Əsas Səhifə > Partiya, Güney Press > "Şuşada Türkiyə konsulluğunun yaradılması önəmlidir"

"Şuşada Türkiyə konsulluğunun yaradılması önəmlidir"


12-05-2022, 08:07
"Şuşada Türkiyə konsulluğunun yaradılması önəmlidir"
Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici işlər nazirlikləri arasında danışıqlar gedir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. Səfir bildirib ki, proses daim diqqətdədir. Bağçı onu da vurğulayıb ki, Türkiyə və Azərbaycan bölgədə baş verən hadisələrlə bağlı mütəmadi şəkildə danışıqlar aparır. dia-az.life-ın məlumatına görə, Şuşada türk konsulluğunun açılmasının önəmi ilə bağlı “Şərq”ə danışan Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib ki, 44 günlük savaşdan sonra Cənubi Qafqazda çox ciddi geopolitik dəyişikliklər oldu. Professora görə, önəmli məqamlardan biri də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik mərhələsinə çıxarılması idi:

“İki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin yeri əvəzsizdir.

Azərbaycan və Türkiyə birliyi ilə bağlı dünyaya mesajlar verilməkdədir. Bu mesajlardan ən əhəmiyyətlisi məhz Şuşada Türkiyə konsulluğunun yaradılmasıdır.

Konsulluğun yaradılması çox mühümdür. İlk növbədə Şuşanın Azərbaycanın ayrılmaz tərkib hissəsi və türk birliyinin simvoludur. Ən önəmlisi isə Qarabağdan Rusiya və Ermənistana verilmiş mesajdır ki, hər ikisi Şuşadan gözlərini və əllərini çəksinlər. Qardaşlıq münasibətlərinin maksimum dərinləşməsi qürurvericidir.

Əlbəttə, görüləcək çox iş var və proses asan deyil. Əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin bölgəyə yerləşdirilməsidir. Zamanla konsulluq məsələsi də həllini tapacaq. Əsas odur ki, ortada real iradə və ortaq qərarlar var”.

Geri qayıt