Əsas Səhifə > Partiya, Güney Press > "İctimai şuralar nazirliklərin fəaliyyətini tənqid etməlidir"

"İctimai şuralar nazirliklərin fəaliyyətini tənqid etməlidir"


24-06-2022, 08:19
"İctimai şuralar nazirliklərin fəaliyyətini tənqid etməlidir"
Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı keçirilib. Toplantıda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvləri, Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayon icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər. Bakı Gənclər Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbirin moderatoru Elnur Bağırlı konfransı açıq elan edərək, tədbirin proqramı haqqında məlumat verib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, hər bir ölkənin inkişafını təmin edən ən mühüm amillərdən biri dövlətlə cəmiyyət arasında münasibətlərdə ahəngdarlığın təmin edilməsidir: “Dövlətin həyata keçirdiyi islahatlara milli maraqların təmin olunması naminə ictimai dəstəyin göstərilməsi vahid məqsədə çatmaq üçün önəmlidir. Təbii ki, ictimai dəstək və nəzarət mexanizminin formalaşdırılması dövlət tərəfindən müvafiq addımların atılması və cəmiyyət nümayəndələrinin adekvat reaksiya verməsindən birbaşa asılıdır”. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev isə dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışıb.

O bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb: “Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir”.

Digər çıxış edənlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir. Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, Bakı üzrə iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb. dia-az.life-ın məlumatına görə, zona konfransı və müzakirə olunan məsələlərin əhəmiyyəti barədə “Şərq”lə fikirlərini bölüşən Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, ictimai nəzarət demokratiyanın əsas göstəricilərindən biridir:

- Qeyri-hökumət təşkilatlarının özü ictimai nəzarət funksiyasını yerinə yetirən vətəndaş institutu təsisatıdır. Dövlətlə vətəndaş arasında körpü yaradan da qht-lər – ictimai təşkilatlardır. Yəni əslində, belə olmalıdır. Müxtəlif dövlət orqanları nəzdində yaradılan ictimai şuralar məhz bu məqsədə xidmət etməlidir. İctimai Şuralar hansısa komitənin, nazirliyin bir qolu, əlavəsi kimi fəaliyyət göstərməməlidir. Vətəndaşların maraqlarına xidmət etməli, vətəndaş cəmiyyətinin çağırışlarını dövlət orqanlarına çatdıran və problemin həllinə çalışan təsisat olmalıdırlar. İctimai şuralar nazirliklərin fəaliyyətini tənqid etməlidir, çatışmayan cəhətləri göstərməli, problemləri dilə gətirməlidir. İctimai şuralar qeyri-hökumət təşkilatları kimi vətəndaş cəmiyyətinin bir parçası olmalıdır. Diqqət etdim ki, həmin zona konfransında qht-lərin aktivləşməsi, dövlət-cəmiyyət həyatında fəal iştirak etmələri tövsiyə olunub. Hazırda ölkədə yüzlərlə ictimai birlik, təşkilat fəaliyyət göstərir. Əksəriyyəti də müəyyən layihələrdə iştirak edir, vətəndaş cəmiyyətinin hansısa problemi ilə bağlı layihələr həyata keçirirlər. Amma bu, kifayət etmir. QHT-lərin aktivləşməsi və vətəndaş cəmiyyətini layiqli təmsil etmələri üçün onlara müstəqillik verilməlidir. Biz indiyədək hansısa qht-nin bir dövlət orqanını, nazirliyi tənqid etdiyini görməmişik. Halbuki, tənqid işin daha yaxşı icrası, problemlərin həlli üçün təkandır.

Hansısa dövlət komitəsi, nazirlik işin harada axsadığını bilmirsə, o çatışmazlığı necə aradan qaldıra bilər? Bunu da vətəndaş cəmiyyəti, qht-lər etməlidir. QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir. Sevindirici olan budur ki, ölkədə xalqın ictimai nəzarəti var.

Görürük ki, proseslərə, hadisələrə ictimaiyyət tərəfindən çevik reaksiyalar verilir. Bu, çox yaxşıdır. Demokratik cəmiyyət məhz belə olmalıdır. Amma qht-lərin fəaliyyətində bu, o qədər də müşahidə edilmir. Məsələn, bələdiyyə sistemini götürək. Bələdiyyələr faktiki icra hakimiyyətlərinin bir qoluna çevrilib. Halbuki, bələdiyyə strukturu müstəqil, sərbəst idarəçilik metodudur. Bələdiyyə özü vətəndaş cəmiyyətinin bir parçasıdır. Lakin icra hakimiyyətlərinin bir parçası kimi fəaliyyət göstərir. Qanunlar bələdiyyələrin yüksək statusunu təsdiqləyir. Lakin reallıqda bələdiyyələr asılı quruma oxşayır.

Bu problem tezliklə həllini tapmalıdır. İşlək mexanizmlər olmalıdır ki, ictimai nəzarət funksiyası axsamasın. Vətəndaş cəmiyyəti institutları dövlətə əlavə yük olmasınlar, dövlət idarəçiliyinə dəstək olan qurum kimi fəaliyyət göstərsinlər.

Geri qayıt