Əsas Səhifə > Partiya, Güney Press > "Bu təşəbbüsün xalqımız üçün qürurverici, ruhlandırıcı əhəmiyyəti var"
"Bu təşəbbüsün xalqımız üçün qürurverici, ruhlandırıcı əhəmiyyəti var"12-04-2022, 08:23 |
Ötən həftə sonu Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib. İclasda vurğulanıb ki, Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Ona görə də qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəriciləridən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edir. İclasdan sonra Milli Məclisin deputatları Şuşa şəhərində gəzintiyə çıxıblar. Parlamentarilər Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri, tarixi və mədəni abidələri ziyarət edib, Cıdır düzünə qalxıblar. Qanunverici orqanın nümayəndələri həmçinin Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olublar. Bəzi deputatlar Şuşa təəssüratlarını sosial şəbəkədə iki-üç cümləylə ifadə etməyə çalışaraq, hədsiz duyğulandıqlarını, tərifi mümkün olmayan hisslər yaşadıqlarını yazıblar. Şuşada keçirilmiş ilk tarixi iclasda iştirak edən millət vəkillərindən biri də Elman Məmmədov olub. dia-az.life xəbər verir ki, parlament üzvü “Şərq”ə açıqlamasında Qarabağın incisi ilə bağlı öz təəssüratlarını bölüşüb. Deputat bildirib ki, Milli Məclisin komitə iclaslarından birini Şuşa şəhərində təşkil etmək bütün parlamentarilərin ən böyük arzusu idi: “Şuşa işğaldan azad olunandan sonra mən də, digər həmkarlarım da bununla bağlı təkliflərimizi səsləndirmişdik. Ulu öndərimizin dediyi kimi Şuşa şəhəri təkcə yaşayış məskəni yox, eyni zamanda Qarabağın, Azərbaycanın simvolu kimi tanınır. Tarixi Qarabağ xanlığının mərkəzi olan Şuşa bizim üçün çox əzizdir. Onu da xüsusi qeyd edim ki, işğalçı düşmən Şuşa təcavüz altında olanda bizə qarşı təhqiramiz, aşağılayıcı addımlar atırdı. Separatçılar bəyan edirdilər ki, Şuşada qondarma rejimin “parlament” binası tikiləcək, orada “iclaslar” keçiriləcək və s. Komitənin iclasında gündəlikdə olan məsələlərdən biri Azərbaycan və Türkiyə arasında “Qafqaz qartalı” adlı birgə təlimlərin keçirilməsi idi. Müzakirə zamanı dedim ki, Azərbaycan qartalları Şuşanı düşməndən azad etdilər. Qarğalar, sağsağanlar getdi, qartallar Şuşaya geri döndü. Biz onların qəhrəmanlığı, şücaəti, Ordumuzun, Ali Baş Komandanımızın cəsarəti, qətiyyəti hesabına Şuşada parlamentin komitə iclaslarını keçiririk. Bu təşəbbüsün xalqımız üçün qürurverici, ruhlandırıcı əhəmiyyəti var. Eyni zamanda düşmənə və onun havadarlarına növbəti ağır zərbədir. Revanşistlərə, yenidən işğal düşüncəsində olanlara mesajdır”. E.Məmmədov vurğulayıb ki, Cıdır düzündə və Şuşanın bir neçə nöqtəsində dayanaraq doğma Xocalıya həsrətlə baxıb: “Ürəyimdən nələr keçirdi? İnşallah, gün gələcək, Şuşamızı işğaldan azad edən Azərbaycan Ordusu Xocalımızı, Xankəndimizi, Xocavəndimizi, Ağdərəmizi də düşmən tapdağından qurtaracaq. O gün gəldiyi zaman doğma yurd-yuvamıza uzaqdan həsrətlə baxmayacağıq. Vaxt gələcək Xocalıda yaşayacağıq. Parlament üzvlərinin hamısı Şuşada duyğulu anlar yaşadı, öz ürəklərindən gələni söylədilər. Bu, müqəddəs bir ziyarət və möhtəşəm tədbir idi. Əlbəttə, iclaslar davam edəcək. Ola bilsin, komitələrdən sonra Milli Məclisin plenar iclaslarından biri də məhz Şuşada keçirilsin”. Geri qayıt |