Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan tərəfi də konkret praktiki addımlarını atarsa bu məsələ reallaşar"

"Ermənistan tərəfi də konkret praktiki addımlarını atarsa bu məsələ reallaşar"


2-05-2022, 08:24
"Ermənistan tərəfi də konkret praktiki addımlarını atarsa bu məsələ reallaşar"
Prezident İlham Əliyevin 29 apreldə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında diqqət yetirdiyi məsələlərdə biri də Şuşa Bəyannaməsinin dünyaya verdiyi mesaj, “Nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Ermənistanın nəhayət qərar verməli dir ki, onlar bunu necə görmək istəyirlər” bəyanatı oldu.

Prezident bildirib ki, Şuşa Bəyannaməsi dünyaya mesajdır. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində. dia-az.life-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a şərhində bildirib ki, Şuşa Bəyannaməsinin rəsmiləşdirdiyi Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Bu müttəfiqlik bütün dünya üçün nümunədir və dünyaya mesajdır. Şuşa Bəyannaməsinin müddəaları hər keçən gün reallaşmaqdadır. Fevral ayında Azərbaycan və Türkiyə parlamentlərində Şuşa Bəyannaməsi ratifkasiya olunddu və hər iki ölkənin Prezidentləri tərəfindən təsdiqləndi. Bununla da Şuşa Bəyannaməsi işlək bir mexanizm, qüvvəyə minmiş qanun halını alımış oldu:

“İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd hərbi, müdafiə, təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır.

Sənəddə qeyd edilənlər prinsip etibarı ilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını daha da sıxlaşdırır və onun dərinləşməsi üçün geniş imkanlar açır. Dünyaya da mesaj verilir ki, bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir. Bu sənədə görə, Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var. Bu məqam son dərəcə mühümdür. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli strateji əhəmiyyəti həm də budur. Yəqin ki, Azərbaycanın dostları da, bizə dost olmayanlar da Şuşa Bəyannaməsi imzalanandan bu mesajı özləri üçün almış olublar”.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi həmçinin regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmlidir və sülhə xidmət edir:

“Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Azərbaycan nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılmasını istəyir. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik.

Bilirsiniz ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını, nəqliyyat kommunikasiya əlaqələrinin yaradılmasını ləngidir. Hesab edirəm ki, Cənab Prezidentin mesajından İrəvan nəticə çıxarmalıdır. Nəqliyyat, kommunikasiya dəhlizlərinin açılmasından təkcə Azərbaycan deyil, eyni zamanda Ermənistan yararlanacaq, mənfəət götürəcək. Digər tərəfdən də Zəngəzur dəhlizinin açılması 10 noyabr ütərəfli bəyanatında əksini tapır.

Ermənistan bu sənədə imza atmaqla öhdəlik götürüb. Azərbaycan tərəfi dəhlizin açılması istiqamətində öz üzərinə düşən bir sıra praktiki işləri həyata keçirib artıq, təməl qoyulub. Ermənistan tərəfi də konkret praktiki addımlarını atarsa bu məsələ reallaşar. İndi Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, bu qonşuları ilə əməkdaşlıq qurmaqadır. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”.

Geri qayıt