Əsas Səhifə > Partiya, Güney Press > “Separatçıların birləşmə tələbini Rusiya nəinki qəbul etməyəcək, heç ciddiyə almayacaq”

“Separatçıların birləşmə tələbini Rusiya nəinki qəbul etməyəcək, heç ciddiyə almayacaq”


9-04-2022, 09:52
“Separatçıların birləşmə tələbini Rusiya nəinki qəbul etməyəcək, heç ciddiyə almayacaq”
Ermənistan Milli-Demokratik Qütb Şurası diqqətçəkən bir bəyanat yayıb. Qurum qeyd edir ki, Qarabağda Rusiyaya birləşmək məsələsi ilə bağlı qeyri-ictimai şəkildə imzatoplama başlayıb. “Bu xəyanət, təbii olaraq, Nikol Paşinyan administrasiyasının razılığı ilə baş verir. Biz Qarabağda yaşayan soydaşlarımıza müraciət edir və onları nəyin bahasına olursa-olsun, bu antierməni aksiyasının qarşısını almağa çağırırıq. Xəbərdarlıq edirik ki, xain imzatoplama həm də Qarabağda yaşayan ermənilərin qovulması üçün əlverişli şərait yarada bilər”, - deyə bəyanatda bildirilir.

Bəs bu məsələnin arxasında Paşinyan, yoxsa Qarabağ klanı və ya Rusiyanın özü dayanır? Erməni təxribatında Rusiyanın barmağı yoxdursa, Rusiya ermənilərin bu avantürasına necə reaksiya verə bilər? Belə bir təxribat ciddi olaraq ortaya gələrsə, Azərbaycan yenidən məsələni güc yolu ilə çözmək məcburiyyətində qalcaqmı?dia-az.life-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qarabağın Rusiyaya, yaxud Rusiya-Belarus ittifaqına birləşdirilməsi təklifləri həm Ermənistanda, həm də Qarabağda ermənilər tərəfindən dəfələrlə səsləndirilib: “Bu cür təkliflərin səsləndirilməsi ilk növbədə 44 günlük müharibədə ermənilərin uğradığı dəhşətli məğlubiyyətlə və Ermənistanın Qarabağ ermənilərini qoruya biləcəyinə olan inamın itməsilə bağlıdır. Son aylar Paşinyanın səsləndirdiyi bəyanatlarda açıq şəkildə olmasa da, etiraf olunur ki, Qarabağın Azərbaycanın nəzarətindən çıxarılması qeyri-mümkündür, eyni zamanda müstəqillik və ya Ermənistanla birləşmək ”planları"nı reallaşdırmaq qətiyyən mümkün deyil. Bu bəyanata kəskin şəkildə etiraz edən separatçı Araik Arutyunyan baş nazirin belə bəyanatlar verməyə haqqının olmadığını və bu məsələ barədə yalnız “Qarabağ hakimiyyəti”nin danışmaq səlahiyyəti olduğunu bəyan etdi. Ancaq onlar da, hadisələrin inkişafını araşdıran mütəxəssislər də yaxşı başa düşürlər ki, Qarabağı Azərbaycandan ayırmaq artıq mümkün olmayacaq. 6 aprel Brüssel danışıqları bu reallığı bir daha təsdiq etdi. Brüssel görüşü ərəfəsində İrəvanda mitinq keçirən müxalifət “Qarabağ Azərbaycanın tabeçiliyində qala bilməz” tələbini irəli sürdü və hakimiyyətdən tələb etdi ki, bunu inkar edən, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən heç bir sənədə imza atmasın. Ancaq onlar da yaxşı bilirlər ki, bu məsələdə erməniləri heç bir dövlət dəstəkləmir və gələcəkdə dəstəkləməsi ehtimalı yoxdur. Ermənilərin nəzərincə bu vəziyyətdə yeganə çıxış yolu Rusiyaya birləşmək təklifini gündəmə gətirməkdir".

A.Səmədovun fikrincə, imzatoplama kampaniyasının təşəbbüskarları çox güman ki, terrorçu “Qarabağ hakimiyyəti” və Ermənistandakı müxalif qüvvələrdir, Qarabağ klanı adlanan cinayətkar dəstədir: “Paşinyanın da bu kampaniyaya gizli dəstək verməsi istisna olunmur. Çünki uzun müddətdir onu yoran Qarabağ yükündən xilas olmaq, öz üzərindən atmaq istəyir. Ola bilsin Paşinyan Qarabağın Rusiyaya birləşməsi təşəbbüsünün Ermənistan hökumətinə olan təzyiqlərin azalacağına, diqqəti yayındıracağına ümid edir. Suda boğulanın ”saman çöpü"nə olan ümidlərini xatırladan belə bir müraciətin göndəriləcəyi təqdirdə Rusiya necə davranacaq? Mən rəsmi müttəfiqimiz olan Rusiyanın belə bir avantürist tələbi nəinki qəbul edəcəyinə, heç ciddiyə alacağına belə inanmıram. Ukrayna müharibəsi şimal qonşumuzu kifayət qədər ağır duruma salıb və hərbi cəhətdən xeyli zəifləmiş Rusiyanın növbəti bir avantüraya getməsi mümkünsüzdür. Azərbaycan hakimiyyətinin Türkiyə ilə birlikdə apardığı son dərəcə müdrik siyasət də belə bir addımın atılacağını və Qarabağın “birləşmə” təklifinə müsbət yanaşılmasını mümkünsüz edir".

Partiya sədrinə görə, ermənilərin bu cür təxribatlarına qarşı Azərbaycan az ehtimal olsa da, güc amilindən istifadə edə və hərbi əməliyyatlar həyata keçirə bilər: “Ancaq biz arzu edirik ki, buna ehtiyac olmasın və bütün məsələləri danışıqlar yolu ilə, sülh sazişi vasitəsilə nizama salmaq mümkün olsun. Brüssel danışıqları problemlərin aradan qalxacağına olan inamımızı xeyli artırdı. Ümid edirik ki, üzərlərinə məsuliyyət götürən ”vasitəçilər" etimadımızı doğruldacaq və bizi “xəyal qırıqlığı”na uğratmayacaqlar".

Geri qayıt