirlər. Onlar üçün dövlət anlayışı yoxdur. Onları düşündürən şəxsi maraqlarıdır. Nə olur-olsun, Azərbaycana pis olsun, onlar da “bulanıq suda balıq tutsunlar”. Belə olmaz. Biz dövlətçi olmalıyıq. Dövlət maraqları hər şeydən üstün olmalıdır. Təəssüf ki, Milli Şura üçün belə deyil. Milli Şura və onun rəhbərləri hər zaman öz çıxarlarını düşünürlər. Özümüzün problemlərimiz başımızdan aşır. Onları demək, həllinə çalışmaq əvəzinə ortaya düşüb mitinq keçirmək vaxtıdır? Onların mitinqinə xalqın dəstək verəcəyini gözləmirəm”.

Xatırladaq ki, Milli Şura 2 apreldə Ukraynaya dəstək mitinqi haqqında qərar qəbul edib.

Geri qayıt