Əsas Səhifə > Partiya, Güney Press > "Mariupol Ağdamdan pis günə düşüb, Ağdam onun yanında “toya getməlidir”"

"Mariupol Ağdamdan pis günə düşüb, Ağdam onun yanında “toya getməlidir”"


4-05-2022, 10:17
"Mariupol Ağdamdan pis günə düşüb, Ağdam onun yanında “toya getməlidir”"
DİA.AZ Millət vəkili Aqil Abbasın "Yeni Müsavat"a müsahibəsini təqdim edir:

- Aqil bəy, bu günlərdə “Ədalət”də bəşəri mövzuda bir yazınızı oxudum: “Allah, qoyma dünya dağıla!” Gedişat kifayət qədər narahatedicidir, hətta qarşılıqlı nüvə təhdidləri var. Necə bilirsiniz, Uca Yaradan allahlıq iddiasında olanları durdura biləcəkmi? Azərbaycanlı yazıçının səsi, harayı eşidildiyi, yaxud eşidiləcəkmi? Yazınızın səsi, sorağı həmin ünvanlara çatacaqmı?

- İnanmıram ki, yazının səsi, sorağı gedib çata. Əstağfürullah, Allahın da o qədər işi var ki, inanmıram hər duanı eşidə. Allah təkcə bizim Allahımız deyil ha, dünyada nə qədər bəşər insanı var, planetlər var. Amma hər ağızda da bir dua var. Mən də ürəyimi boşaltmışdım. Axırını da Ermənistan-Azərbaycan məsələlərinə bağlamışdım, öz camaatımıza da ünvanlamışdım. Təəssüf, əgər BMT-nin başçısının sözünü heç kəs vecinə almırsa, dünya liderlərinin, dünyanın böyük aktyor, sənətkar, bəstəkar, yazıçılarının sözünü eşitmirlərsə, hansısa bir Aqil Abbasın sözünü nə Putin, nə də Zelenski eşidən deyil. Mən ikisində də səhvlər görürəm.

- Biz başı çox çəkən, müharibə ağrı-acılarını yaşayan millətik. Bu gedişatdan nə gözləyirsiniz, uzunmu çəkəcək? Bir sıra hallarda fəhminiz sizi aldatmayıb, bu dəfə nə deyir?

- Fikrimcə, Rusiya qalib gələcək və məğlub olacaq. Yəni savaşı udacaq, amma sonda özünü bitirəcək və buraxacaq. Guya ki, Ukrayna feyk xəbər yayır, amma özlərinin bütün xəbərləri feykdir. Mariupol Ağdamdan pis günə düşüb, Ağdam onun yanında “toya getməlidir”, hələ o birilərini demirəm. Bu boyda vəhşilik olmaz.

- Yadımdadır, 2015-ci ildə rus qırıcısı ilə bağlı kritik vəziyyət yarananda yazıçı dostunuz Rəşad Məcid Türkiyəyə üzr istəməklə bağlı çağırış etmişdi, siz də onu müdafiə etmişdiniz və sərt ictimai təpki ilə üzləşdiniz...

- Axırda biz dediyimiz oldu, Türkiyə üzr də istədi, təzminat da ödədi. Onda da Çingiz Abdullayev yazdı ki, onu söyənlər indi Aqil Abbasdan üzr istəyəcəklər?

- Amma bəlkə də o illərdə Rusiyanın Suriyada mövcudluğuna göz yumulmasa, bu gün Ukrayna fəlakətləri yaşanmazdı, elə deyilmi?

- Suriyada olmalarına bir söz deyə bilmərəm, Suriya hökuməti çağırıb ki, “kömək elə!”. Ukrayna çağırmayıb axı. Sən girirsən Ukraynaya, darmadağın edə-edə gedirsən. Hara girirsənsə, dağıdırsan, dağıtdıqca uduzursan, uduzduqca da qızışırsan, “nüvə bombası atacam”, “filan şəhəri filan dəqiqəyə vuraram”, daha nələr...

- Rus işğalı hədəfinə çatarsa, postsovet məkanını, həmçinin Azərbaycanı nə gözləyir? Tarixin qara səhifələri təkrarlana bilərmi?

- Yox, olmayacaq. Dedim, Rusiya dağılacaq. Mən nüvə mühariibəsinə də inanmıram. Sadəcə, hədələmək, qorxutmaqdır. Səndə nüvə varsa, NATO üzvlərində də var, o da vura bilər. Stalinin sözü var ki, bir insan ölümü faciədir, amma müharibədə minlərlə adamın ölməyi statistikadır. Qırılan ruslar və ukraynlardır. Hələ nə qədər qırılıb, dəqiq bilinmir.

- Ukraynadakı savaş həm də bəşəriyyətin savaşı sayılır, amma qayıdaq Azərbaycana...Əvvəlki söhbətlərimizdən birində beləcə demişdiniz: bir qarabağlı göstər ki, gözlərinin içi gülür. Bu gün necədir, bir qarabağlı qarabağlıların gözünün içinə baxanda nə görür? Gülürmü gözlər?

- Hələ tam gülməyib. Torpaq azad olunub, sevinc var, amma hələ qayıdış başlamayıb. Ən böyük sevinc qayıdış başlayanda, ağdamlılar öz torpağına qayıdanda, öz ev-eşiyini tikib-quranda olacaq. Amma hələ ki, o dediyin yoxdur. Düzdür, mən sevinirəm, Ağdama, Şuşaya gedib-gəlirik. Ağdama tez-tez gedirəm, ürəyim istəyəndə icazə alıb, maşınla gedirəm. Ad günümdə getdim, həyətimizdə tonqal da qaladım. Ad günümü Ağdamda keçirdim, ReAL TV sağ olsun, çəkdi...

- Sizinlə illər öncəki söhbətimi xatırlayıram, Kəlbəcər nisgilinə görə, doğum gününü qeyd etmirdiniz. Amma ilk dəfə ad gününü keçirdiniz.

- Bir söz deyim: mənim əslim kəlbəcərlidir. Babalarım Kəlbəcərdən Ağcabədinin Bayat kəndinə gəlib, bir kənd qurublar, kolanı olduqlarına görə, kəndə də Kolanı deyirlər. Ulu babalarımın Kəlbəcərdəki qəbirlərini gedib tapmışdım, Sırxavənd, Umudlu bizim kəndlərdir. Ostap Bender hara gedirsə, baxırdı, deyirdi yox, bura Rio-de-Janeyro deyil. Dünyanı gəzmişəm, görmüşəm, Avropa başdan-ayağa cənnətdir, amma xanımıma demişəm ki, bura Kəlbəcər deyil. Kəlbəcər tamam başqa bir yerdir. Deyirik, Şuşa alınmaz qaladır, amma əslində alınmaz qala Kəlbəcərdir. O dağlar, daşlar...Bir dənə yol var, onu bağladın, hardan keçəcək? Baxmayaraq ki, Kəlbəcərdə qala yoxdur, amma Kəlbəcər özü Allahın yaratdığı bir qaladır. Bir möcüzəsini deyim, Kəlbəcərdə Dəlidağ var. Bilirsiniz, niyə dəli deyirlər? Göy üzü günəşlidir, bulud yoxdur, beş dəqiqədən sonra qəfil bulud gələr, bir dolu, bir yağış başlayar, 20 dəqiqədən sonra bulud dağılar, gedər... Bir saat sonra görürsən yenə də tufan başladı...Sonra Yüzbulaq deyilən yer var. Saymamışam ki, 100 bulaq var, ya yox, amma adı Yüzbulaqdır. Bir-birindən aralı 20-30 metrlikdə bulaqlardır, hərəsinin öz dadı-tamı. Deyirsən, Allah bunu nə təhər yaradıb? Hələ mən İstisuyu demirəm. Mənim uşaqlığım, gəncliyim Kəlbəcərdə keçib, dağlarda, İstisuda, Keti-meti dağında, Taxtada. Düzənlikdən qalxırdıq adi təpəyə, orda qar ərimirdi. Qarın qurdlu yerlərini təmizləyirdir, altından təmiz hissəsini çıxarır, dondurma kimi yeyirdik, sonra da boğazımız şişərdi. Belə bir qəribə məkandır. Adamları da qəribədir, safdır. Dağ adamları daha saf olur. Ağdamdan Kəlbəcərə gedəndə, Ağdərəni keçəndə gözəl bir dağ yolu başlayır, orda bir “Rus bulağı” var. O yolboyuna nə qədər ağacın üstünə adımı bıçaqla yazmışam. İndi o ağacları görmək istəyirəm ki, görüm qalıbmı? Keti-meti dağı var, İstisu onun ətəyindədir. 9-10-da oxuyanda uşaqları da götürüb çıxmışam o dağın zirvəsinə. Özümüzlə külüng-bel də götürmüşdük. Sonra dağın başına 10 metr uzunluğunda, yarım metr enində AQİL “yazmışam”. Sonra da oranı daşla doldurmuşdum ki, ot bitməsin. İstisudan enib, digər tərəfə qalxanda Taxta deyilən yer var, ordan baxırdım, qarşı dağın üstündə adım oxunurdu. (Gülür) İndi mənə maraqlıdır, o yazı qalırmı, ya ot basıbmı?

- Yadınızdadır, bir dəfə dediniz ki, ad günündə dayıma arzum bu oldu: dayı, səni Qarağacı qəbristanlığında basdırım. Deyəsən, bu mənada arzunuz çin olmadı...

- Yox, çin olmadı. Böyük dayımın 60 illiyində olmuşdu bu söhbət...Ondan bir il sonra rəhmətə getdi. Dedim dayı, səni çiynimdə Qarağacıya aparım, üstündə ağlayım, Quran oxudum, Qarağacıda dəfn edim! Yəni get, Ağdamda öl! Uşaqların, o biri dayımın xətrinə dəydi ki, bu nədir? Qayıtdım ki, nə deyirəm, arzumdur da. Bir il sonra rəhmətə getdi, Badamdarda dəfn etdik.

- Allah rəhmət eləsin.

- ...Ortadan yol gedirdi, sol tərəf köhnə qəbristanlıq idi, bəlkə neçə min il yaşı var idi, sağ tərəfdə də təzə qəbristanlıq. Qəbristanlığın bu başından o başına 2-3 km, eni də 1-2 km idi. İndi...Aşağı tərəfdə meyitləri çıxarıb, taxıl əkiblər. Sağ tərəfi də dağıdıblar, Əsgəran tərəfdə 20-30 qəbir var idi, oranı da dağıdıb taxıl əkəcəkmişlər, Allah qoymadı. Mənim də o qəbristanlıqda iki əzizim yatır, anamla qardaşım. Bizim qəbristanlığımız öz kəndimizdədir, Kolanıda. Amma cavan qardaşım qəzada dünyasını dəyişmişdi, atam onu dədə-nənəsinin yanına aparmadı, dedi ki, bizim evdən qəbristanlığa 18 km yoldur. Dedi, ürəyim istəyəndə hər dəfə ora getməyəcəm ha, Qarağacı qəbristanlığı yaxın idi, orda basdırdı. 3-4 il sonra anam rəhmətə getdi, onu da qardaşımın yanında dəfn etdi.

- Ağdamın azadlığından sonra o qəbirlərin izlərini tapa bildinizmi?

- Tapa bilərəm. Sadəcə, dedilər, minalı ola bilər... Ermənilər qəbirlərin yanında mina basdırırlar. Odur ki, icazə verilmədi. Həm də özüm bir az çəkindim ki, minaya düşərəm.

- Allah hər iki əzizinizə rəhmət eləsin! Bayaq fəhminizdən bəhs etdim. Müsahibələrinizdən birində də demişdiniz ki, kim Qarabağı, Şuşanı azad görməyəcəyiniz düşünürsə, 2 metr ip tapıb özünü assın. Bu əminlik hardan idi?

- Əsas Şuşa idi, Şuşanı aldınsa, Qarabağ sənindir. Elə də oldu. İnsan inamsız yaşaya bilməz axı. Mən həmişə inanırdım ki, əvvəl-axır qüdrətli dövlətimiz, güclü iqtisadiyyatımız, qüdrətli ordumuz sözünü deyəcək. Lap güclənməsək də, ermənilərdə torpaq qoyacaqdıq?

- Bəs, yazıçı fəhmi Xankəndi və digər torpaqlarımızla bağlı nə deyir? Əminlik yenə də varmı?

- Bəli. Tezliklə ya ordakı ermənilər vətəndaşlığımızı qəbul edib, yazdığım kimi, “adam kimi” yaşayacaqlar, yollar da açılacaq, münasibətlər də...Bizimçün ağırdır onları qəbul etmək, onlar üçün də ağırdır. Hələ yaralar təzədir, övladını itirənlər və s. Müharibədir, hər iki tərəfdən hərbçi həlak ola bilər, yaralar tez sağalar. Amma bir də var ki, sən bütün şəhər və kəndlərdə bir dənə bina qoymayasan, bir qəbristanlıq saxlamayasan... Bu, faşizm deyil e, faşizm gözəl bir şeymiş. Faşist insanları tuturdu, deyirdi partizanlıq eləmə. Orada kolxoz da işləyirdi, bazar da. Camaat çörək də, su da tapırdı...

- Aqil bəy, “Qapqara uzun saçlar” və “Dolu”dan sonra "yazmasam da, bəsimdir", demişdiniz. Amma bilirəm ki, yarımçıq əsərləriniz var, “Dolu-2” gözləntimizlə bərabər...

- Ssenarisini yazmışam, 10 günə Mədəniyyət Nazirliyinə verəcəyəm.

- Əla xəbərdir, təbrik edirəm!

- Təkrar-təkrar oxuyuram. Adı “Dolu-2” olmayacaq. “Dolu” filmi Azərbaycanda çox sevilib. Əgər “Dolu”dan sonra yenə o mövzuda film çəkirsənsə, zəif olacaqsa, çəkməsən, daha yaxşıdır, gərək onun kölgəsində qalmasın.

- Zəfərdən sonra bu mövzuda xeyli müzakirələr getməkdədir, ictimai sifariş də var, eyni zamanda dövlət başçısı Kino Agentliyi ilə bağlı sərəncam verdi. Dünya arenasına çıxara biləcəyimiz kinonu çəkə biləcəyikmi?

(Davamı olacaq)

Geri qayıt