Əsas Səhifə > Partiya, Güney Press > "SSRİ boyunduruğundan yenicə canımızı qurtarmışıq və bizi yenidən ora qaytarmaq istəyirlər"

"SSRİ boyunduruğundan yenicə canımızı qurtarmışıq və bizi yenidən ora qaytarmaq istəyirlər"


7-05-2022, 09:32
"SSRİ boyunduruğundan yenicə canımızı qurtarmışıq və bizi yenidən ora qaytarmaq istəyirlər"
“Prezident V.Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Bu qanunda Rus imperiyasını, SSRİ-ni yada salan hər şey silinir. Bakının 164 nömrəli orta məktəbində isə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilir. İndiki dönəmdə bu axmaq hərəkət müstəqilliyimizə xəyanətdir. Hesab edirəm ki, həqiqətən müstəqil olmaq istəyiriksə, Rus imperiyasını, SSRİ-ni yada salan hər şey Azərbaycanda da yaddaşlardan silinməlidir”. DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, bu imperiyalar zamanı baş vermiş tarixi hadisələrin hamısı gətirdiyi faciələrlə bir yerdə işıqlandırılmalıdır:

“9 May – Qələbə Günü Böyük Vətən Müharibəsi kimi yox, İkinci Dünya müharibəsi kimi təqdim olunmalıdır və hökmən faşizm üzərindəki qələbədə Bakı neftinin həlledici rolu artıq tədris proqramlarına salınmalıdır. Bunu dəqiq bilmək istəyənlər isə professor Çapay Sultanovun bu mövzuda yazdığı əsərləri oxumalı, onun iştirakı ilə xaricdə çəkilmiş filmləri izləməlidirlər.

Bu mövzuda çox yazmaqdansa, rəhmətlik Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində baş tutan məndən başqa bir neçə nəfərin də iştirak etdiyi məclisdə dediklərini Sizinlə bölüşürəm. Həmin tədbirdə Rüstəm müəllim bildirdi ki, təxminən 1995-ci il Moskvada yaşayan zaman Müstəqil Dövlətlər Birliyinin Kinematoqrafiya İttifaqının təsis edilməsi barədə sənədi bir neçə görkəmli rus ziyalılarının xahişi ilə imzalayır. Bir gün sonra xanımı ona Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin onu telefona çağırdığını bildirir. Telefon danışığı zamanı Heydər Əliyev hal-əhval tutduqdan sonra soruşur ki, o, MDB ilə bağlı hər hansı sənədi imzalayıbmı? Rüstəm müəllim müsbət cavab verən kimi bunun çox səhv addım olduğunu bildirib, əlavə edir ki, biz SSRİ boyunduruğundan yenicə canımızı qurtarmışıq və bizi yenidən ora qaytarmaq istəyirlər.

Ona görə də SSRİ-ni yada salan heç bir sənədə imza atmaq və bununla bağlı heç bir tədbirlərdə iştirak etmək lazım deyil. Həmin vaxt ancaq Heydər Əliyevə olan hörmətindən onun dediyi kimi davransa da sonralar bu addımın nə qədər uzaqgörən olduğunun şahidi olmuşdu...”

Geri qayıt