Əsas Səhifə > Partiya, Güney Press > 3 ildir MSK-ya hesabat verməyən 8 partiya hansılardır?

3 ildir MSK-ya hesabat verməyən 8 partiya hansılardır?


22-04-2022, 09:37
3 ildir MSK-ya hesabat verməyən 8 partiya hansılardır?
Azərbaycanda dövlət qeydiyyatına alınmış partiyaların sayı 58 olsa da, onlardan bəzilərinin fəaliyyəti ilə bağlı hər hansı səs-sorağın gəldiyini söyləmək qeyri-mümkündür. Bu fəaliyyətsizlik özünü təkcə partiyaların ictami-siyasi həyatda iştiraksızlığı baxımından göstərmir, eyni zamanda bir sıra rəsmi öhdəliklərdə siyasi cameənin “ölü canları” tərəfindən yerinə yetirilmir.

Burada söhbət, xüsusilə 8 partiyadan gedir.

Məlum olduğu kimi, siyasi partiyalar hər il əvvəlki ilin maliyyə əməliyyatları ilə bağlı hesabatı Mərkəzi Seçki Komissiyasına təhvil verməlidirlər. 2021-ci il üçün maliyyə hesabatlarının təqdim olunması üçün verilən son tarix isə 20 gün əvvəl, yəni aprelin 1-də başa çatıb. Lakin partiyalardan 10-u hələ də öz öhdəliklərini yerinə yetirməyiblər.

Həmin partiyalar Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq, Haqq-Ədalət və Azərbaycan Yüksəliş Partiyalarıdır.

Sonuncu iki partiya 2021-ci ilin oktyabrında qeydiyyata alındığı üçün, onların illik hesabat verməsinin məcburi olması məsələsinə aydınlıq gətirmək mümkün olmayıb. Məsələyə aydınlıq gətirmək üçün MSK ilə əlaqə yaratmağa cəhd göstərsək də, zənglərimiz cavabsız qaldığı üçün, suallarımız da cavabsız qalıb.

Digər 8 partiyaya gəlincə...

Onların heç biri son 3 il ərzində maliyyə hesabatlarını MSK-ya təqdim etməyiblər (Azad Respublikaçılar istisna olmaqla. Onlar 2019-cu il üçün hesabatı təqdim ediblər). Sözügedən partiyalardan AXCP və ADTP sədrlər səviyyəsində zaman-zaman mətbuatda görünsələr də, digər 6 partiya haqqında eyni sözləri deyə bilmərik.

dia-az.life qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bir müddət əvvəl Bizim.Media-ya verdiyi müsahibəsində hesabat təqdim etməyən partiyaların əksəriyyətinin ya sədrlərinin vəfat etdiyini, ya da partiya strukturlarının fəaliyyət göstərmədiyini bildirmişdi.

“Fəaliyyətsizlər” ləğv oluna bilərmi?

Məlumat üçün bildirək ki, müstəqillik dövründə Azərbaycanda 3 partiya birbaşa, 11 partiya isə digərlərinə birləşərək fəaliyyətini dayandırıb. Fəaliyyəti Ali Məhkəmə tərəfindən dayandırılan partiyaların sayı da 3-ə bərabərdir.

“Siyasi partiyalar haqqında” qanunvericiliyin müddəalarına görə, partiyalar əsasən 2 halda ləğv oluna bilər:

1. Siyasi partiyanın qurultayının və ya məhkəmənin qərarı əsasında;

2. Partiyalar qanunvericilikdə nəzərdə tutulmuş bir sıra qanun pozuntularına yol verdikdə.

Maliyyə hesabatlarını vaxtında təqdim etməyən partiyalara qarşı isə MSK tərəfindən məsələ qaldırıla və onlar inzibati tanbeh tədbiri olaraq cərimələnə bilərlər.

Geri qayıt