Əsas Səhifə > Partiya, Güney Press > Milli Şuranın ANTİMİLLİ GEDİŞLƏRİ...
Milli Şuranın ANTİMİLLİ GEDİŞLƏRİ...27-04-2022, 08:52 |
Demokratik Qüvvələrin Milli Şurası adlanan qurum yenidən ortaya çıxaraq “ictimai-siyasi fəallara qarşı repressiyalar var”, - deyə, bəyanat yayıb. Bəyanatın “əsas ruhu” aydındır - hakimiyyət ittiham edilir. Amma maraqlı olan bəyanat verənlərin beynəlxalq ictimaiyyətə və Azərbaycan cəmiyyətinə yönəlik ittihamlarıdır. Milli Şura hesab edir ki, Azərbaycandakı vəziyyətə görə “beynəlxalq birlik də özünün kəsərsiz mövqeyi ilə ciddi məsuliyyət daşıyır”. Milli Şura “ölkədə belə bir vəziyyətin yaranmasına görə Azərbaycan cəmiyyətinin daşıdığı məsuliyyəti də xatırlatmağı özünə borc bilir”. Xalq hakimiyyətə qarşı “mütəşəkkil qaydada müqavimət göstərmədiyi, mübarizəni öndə olan az sayda ictimai-siyasi fəalın öhdəsinə buraxdığı” üçün qınanır. Maraqlıdır ki, Milli Şura təsvir etdikləri “qorxunc vəziyyətə” görə öz məsuliyyətləri haqda danışmır. dia-az.life-ın məlumatına görə, YAP-çı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bəzi qüvvələrin Ermənistandakı bir sıra qüvvələrlə sinxron hərəkət etdiklərini söylədi: “Azərbaycanda ictimai fəal şəxslərin fəaliyyəti üçün hər cür imkanlar yaradılıb. Dövlət ölkə vətəndaşlarının fəal olmasında, dünyada və ölkəmizdə baş verən proseslərdə aktiv iştirak etməsində maraqlıdır. Bunun üçün bütün ictimai fəal fərdlərimiz, təşkilatlarımız daima dəstəklənirlər. Azərbaycanda çoxsaylı vətəndaş cəmiyyəti institutları formalaşıb, demokratik institutlar yaradılıb, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Azərbaycan dövləti də bütün bunlara dəstək verir. Ancaq təəssüf ki, hazırkı vəziyyətdə Azərbaycanın yaratdığı yeni reallıq ölkədən kənarda olan bir sıra aktyorlar tərəfindən müsbət qarşılanmadığı kimi, Azərbaycanı sevməyən bir sıra mərkəzlər tərəfindən də təqdir olunmur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu olduqca artıqdır, sözü kəsərlidir, qətiyyətlidir. Son dövrlərdə Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyən radikallar, revanşistlər Ermənistanda baş qaldırıb. Buna paralel olaraq, bəzi təşkilatlar da birdən-birə sanki ermənilərlə Azərbaycanda olmayan problemi aktuallaşdıraraq, ölkə cəmiyyətinə və dünyaya təqdim etməyə çalışırlar. Bu doğru deyil, olduqca qərəzli fəaliyyətdir. Bu, Azərbaycanı sevməyən mərkəzlərlə sinxron hərəkət etməkdir. Milli deyil, antimilli fəaliyyətdir. Hazırda Azərbaycan cəmiyyəti heç vaxt olmadığı qədər həmrəydir. Xalqımız heç vaxt olmadığı qədər milli məsələlər ətrafında bütün enerjisini səfərbər edib. Bizim çağırışımız ondan ibarət olardı ki, bu vaxta qədər əks qütbdə olanlar da hazırkı tarixi mərhələdə mövcud gerçəkliyi, reallığı dərk edərək, onu obyektiv qiymətləndirərək, öz fəaliyyətlərini antimilli deyil, milli maraqlar ətrafında formalaşdırsınlar”. ALDP rəhbəri Fuad Əliyevin də fikirləri olduqca sərtdir: “Bu özfəaliyyət dərnəyinin hələ də fəaliyyət göstərdiyini bilmirdim. Keçmişin tör-töküntüləridir. İndi orada qalan 2-3 nəfər bu tipli bəyanat verməklə öz mövcudluğunu göstərmək istəyir. Kim bunları yaradıb, arxasında durub, xalq yaxşı tanıyır. İllər boyu xalqın ümidini qıran bunlar olub. Bir qrup insanı qabağa verib, özləri isə şəxsi maraqlarını təmin etmək üçün hakimiyyətlə danışıqlara gedirdilər, deputat olurdular. ”Ərəb inqilabı", “Narıncı inqilab”, Qazaxıstanda olan proseslərdən, Ukraynada gedən müharibədən danışırlar, həvəslənirlər, sanki bütün bunlar bizdə baş verir... Zelenskisayağı beynəlxalq birliyi ittiham edirlər... Bunlar Azərbaycanı Suriya, Ukrayna kimi görmək istəyirlər. İndi də növbəti sifariş alıblar ki, ölkədə qarşıdurma olsun, vətəndaşları “qorxunc vəziyyətlə” hədələyirlər. Azərbaycan cəmiyyəti bunlara dəstək vermədiyinə görə xalqı ittiham edirlər. Xalqımız çox müdrik xalqdır, şou aləminə aid olan belə “siyasətçilərin”, boşboğazların dalınca heç vaxt getməz və onları dəstəkləməz". Geri qayıt |