Əsas Səhifə > Partiya, Güney Press > "4 helikopter məsələsi Türkiyənin dəstəyinin olmaması anlamına gəlmir"

"4 helikopter məsələsi Türkiyənin dəstəyinin olmaması anlamına gəlmir"


26-05-2022, 15:16
"4 helikopter məsələsi Türkiyənin dəstəyinin olmaması anlamına gəlmir"
“Vaxtı ilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi”. Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, sabiq baş nazir Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə bu mövqeyə asanlıqla gəlməyib: “Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Göz yaşları həmişə eyni rəngdədir. Odur ki, türk dövlətləri olaraq həmişə həmrəy olacağıq”.

Məlumat üçün bildirək ki, 1993-cü ildə Kəlbəcər işğal olunarkən Azərbaycanın həmin dövrdə prezidenti olmuş Əbülfəz Elçibəy Türkiyə rəhbəri Süleyman Dəmirəldən mülki helikopter istədiyini, ancaq NATO-nun razılığı olmadığı üçün Türkiyənin helikopterləri verə bilmədiyini bildirmişdi. Bu məsələ zaman-zaman gündəmə gətirilir. dia-az.life-ın məlumatına görə, həmin dövrdə Azərbaycan Respublikasının dövlət katibi, daha sonra baş nazir vəzifələrini icra etmiş Pənah Hüseyn “Şərq”ə deyib ki, helikopter məsələsi Əbülfəz Elçibəyin mətbuata açıqlamasında səsləndirilmiş fikirdir. Onun sözlərinə görə, bu ifadələr həmin dövrdə vəziyyətin necə olduğuna diqqəti cəlb etmək məqsədi ilə gündəmə gətirilib:

“Türkiyə tərəfindən, konkret olaraq mərhum prezident Süleyman Dəmirəl tərəfindən bəyanatlar səsləndirilmişdi ki, Türkiyə Silahlı Qüvvələrinin bu münaqişədə Azərbaycanın yanında iştirakı istisna olunur. Amma o dövrdə Türkiyə Rusiya və Ermənistanın Azərbaycana qarşı hücumlarının dəf olunmasında ciddi köməkliklər göstərib. 4 helikopter məsələsi Türkiyənin dəstəyinin olmaması anlamına gəlmir və iki ölkənin münasibətini əks etdirmir. Kəlbəcərin işğalından sonra Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan sərhədində təlim formasında hərəkətləri oldu. Eyni zamanda ABŞ, Rusiya və Türkiyənin üçtərəfli təşəbbüsü olan, ilkin dövrdə ATƏM, sonradan ATƏT adlanan nizamlanma prosesinin yaranmasında da Ankaranın rolu var idi. Yəni Türkiyənin 1992-93-cü illərdə Azərbaycana köməyinin helikopter hadisəsi ilə xarakterizə olunmasının tərəfdarı deyiləm. Bir daha xatırladıram ki, 1993-cü ildə Gəncənin də ələ keçirilməsini nəzərdə tutan Rusiya və Ermənistanın hücum planının pozulmasında Türkiyənin çox ciddi yardımları olmuşdu”.

Geri qayıt