Əsas Səhifə > Partiya, Güney Press > "Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik"
"Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik"1-04-2022, 08:16 |
Qarabağ ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd ediblər. Sosial şəbəkədə yayılan video-görüntülərdən məlum olub ki, kəndə gətirilən ermənilərə hərbi forma və silahlar elə yerindəcə paylanılıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr isə bu prosesi 200 metr kənarda sakitcə izləyiblər. Ekspertlərə görə, Qarabağda baş verənlərin əsas səbəbkarı ermənilərlə bərabər, həm də Rusiyanın sülhməramlı kontingentidir. Əgər 16 ay əvvəl imzalanan üçtərəfli Bəyanatın şərtləri Ermənistan tərəfindən vaxtında yerinə yetirilsəydi, Qarabağ ərazisində erməni silahlılarının təxribatı ilə qarşılaşmazdıq. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Xocalının Pirlər kəndinə ermənilərin gətirilməsi və silahlandırılması görüntüləri anti-terror əməliyyatının keçirilməsinə əsas yaradacaq ən real kadrlardır. Separatçıların mövqeləri darmadağın olandan sonra ABŞ, Fransa və Rusiya sadəcə bəyanat verəcəklər və bu, heç nəyi dəyişməyəcək. Hətta prosesə müdaxilə imkanı olan rusların da indiki məqamda nəsə etmək imkanı azdır. Onların fikrincə, Fərrux əməliyyatı ən effektiv variantın bu olduğunu təsdiqlədi. Lakin erməni təxribatçılarının cəzasının başqa formada verilməsini doğru sayanlar da var. Onlara görə, haqlı ikən haqsız duruma düşmək, təhrikedici hərəkətlərə aldanmaq yolverilməzdir. dia-az.life-ın məlumatına görə, tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında bildirib ki, əvvəlcə çar imperiyası, sonra sovetlər, indi isə Rusiya daim öz məqsədləri naminə erməni faktorundan istifadə edib, onları himayəyə götürüblər. Ancaq tarixçi vurğulayıb ki, erməni separatizmi tabe olduqları mərkəzi hakimiyyət zəiflədiyi dövrlərdə aktivləşməyə başlayıb: “1904-05-ci illərdə rus-yapon müharibəsində Rusiya məğlub oldu və imperiya ərazisində inqilabi hərəkat başladı. Ermənilər bunu fürsət bilərək ayaqlandılar, azərbaycanlılara qarşı qətliamlara əl atdılar. 1917-ci ildə çarın devrilməsindən, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra yaranmış qarışıqlıqdan yararlanan erməni quldurları yenə də azərbaycanlılara qənim kəsildilər. Nəticədə 1918-ci ildə mart soyqırımı baş verdi. 1988-1990-cı illərdə SSRİ çökərkən yenə də erməni cinayətləri geniş vüsət almağa başladı. Ərazilərimiz işğal olundu. İndi də ermənilər dünyada və qonşuluqda baş verən proseslərdən “ruhlanaraq”, faydalanmağa cəhd göstərirlər. Ancaq hazırkı vəziyyət tamam fərqlidir. Ermənilərin qarşısında güclü orduya sahib Azərbaycan var. Şübhə yox ki, düşmənin bütün təxribatlarına ən sərt şəkildə cavab veriləcək və qarşısı alınacaq. O baxımdan separatçıların fəallaşmasını ciddi təhlükə görmürəm, narahat olmağa dəyməz. Erməni xisləti elədir ki, onlar uzun illərin təbliğatından xilas ola bilmirlər. Əsassız iddiaları, təxribatları hər zaman öz başlarında çatlasa da, yenə məkirli niyyətlərindən əl çəkmək istəmirlər. Təxribatlara Qərb ölkələrindən də dəstək verildiyini istisna etmirəm”. M.Zülfüqarlıya görə, Rusiya amilini hər zaman nəzərə almalı, ehtiyatlı davranmalıyıq: “Ruslarla bağlanan sazişlərin heç birinə Moskva əməl etməyib. Bütün dünyanın Rusiyaya qarşı olduğu bir zamanda Moskvanı qıcıqlandırmaq dövlətimizin mənafelərinə fayda verməz. Sakit şəkildə, zaman yetişdikcə işimizi görməliyik. Fərrux kəndini və yüksəkliyini düşünülmüş siyasət nəticəsində nəzarətimizə aldıq. Vaxtında etdiyimiz üçün heç kim etiraz edə bilmədi. Məncə, radikal addımlar atmağa ehtiyac yoxdur. Əlbəttə, Rusiyanın bizə qarşı yanaşmasını, həyata keçirdiyi siyasəti də diqqətdən kənar qoymuruq. Moskva 10 noyabr sazişinin bəndlərinə əməl etməkdən boyun qaçırır. Qarabağdakı erməni silahlılarını torpaqlarımızdan çıxartmaq əvəzinə separatçıları silahlandırır. Bunun fərqindəyik, amma mübarizəmizi elə aparmalıyıq ki, son nəticədə regionda təklənməyək. Dünyada erməni separatizminə dəstək verən Fransa kimi Qərb ölkələri də mövcuddur. Bəziləri deyirlər ki, “niyə ordu yeritmirik?”. Separatçıları bir günə məhv etməyə qadir ordumuz var. Ancaq önəmli nüansları nəzərə alaraq addımlarımızı tədricən atırıq. Ölkə rəhbərliyi nəyin nə zaman edilməsini çox gözəl bilir”. Geri qayıt |