Əsas Səhifə > Partiya, Güney Press > "Zelenskinin istəklərindən biri odur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulsun"

"Zelenskinin istəklərindən biri odur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulsun"


26-04-2022, 09:39
"Zelenskinin istəklərindən biri odur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulsun"
Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistin suallarına cavab verərkən ölkəmizi Ukraynaya humanitar yardım etdiyi üçün tərifləyib, ardından da incikliyini dilə gətirib. Zelenski deyib ki, biz bitərəfliyə sona qədər dözüm göstərə bilməyəcəyik.

Ukrayna prezidentinin Azərbaycandan, konkret yazsaq, Azərbaycan Prezidenti İlham Əliyevdən umduğu nədir? Azərbaycan neytrallığını qoruyur və Ukraynaya humanitar yardımlarını çatdırır, sülh üçün əlindən gələni etməyə hazır olduğunu bildirir. Azərbaycan bundan artıq nə etməlidir?

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov bildirdi ki, Azərbaycan dövləti müharibənin ilk vaxtlarından Ukraynaya humanitar xarakterli yardımlar etməyə başlayıb. Azərbaycanın bu addımı beynəlxalq humanitar normalara və Ukrayna ilə münasibətlərinə əsaslanıb. Azərbaycan cəmiyyətində də Ukraynaya dəstək ifadə edildiyi sirr deyil: “Azərbaycan dövləti mümkün olanı edir. Azərbaycan Rusiya ilə qonşudur. Bu ölkə ilə də münasibətlərdə ciddi problemlərin yaranması dövlətimizin maraqlarına uyğun olmazdı. Ukrayna prezidenti Zelenski, şübhəsiz, bu məqamları bilir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib”.

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti, həmçinin Ukraynada yaşayan soydaşlarımız bu haqq davasında Ukraynanın yanında yer alıb və mümkün olduğu qədər dəstəyini əsirgəməyib: “Bu ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olan həmyerlilərimiz də var. Azərbaycan dövləti də bu qardaş ölkədən köməyini əsirgəməyib. Humanitar yardımlar, lazımi dərman vasitələri göndərilməklə yanaşı, təcili tibbi yardım, yanğınsöndürən və digər xüsusi təyinatlı avtomobillərin bu ölkədə yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrində pulsuz yanacaqla təmin olunması da məlumdur. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyan mövqeyi ilə siyasi dəstəyini də ifadə edib. Prezident Zelenski təbii ki, bütün bunları nəzərdə tutaraq təşəkkürünü bildirib. Hesab edirəm ki, regiondakı mövcud durum və şərtlər çərçivəsində Azərbaycandan daha artığını ummaq doğru yanaşma deyil. Ona qalsa, bizə bu illər ərzində torpaqlarımız işğal altında qaldığı sürəcdə ”qarşı tərəfdən bizim etdiklərimizdən daha artıq nə dəstək verilib" kimi haqlı sual ortaya çıxa bilər. O da nəzərə alınsa ki, bizim Qarabağda hələ həllini gözləyən az da olsa problemimiz qalmaqdadır, incikliyə əsas verə biləcək hər hansı səbəbin olmadığı qənaətindəyəm".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Ukraynanın və prezident kimi Volodimir Zelenskinin düşdüyü vəziyyət onu ölkələrdən konkret mövqe gözlədiklərini dilə gətirməyə məcbur edir. Amma Zelenski sanki unudur ki, Azərbaycan və Azərbaycan kimi kiçik ölkələri Britaniya və ABŞ kimi ölkələrlə eyniləşdirib, eyni mövqeni onlardan da gözləmək düzgün deyil: “Rusiya bu regiondakı kiçik ölkələrə hər cür təsir etmək imkanına malikdir. Belə bir reallıq ortada olduğu halda Azərbaycan və digər ölkələrin açıq şəkildə Ukraynanın müdafiəsinə rəsmi şəkildə qalxmaları elə də rahat deyil. Hətta verilən humanitar xarakterli dəstək elə də rahat başa gəlmir. Buna baxmayaraq, Azərbaycan humanitar dəstəyini ilk vaxtdan göstərir. Azərbaycan xalqı isə Ukraynanın haqlı mövqeyini dəstəkləyir, bu dəstəyi ifadə edir. Azərbaycanın siyasi partiyalarının 90 faizindən çoxu Ukraynanın mövqeyini müdafiə edir. Bunu rəsmi bəyanatları ilə ortaya qoyublar. Amma dövlətin rəsmi mövqeyini Zelenski anlayışla qarşılamalıdır. Yəqin ki, Zelenskinin istəklərindən biri odur ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulsun və Ukraynaya rəsmi siyasi dəstək versin, silah versin. Amma Zelenski Azərbaycanın Rusiyanın sərhədində yerləşən kiçik ölkə olduğunu, Britaniya, ABŞ olmadığını da nəzərə almalıdır. Azərbaycan imkan daxilində Ukraynaya humanitar yardım edir.

44 günlük müharibədə biz də dünya ölkələrindən konkret mövqe tələb edirdik. O zaman dünya ölkələrindən çox az sayda dövlət oldu ki, konkret və ədalətli mövqe ortaya qoydu. Mən düşünmürəm ki, Ukrayna prezidentinin Azərbaycandan inciməyə ciddi əsasları var. Azərbaycan son dərəcə qəliz olan geosiyasi vəziyyətdə mümkün olan hər şeyi edir. Zelenski daha çox Fransadan, Almaniyadan, Macarıstandan, Yunanıstandan inciməlidir. Hansı ki, məhz həmin ölkələr bu gün də Rusiyadan külli miqdarda qaz alır və hər gün Rusiyaya 1 milyard avrodan çox pul ödənişi edirlər. Rusiya da həmin ölkələrin verdiyi pullar vasitəsilə müharibəni davam etdirir".
“Yeni Müsavat”

Geri qayıt