Əsas Səhifə > Partiya, Güney Press > Referendum müzakirələrində MÜƏMMA
Referendum müzakirələrində MÜƏMMA1-06-2022, 09:25 |
“Əgər referendum məsələsi ciddiləşəcəksə, bu istiqamətdə təbii proses olacaq, müzakirələr üçün vaxt ayrılacaq, daha sonra qərar veriləcək”. dia-az.life xəbər verir ki, bu fikirləri ötən həftə gündəmə gətirilən referendum müzakirələrinin çox tez səngiməsinin səbəblərinə toxunan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrin intensivləşdiyi kimi, sürətlə də səngiməsini üç səbəblə əlaqələndirmək olar: “Mən də bu fikirlə razıyam ki, adətən, belə informasiyalar konkret bir hadisə baş verməzdən öncə ictimai rəyin yoxlanılması üçün dövriyyəyə buraxılır, ictimaiyyətin mövqeyi öyrənilir. Bu, birinci variantdır. İkincisi, bu, sızma nəticəsində cəmiyyətə çıxarılan məlumat da ola bilər. Üçüncüsü isə, bəhs etdiyimiz informasiyanın heç bir əsasının olmamasıdır. Çünki müasir siyasi texnologiyalarda rəqiblərə qarşı mübarizədə bəzən olmayan şeyləri cəmiyyətə çıxarmaqla, ictimai rəyi yanlış yönləndirmək, opponentlərin fikrini çaşdırmaq praktikası mövcuddur. Yəni haqqında danışdığımız referendum müzakirələrinin açılması və tezliklə də yığışdırılmasını bu üç səbəblə əlaqələndirmək olar. Məsələyə digər tərəfdən yanaşsaq, Azərbaycan müstəqil dövlətdir və öz Konstitusiyasına əlavə və dəyişikliklər etmək məsələsində sərbəstdir. Maraqlıdır, bununla bağlı aparılan müzakirələr niyə narahatlıq doğurur? Burada söhbət tək referendum ideyasının əleyhinə olanlardan yox, həm də bu müzakirələri yığışdıranlardan gedir. Onsuz da əgər referendum məsələsi ciddiləşəcəksə, bu istiqamətdə təbii proses olacaq, müzakirələr üçün vaxt ayrılacaq, daha sonra qərar veriləcək. Ancaq bu durum onu göstərir ki, bizdə qərar qəbul edən bəzi şəxslər informasiya-kommunikasiya texnologiyaları baxımından, naşı insanlardırlar. Bu səbəbdən onlar bir şey olan kimi qorxurlar ki, görəsən, rəhbərlik nə deyər? Daha demirlər ki, rəhbərlik informasiya-kommunikasiya texnologiyalarının ən yaxşılarından istifadə edir. Bunlar isə hələ də geridə, sovet vaxtında qalıblar. Ona görə də belə hallarla qarşılaşırıq”. Geri qayıt |