Əsas Səhifə > Partiya, Güney Press > AXCP sədri nəyə nail olmaq istəyir?

AXCP sədri nəyə nail olmaq istəyir?


5-04-2022, 15:44
AXCP sədri nəyə nail olmaq istəyir?
Əli Kərimli gündəmə gəlməyin yollarını arayarkən bu dəfə də şəhid ailələri və Qarabağ əlilləri üzərindən xal toplamağ çalışır.

AXCP sədri yazır ki, Ukraynada ölən əsgərin ailəsinə 510 min dollar verilir, Azərbaycanda isə 11 min manat verdilər. Bu məlumat rəsmən təsdiqini tapıbmı? Hansısa xəbər saytının yazdığı məlumatı əsas götürüb ajiotaj yaratmağın mənası varmı?

İkincisi, müharibənin davam etdiyi bir şəraitdə və infrastrukturu dağılan ölkədə bunu etmək nə qədər realdır?

Üçüncüsü, hələ müharibə bitməyib. Bütün dünyada qəbul olunmuş təcrübə var. Hərbi əməliyyatlar zamanı həlak olanlara, eləcə də əlil olmuş şəxslərə və veteranlara təqaüdlər müharibə başa çatdıqdan sonra təyin edilir. Bu baxımdan, müharibənin davam etdiyi və nə vaxt başa çatacağı bilinməyən Ukraynada nə qədər insanın sözügedən kateqoriyaya aid olacağını söyləmək mümkün deyil. Ona görə də bəribaşdan belə fikir söyləmək daha çox siyasi populizmə xidmət edir.

Dördüncüsü isə Əli Kərimli Ukraynanı niyə Azərbaycanla müqayisə edir? Ukraynaya ayrılan istər maliyyə, istər hərbi dəstəyi nəzərə alaraq müqayisə aparmaq məntiqə uyğun deyil.

O bilmirmi ki, Azərbaycan müharibəni təkbaşına apardığı halda, Ukraynaya az qala bütün dünya kömək edir? Bunlar fərqli-fərqli situasiyalardır. Hazırda Ukraynanın yanında yer alan, ona silah, yüz milyardlarla dollar vəsait ayıran dövlətlər İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq mübarizəsinə dəstək olmaq əvəzinə üzərinə gəlirdilər.

Bir çoxları işğalçı Ermənistanı müdafiə edib Azərbaycanı insan haqlarını pozmaqda ittiham etdilər. Bu gün Buça faciəsinə görə Rusiya Prezidentini Beynəlxalq Cinayət Məhkəməsinə verən Qərb ölkələri Gəncədə, Bərdədə, Tərtərdə dinc insanların qadağan olunmuş kasetli “Smerç” silahlarından, ballistik raketlərdən qətliama məruz qalmasını görməzdən gəldilər. Ukraynaya atılan “İskəndər”, “Kalibr”, “Toçka-U” raketləri hələ iki il öncə Azərbaycanın da dinc əhalisinin başına yağdırılıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, dağılmış şəhər və kəndlərinin bərpasına heç bir Qərb dövləti yardım etmir. Müharibədə yaralanmış, əlil olmuş qazilərin müalicəsinə qardaş Türkiyədən başqa Ukraynaya maliyyə ayıran dövlətlərin heç biri yardım göstərmədi. İstər dağılmış ərazilərin yenidən qurulması, istərsə də şəhid ailələri, əlillərin və veteranların maddi-sosial təminatını Azərbaycan dövlət büdcəsi hesabına özü və təkbaşına həyata keçirilir. Müharibə başladıqdan sonra iqtisadi infrastrukturunun və istehsalının 60 faizi tamamilə məhv olmuş, 4 milyondan artıq əhalisi qaçqın düşmüş və dövlət büdcəsi hərbi xərclərə yönəldilmiş Ukrayna döyüşlərin davam etdiyi bir şəraitdə həlak olan hər əsgərin ailəsinə 510 min dollar vermək imkanında deyil.

Rəsmi məlumatlara görə, Ukrayna ordusunun sayı 350 min nəfərdir. Müharibə başladıqdan sonra ordunun sıralarına 10 minlərlə çağırışçı və könüllü qoşulub. Bu qanlı savaş hələ davam etdiyindən, nə qədər insanın həyatda qalacağını proqnozlaşdırmaq mümkün deyil. Ona görə də Ukrayna hökuməti yalnız müharibə başa çatdıqdan sonra həlak olanların ailələrinə birdəfəlik maddi yardımı onların sayına uyğun müəyyən edə bilər. İndiki şəraitdə həlak olanların ailəsinə 510 min dollar veriləcəyi barədə məlumatlar daha çox kampaniya hesab oluna bilər. Yaxın gələcəkdə Ukraynanın bu xərcləri öz büdcəsi hesabına ödəməsi isə inandırıcı görünmür. Ukrayna həmin vəsaiti Qərbdən aldığı milyardlarla dollar yardım hesabına ödəyə bilər. Yardımların həcmi aylıq az qala 20 milyard civarındadır.

Azərbaycanda isə hər bir şəhid ailəsinə dövlət büdcəsi hesabına 11 min manat, birinci qrup Qarabağ əlilinə 8800 manat, ikinci qrup Qarabağ əlilinə 6600 manat, üçüncü qrup Qarabağ əlilinə 4400 manat birdəfəlik ödənişin ayrılması nəzərdə tutulub. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri artıq qeyd edilən vəsaiti alıb. Vətən müharibəsi əlilləri də mərhələli şəkildə birdəfəlik ödənişlə təmin edilir. Birinci Qarabağ müharbəsi əlilləri iyuldan etibarən birdəfəlik ödənişi alacaqlar.

Eyni zamanda, şəhid ailəsinə aylıq 500 manat ödəniş olunur. Əlavə olaraq, şəhid ailələri, müharibə əlilləri mənzil və avtomobillə təmin olunur. Bu məqsədlə yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda inşa olunan 3 min mənzilin artıq böyük hissəsi paylanıb.

Maraqlıdır, Əli Kərimli müqayisə aparan zaman bu faktları niyə qeyd etməyib? Feyk xəbərlər yaymaq müharibə aparan ölkələr arasında döyüş meydanında və informasiya məkanında qələbənin təmini, qarşı tərəfdə çaşqınlıq yaratmaq üçün edilir.

Azərbaycan ki, Ukrayna deyil. Artıq müharibə başa çatıb, Ermənistan üzərində qələbə qazanılıb, bütün dünya da sonda bu həqiqətlə barışmalı olub. Əli Kərimli Ukrayna “kartı”ndan istifadə etməklə dezinformasiya yayaraq kimi aldatmaq istəyir? Öz tərəfinə çəkmək istədiyi sadə insanlarımı? Onlar çoxdan AXCP sədrindən üz çeviriblər.
Cebhe.info

Geri qayıt