Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyana hədə-qorxu gəldilər ki, Rusiyanın razılığı olmadan..."
"Paşinyana hədə-qorxu gəldilər ki, Rusiyanın razılığı olmadan..."25-04-2022, 08:50 |
“Brüssel görüşündə razılığa gəlinmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla və sülh formatında həllində üçüncü qüvvələr iştirak etməsin. Çünki beynəlxalq təcrübə də göstərir ki, belə problemlərin həllində üçüncü tərəfin iştirakı həm də həmin tərəfin maraqlarının təmin olunması ilə müşayiət edilir. Bu da münaqişənin effektiv və sürətli həllinə imkan vermir. Bu baxımdan Brüsseldə əldə olunan razılaşma müsbət hadisə idi. Amma görünür, bundan narazı qalan, qıcıqlanan qüvvələr də var”. DİA.AZ xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ermənistan Baş naziri Nikol Paşinyanın son Moskva səfəri, müzakirə edilən məsələlər və əldə olunan razılaşmaların regiona təsirlərindən danışarkən deyib. Partiya sədrinin sözlərinə görə, Rusiya son Brüssel danışıqlarından sonra özünü kənarda saxlanmış kimi hiss edirdi: “Odur ki, Rusiya nəyin bahasına olursa-olsun Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində özünün Qafqaz maraqlarını təmin etmək istəyir. Baş nazir Nikol Paşinyanı Moskvaya dəvət edərək onu cəzalandırdılar. Daha doğrusu, Paşinyana hədə-qorxu gəldilər ki, Rusiyanın razılığı olmadan Azərbaycanla ikitərəfli danışıqlara başlamasın. Beləcə, Rusiya Ermənistana təzyiqlərlə prosesi yenidən nəzarətə götürməyə cəhd edir. Buna nə dərəcədə nail olduğunu Paşinyanın gələcək addımları göstərəcək”. S. Cəlaloğlunun fikrincə, ilkin olaraq Moskvada imzalanan sənəd, verilən açıqlamalar göstərir ki, Paşinyan Moskvanın dedikləri ilə razılaşıb: “Belə olan halda Brüssel danışıqlarında əldə olunan razılaşmaların həyata keçirilməsində problem yaranacaq”. ADP sədri bildirib ki, Rusiya bu münaqişədə iştirak etməklə onun həllinə imkan verməmək, prosesi uzatmaq və özünə lazım olan əlverişli şərtlərə nail olmaq istəyir. “Bu baxımdan münaqişənin tezliklə həlli gözlənilmir. Düzdür, ötən gün prezident Əliyev verdiyi açıqlamalarda göstərir ki, Azərbaycan münaqişənin həllini, sülh sazişinin imzalanmasını istəyir. Amma təəssüflər olsun ki, Ermənistan müstəqil dövlət deyil”,- deyə S. Cəlaloğlu əlavə edib. Geri qayıt |