Əsas Səhifə > Partiya, Güney Press > " Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir"
" Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir"6-05-2022, 09:33 |
“Son dönəmlərdə Türkiyə Azərbaycanda gücləndiyi və Rusiya üzərində təsirləri artdığı üçün Moskva Azərbaycana daha az təzyiq edə bilir. Buna görə də, Rusiya Qarabağ məsələsini nəzarətdə saxlamaq üçün proseslərə Ermənistan üzərindən qoşulur. Bölgədə təsir imkanlarını saxlamaq Rusiya üçün ölüm-dirim savaşıdır. Çünki Rusiya bütün dünyada mövqelərini itirə-itirə gəlir. Cənubi Qafqazda da mövqelərini itirmək Rusiyaya sərf etmir”. DİA.AZ Ağ partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edir: - Ermənistan müxalifəti bir neçə gündür Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirir. Müxaliflər ondan istefa verməyini, Azərbaycan və Türkiyə ilə apardığı sülh danışıqlarını dayandırmağı tələb edirlər. Ermənistan daxilindəki bu gəlişmələrdən gözləntiniz nədir, ümumiyyətlə, durum niyə bu yerə gəlib çıxdı? - Təbii ki, Ermənistan müxalifətinə və ya İrəvandakı aksiyalara Rusiyanın da dəstəyi var. Rusiya Paşinyanı nəzarətdə saxlamaq üçün zaman-zaman müxalifətdən istifadə edir. Amma mən o düşüncədə deyiləm ki, bu proses Paşinyanın devrilməsi ilə nəticələnəcək. Çünki Paşinyan hələ də müxalifətdən güclüdür. Adam Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq, yenidən seçildi. Yəni Paşinyan Ermənistanın “Qarabağ qəhrəmanları”na qalib gəlmiş liderdir. Dediyim kimi, Paşinyanın tərəfdarları müxalifətin elektoratından daha çoxdur. Yəqin ki, proses yaxın günlərdə səngiyəcək, bir müddət sonra isə effektivliyini tamamilə itirəcək. Amma bu aksiyaların Paşinyanın əlini gücləndirdiyini düşünürəm. Paşinyan aksiyalardan istifadə edib müxalifət və cəmiyyətin ona təzyiq etdiyini əsas gətirərək, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzada, bu baxımdan, xüsusən də Azərbaycan və Qərb qarşısında manevrlərini genişləndirməyə cəhd edə bilər. Yəni bu aksiyalar Paşinyana sərf edir. - Amma Paşinyan müxalifətə cavabında Qarabağın Azərbaycan ərazisi olduğu fikrini yenidən təkrarladı. Eyni zamanda, bunu keçmiş prezident Serj Sərkisyanın da qəbul etdiyini bildirdi. Bəs onun bu mesajını necə anlamalıyıq? - Daxildə Paşinyana qarşı irəli sürülən ittihamlardan biri budur ki, “Artsax”ın “müstəqilliyindən” imtina edib, “Artsax”ı satıb, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və s. Burada əsas söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınmasından gedir. Yəni əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək, Qarabağın da Azərbaycanın ərazisi olduğunu tanıyır. Erməni müxalifəti Paşinyanın üstünə bu ittihamlarla gedir. Bu yöndə Ermənistanda ictimai rəy yaratmağa çalışırlar. Paşinyan da müxalifətin qarşısına əks arqument qoyur ki, Ermənistan 1992-ci ildə BMT-yə, 1991-ci ildə MDB-yə qəbul olunanda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, buna da Köçəryan və Sərkisyanın özü imza atıb. Yəni onu demək istəyir ki, bunu məndən qabaq siz etmisiniz, mən bu gün yeni şey kəşf etmirəm. Paşinyan bunu həm də Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, ondan əvvəl müxalifət, yəni keçmiş hakimiyyətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Düşünürəm ki, Paşinyan istənilən vaxt sülh müqaviləsini imzalaya bilər, bunun qarşısında heç bir maneə görmür. Bunun üçün nə ictimai rəydən, nə də müxalifətdən çəkinir. Eyni zamanda, Paşinyan ictimai rəydə də müxalifətdən öndədir və müxalifətin özündən də güclüdür. Sadəcə olaraq, özünün və Ermənistanın bir sıra maraqlarına görə bu proses uzanır. - Digər yandan, sülh danışıqlarına Rusiyanın da müdaxiləsi hiss olunur, elə Ermənistanda gedən proses də bundan xəbər verir. Belə bir fonda gedən danışıqlar nə qədər səmərəli ola bilər? - Rusiya indi dünyada təklənmiş və sıxışdırılmış durumdadır. Rusiya çalışır ki, təsir imkanları olan hər mövqeni qorusun. Ermənistan-Azərbaycan məsələsi də Rusiyaya Cənubi Qafqazda mövqe tutmaq imkanı verir. Təbii ki, Rusiya Ukraynadakı müharibə fonunda buradakı mövqelərini də itirməmək üçün manevrlər edir. Yeri gələndə Azərbaycana, yeri gələn də Ermənistana təsir edir ki, proses uzansın, sülh müqaviləsi imzalanmasın. Bir anlıq düşünün ki, Ermənistan və Azərbaycan arasındakı bütün problemlər həllini tapıb. Bu halda Rusiya Azərbaycan və Ermənistanı nə ilə təhdid edəcək? Heç nə ilə! Buna görə də, Rusiya məsələlərin birdəfəlik həllinin qarşısını almaq üçün zaman-zaman hər iki ölkəyə təzyiq göstərir. Son dönəmlərdə Türkiyə Azərbaycanda gücləndiyi və Rusiya üzərində təsirləri artdığı üçün Moskva Azərbaycana daha az təzyiq edə bilir. Buna görə də, Rusiya Qarabağ məsələsini nəzarətdə saxlamaq üçün proseslərə Ermənistan üzərindən qoşulur. Bölgədə təsir imkanlarını saxlamaq Rusiya üçün ölüm-dirim savaşıdır. Çünki Rusiya bütün dünyada mövqelərini itirə-itirə gəlir. Cənubi Qafqazda da mövqelərini itirmək Rusiyaya sərf etmir. - Paşinyan ölkəsini rus boyunduruğundan çıxara biləcəkmi? Bu yöndə ABŞ və Avropa Birliyindən ona dəstəyin artması da müzakirə mövzusudur. Hətta xarici işlər naziri Arart Mirzoyanın dörd günlük səfər proqramı ilə Vaşinqtona getməsi də diqqətdən yayınmadı. - Paşinyandan olsa, Ermənistanı dünəndən Rusiyadan qoparıb Avropaya qoşardı. Paşinyan hakimiyyətə də bu şüarlarla gəlmişdi. Hələ yeni hakimiyyətə gələndə Paşinyanın Fransa və Avropa Birliyinin digər dövlətləri ilə anlaşması və sənədlər imzalaması onu deməyə əsas verir ki, Ermənistan Avropaya meyllənib və bu qitənin tərkib hissəsi olmaq, yaxud Rusiyadan ayrılmaq istəyir. Amma bu gün reallıqlar başqa şeyi deyir. Siyasi reallıq Avropanın xeyrinə olsa da, Ermənistanın Rusiyadan tam iqtisadi asılılığı var. Üstəgəl, Ermənistanın bir sıra strateji dövlət müəssisələri borc qarşılığında Rusiyaya verilib və bu ölkənin sərhədlərinin təhlükəsizliyini rus hərbi qüvvələri təmin edir. Ona görə də, Ermənistanı qısa vaxtda Rusiyadan uzaqlaşdırmaq asan deyil. İlk növbədə, bu məsələləri həll etmək lazımdır ki, Rusiyadan uzaqlaşıb Avropaya yaxınlaşasan. Əgər sənin elektrik və qaz şəbəkən Rusiyaya məxsusdursa, sən necə Avropaya gedə bilərsən? Sənin sərhədlərini FTB və Rusiya Sərhəd Xidməti qoruyursa, necə Avropaya meyllənə bilərsən? Bu amillər aradan qalxmadan Paşinyan nə qədər istəyir-istəsin, Ermənistanı Avropaya apara bilməz. Amma bunun üçün çalışır. Geri qayıt |