Əsas Səhifə > Partiya, Güney Press > “Normal insan qiymət artımına müsbət rəy verməz”

“Normal insan qiymət artımına müsbət rəy verməz”


20-04-2022, 08:29
“Normal insan qiymət artımına müsbət rəy verməz”
“Azəristiliktəchizat”ın istilik tariflərini 15 qəpikdən 22-25-ə qaldırmaq niyyəti var. Səhmdar cəmiyyətin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev iddia edib ki, guya əhali tariflərin qaldırılmasına razıdır: “Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır”.

İlham Mirzəliyev həmçinin qeyd edib ki, xarici ekspertlər də tariflərin artırılmasını tələb edir."Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 % yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosialyönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil", - deyə İ.Mirzəliyev bildirib.

Mirzəliyevin bu iddiası isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əsasən də sosial şəbəkə üzərindən tənqidlər səsləndirilib. Qeyd edilib ki, qiymətlərin artırılmasında insanlardan “alət” kimi istifadə etməkləri qəbuledilməzdir.

Deputat Fazil Mustafa qurumun bu açıqlamasını doğru hesab etmir: “Bu məsələdə bizim mövqeyimiz belədir ki, hər bir iş ciddi şəkildə əsaslandırılmalıdır. İctimai rəyə də ciddi, açıq, şəffaf formada çatdırılmalıdır. Tələsik hər hansı bir qərarı qəbul etmək çox yanlış nəticələrə gətirib çıxara bilər. Birinci növbədə vətəndaşın maraqları nəzərə alınmalıdır. Vətəndaş kommunal xərcləri nə səviyyədə ödəyə bilir, vətəndaş üçün kompensasiyaedici vasitələr həyata keçirilibmi? Bu məsələlər mütləq müzakirə olunmalıdır. Çünki ödəmə imkanı olmayan vətəndaşın hər hansı şəkildə bu prosesi idarə etməsi mümkün olmayacaq. Çox çətinlik çəkəcək. Söhbət, sadəcə, sudan getmir. Qaz, işıq və digər kommunal məsələlərdə də vətəndaş problem yaşayır. Ona görə də bu məsələlər ictimai müzakirəyə çıxarılmalı, müəyyən dərəcədə şəffaf şəkildə təqdim olunmalıdır. Görürsünüz, nəqliyyat şirkətləri də qiymətlərin qaldırılması ilə bağlı müraciət ediblər. Bahalaşma hər sahəni əhatə edir. Amma elə etməliyik ki, bunun zərbəsi Azərbaycan vətəndaşlarına dəyməsin. Biz bu prosesi onların marağını güdərək tənzimləməliyik. İndi vətəndaşın razılığı ifadəsi işlənirsə, bu mücərrəd ifadədir. Daha aydın şəkildə əsaslandırılması verilsə, insanlar da bunu bir çox hallarda anlayışla qarşılaya bilərlər. Amma bunun açıqlaması doğru verilməyəndə bir az şübhəli vəziyyət yaranır. İnsanlar da bahalaşmanın müəyyən dərəcədə subyektiv amildən qaynaqlandığına daha çox diqqət çəkirlər. Məsələnin əsas mahiyyəti budur. Əgər obyektiv səbəbdən bahalaşma varsa, onun izahı verilməlidir. Eyni zamanda vətəndaş üçün də müəyyən güzəştli kompensasiya xarakterli addımların atılması - əmək haqqı, pensiyanın artırılmasına təsir edə biləcək müəyyən güzəştlərin nəzərdə tutulması ola bilər”.

dia-az.life-ın məlumatına görə, Ağ Partiyanın sədri Tural Abbaslı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Son günlər Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət yarışı başlayıb. Yəni hər biri qiyməti qaldırmaq istəyir. Xatırlayırsınızsa, keçən həftə də sərnişin daşıyan şirkətlər Tarif Şurasına məktub ünvanlamışdı. Heç kimə sirr deyil ki, nəqliyyat şirkətləri özbaşına deyillər, onları himayə edən iqtidardakı təmsilçiləri, oliqarxlar var. Onlar özbaşına qərar verə bilmirlər və qiymətləri artırmağa çalışırlar. Təbii ki, əhalinin reaksiyasından da çəkinirlər. Hər vəchlə bunu etməyə çalışırlar. ”Azəristiliktəchizat" da özlüyündə ağıllı olduqlarını zənn edir, çünki havalar nisbətən istiləşir, belə məqamda qiyməti qaldırmaq xeyli vaxt çəkir. Fikirləşiblər ki, havalar isinib, bu vaxt qiyməti qaldırsalar, insanlar fərqinə varmazlar. Qışda artıq yeni qiymətlərlə ödəyərlər. Gülünc bir iddia irəli sürüblər ki, guya əhali bununla razıdır. Dünyanın harasında olur-olsun, gəlirləri ən yüksək səviyyədə olan ölkədə belə hansısa vətəndaşdan soruşsan ki, qiymətləri qaldıraq, razı olmayacaq. Normal insan qiymət artımına müsbət rəy verməz. “Azəristiliktəchizat”ın rəhbərliyi bu sorğunu yəqin öz evində, ya da idarəsində keçirib. Bu, sadəcə, gülüncdür, belə personajları idarələrin başına qoymağın özü də doğru deyil. Ümumiyyətlə, heç bir sahədə qiymət artırılmamalıdır. Onsuz da ərzaq mallarının qiyməti və digər xidmət sahələrində artımlar var. Yoxsulluq faizi kifayət qədər artıb. Bu tərəfdən də kommunalla bağlı, nəqliyyat vasitələrinin qiymətinin artırılması yaxşı tərəfə aparmayacaq".

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən istilik təchizatı xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən 1 m2 yaşayış sahəsi üçün aylıq ƏDV daxil 0,15 manat müəyyən edilib.

Geri qayıt