Əsas Səhifə > Partiya, Güney Press > "Hakimiyyətdə olan durğunluq tam olaraq müxalifətə də sirayət edib"

"Hakimiyyətdə olan durğunluq tam olaraq müxalifətə də sirayət edib"


21-04-2022, 09:11
"Hakimiyyətdə olan durğunluq tam olaraq müxalifətə də sirayət edib"
“Məsələ bundan ibarətdir ki, hakimiyyətdə olan durğunluq sanki tam olaraq müxalifətə də sirayət edib”. DİA.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanda fəaliyyət göstərən əksər siyasi partiya sədrlərinin öz postunda onilliklər boyu qalması ilə bağlı səslənən tənqidi fikirlərə münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Partiya funksionerinin fikrincə, ölkədə gerçək siyasi proses olmadığı üçün partiya liderlərinin çoxu öz yerində qalmaqdadır:

“Əslində, bu durumu normal adlandırmaq doğru olmazdı. Məsələni Azərbaycan reallığı prizmasından qiymətləndirsək, bu ölkədəki gerçəkliyin də geniş mənada normal olduğunu söyləmək imkan xaricindədir. Məsələ bundan ibarətdir ki, hakimiyyətdə olan durğunluq sanki tam olaraq müxalifətə də sirayət edib.

O baxımdan, çox təəssüf ki, müxalifət düşərgəsində də dəyişiklik müşahidə olunmur. Mənim şəxsi düşüncəmə görə, bunun səbəbi müxalifətin mübarizəsinin həqiqi və hüquqi müstəvidə getməməsi, bütün gücünü göstərməməsi ilə bağlıdır.

Ona görə də müxalifət liderlərinin əksəriyyəti bu fikirdədirlər ki, hakimiyyətə qarşı demokratik və həqiqi mübarizə apara bilməyiblər. Bu üzdən də müxalifət təəssübkeşləri həmin liderlərin uzun müddət partiya sədri kimi qalmalarına səs verməkdədirlər.

Əgər real mübarizə olardısa və onun nəticəsində hakimiyyət müxalifət üzərində qələbə qazanardısa, o zaman müxalifət partiyaları içərisində də təşkilatı uğura apara bilməyən liderlərin öz postundan kənarlaşdırılması baş verə bilərdi. Amma ölkədə gerçək siyasi proses olmadığı üçün partiya liderlərinin çoxu öz yerində qalmaqdadır”.

Geri qayıt