Əsas Səhifə > Partiya, Güney Press > "Sazişdə bu müddəa bu günə qədər icra edilmir"

"Sazişdə bu müddəa bu günə qədər icra edilmir"


28-06-2022, 08:48
"Sazişdə bu müddəa bu günə qədər icra edilmir"
Hazırda Laçın şəhərindən Ermənistan üçün müvəqqəti açıq saxlanılan humanitar dəhlizin Zəngəzur dəhlizinə alternativ olaraq hansı şərtlər daxilində saxlanacağı müzakirə olunur. Bu gün regiona Laçından baxsaq, reallıqlar nədən ibarədir? Bu istiqamətdə “Həftə içi”nə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin üzvü Mahir Abbaszadə mühüm məqamlara toxunub. DİA.AZ həmin müsahibəni təqdim edir:

– Mahir müəllim, bu gün Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də sülh carçısı olan beynəlxalq təşkilatların mövcud reallıqda proseslərə münasibəti nədir?

– Azərbaycan 2020-ci ilin noyabr ayından sonra yeni reallıqları ortaya qoyub. Bu gün tamamilə başqa bir Azərbaycanın, başqa bir Cənubi Qafqazın şahidləriyik. Azərbaycanın yaratdığı bu reallıqlar postmüharibə dövründə özünü daha çox büruzə verməkdədir. Ölkə rəhbərliyinin qeyd etdiyi kimi, əgər müharibə bitibsə, Dağlıq Qarabağ mövzusu tarixə qovuşubsa, deməli, postmüharibə dövründə yaranan yeni reallıqlara uyğun olaraq, sülh müqaviləsi imzalanmalıdır. Yeni reallıqlar kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, quru yolların bərpa edilməsi, sərhədlərin delimitasiya və demorkasiyasının başa çatdırılması, dövlətlərin bir-birinin ərazisinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasını və bütün işlərin sülh şəraitində davam etdirilməsini tələb edir. Bunun ən müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycanın ortaya qoyduğu sülhə aparacaq 5 baza prinsipini Rusiyanın Prezidenti Vladimir Putin, eyni zamanda, Avropa İttifaqının rəhbəri Şarl Mişel dəstəkləyib.

– Zəngəzur və Laçın dəhlizi ətrafındakı proseslər sülh masasına, yoxsa antiterror əməliyyatlarına aparıb çıxaracaq?

– 10 noyabr bəyanatının həyata keçirilməsində əsas tərəflər Azərbaycan və Ermənistandırsa, ən böyük cavabdeh Rusiyadır. Prezident Vladimir Putinin bu sənədin altında imzası var. Xatırlayırsınızsa, həmin vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında qeyd edirdi ki, Vladimir Putin məndən xahiş etdi ki, biz Ermənistanın təslimçi çağırışlarına müsbət reaksiya verək. Biz də bu məsələni ortaya qoyduq ki, saziş imzalanacaqsa, o sənəddə iki maddə öz əksini tapmalıdır. Maddələrin birində qeyd olunur ki, sülhməramlılar Azərbaycanın Qarabağ bölgəsinə daxil olduğu andan Ermənistan silahlı birləşmələri həmin ərazilərdən çıxmalıdır. Bu sirr deyil ki, Ermənistan tərəfi ilk vaxtlar bunu həyata keçirməyə başladısa, sonrakı müddətdə gördük ki, Qarabağın müəyyən bir yerində hələ də silahlı birləşmələr qalmaqdadır. Bu, əlbəttə ki, nəinki Qarabağda, elə ondan kənarda da sülhə və təhlükəsizliyə təhdiddir. Həmin zamanlar işğaldan azad etdiyimiz Xocavənd rayonunun meşələrində bir qrup terrorist Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildi. Əgər həmin terrorçuların bir qismi Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olmuşdularsa, bir qismi Qarabağda olan Azərbaycana qarşı döyüşən separatçılar idi. Yəni sazişdə bu müddəa bu günə qədər icra edilmir. Əslində, rus sülhməramlıları bu müddəanın icra olunmasını təmin etməlidirlər, amma etmirlər...

– Niyə, səbəb nədir?

– Burada yenə də ikilistandartlı mövqe ortaya çıxır. Sülhməramlılar bölgədə özlərinin vacibliyini göstərmək üçün hələ ki, bu müddəanın tamamilə icra olunmasını icra etmək istəmirlər. Bəli, demək olar ki, Qarabağda olan erməni silahlıları əvvəlki kimi ağır texnikalara malik deyillər, amma bütün hallarda bu, təhlükəsizliyə təhdiddir. Azərbaycan ərazisində ancaq Azərbaycanın silahlı qüvvələri ola bilər, digər bütün silahlı birləşmələr qeyri-qanunidir və bunlar qanunla qadağan edilir. Burda isə birbaşa cavabdeh Rusiyadır.

İkinci müddəa isə kommunikasiyaların və quru yolların bərpası ilə bağlıdır. Əgər Ermənistan tərəfi çıxışlarında qeyd edirsə ki, sazişdə “Laçın dəhlizi” sözü var, amma Zəngəzur dəhlizi sözü yoxdur”, o zaman sual olunur: bəs Azərbaycanın Ermənistan ərazisindən keçərək Naxçıvanla birləşən yolun bərpası hansı ərazidən keçməlidir. Onda belə çıxır ki, biz gedib Sisyandan, Yerevandan keçməliyik? Yox, bizə ən yaxın ərazi tarixi Zəngəzur ərazisidir. Biz ona “tarixi Zəngəzur” ona görə deyirik ki, o ərazilər bizim torpaqlardır. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Möhtərəm prezident IX Qlobal Bakı Forumunda bunu çox açıq-aydın qeyd elədi. Dedi ki, 1920-ci ilin noyabrında Azərbaycanda sovet hökuməti qurulandan sonra sovetlərin fərmanı ilə Qərbi Zəngəzur tamamilə alınıb Ermənistana verilib. Həmin vaxtın statistikasında görünür ki, Qərbi Zəngəzurda bir nəfər də olsun erməni yaşamayıb. Hamısı azərbaycanlılar olub. Əgər Ermənistan Qarabağla bağlı “status” və yaxud başqa fikirlərə düşsə, belə çıxır ki, biz də Qərbi Zəngəzur məsələsini qaldırmalıyıq. Yəni bu gün Azərbaycan tərəfinin qaldırdığı məsələ Laçın dəhlizinin fəaliyyət göstərməsi ilə bərabər, Zəngəzur dəhlizinin açılması məsələsidir. Avropa Şurası bu layihəni dəstəkləyir. Layihənin Ermənistan tərəfindən keçən hissəsinin tikintisi ilə bağlı Avropa İttifaqının vəsait ayırması ilə bağlı razılığı da var. Eyni zamanda beynəlxalq təşkilatlar bunu dəstəkləyir. Bu yaxnlarda Bakıda İƏT-in konfransda qəbul olunmuş bəyanatın maddəsində xüsusilə yazılır ki, İƏT üzvləri gələcəkdə loqistik imkanların yaxşılaşdırılması, iqtisadi həyatın əlverişli olmasını dəstəkləmək nöqteyi-nəzərindən Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Bu artıq beynəlxalq sənədlərdə öz əksini tapmaqdadır.

Eyni zamanda Şuşa Bəyannaməsinə baxsaq, orada da Türkiyə tərəfindən Zəngəzur dəhlizinin açılması dəstəklənir.

Zəngəzur dəhlizinin açılmaması səbəblərindən biri hələ ki, Laçın dəhlizi ilə bağlı məsələnin tam aydınlaşmaması ilə bağlıdır. Laçın dəhlizi Laçın şəhərinin mərkəzindən keçir, demək olar ki, biz hardasa bu dəhlizlə bağlı məsələlərə o qədər də ciddi yanaşmırıq. 10 Noyabr sazişinin müddəalarına uyğun olaraq, Azərbaycan tərəfi yaxın 3 il müddətində Laçından yan keçən alternativ yolun çəkilməsini öz üzərinə götürüb. Məndə olan məlumta görə, bu yeni dəhlizin Ermənistana birləşdirilməsi bu gün Qarabağın ərazisində yaşayan erməni əsilli vətəndaşların Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə iyul-avqust aylarında istifadəyə verilməlidir.

– Ermənilər həyəcan təbili çalır ki, Paşinyan iyulun 1-də Laçın dəhzilini təhvil verəcək...

– Məsələ ondan ibarətdir ki, bu dəhliz indiki Laçın şəhər mərkəzindən yox, yeni çəkiləcək yol ərazisindən keçəcək. Laçın mərkəzidə yerləşən rus sülhməramlıları isə artıq yeni çəkilmiş yolun təhlükəsizlik məsələlərinə baxacaq. Belə olduğu təqdirdə Laçn şəhərində yaşayan 3-4 erməni ailəsi, Zabux kəndində yaşayan 4-5 erməni ailələri artıq bu əraziləri tərk edib gedəcəklər. Çox maraqlı haldır ki, nə Laçın şəhər mərkəzində, nə də Zabuxda yaşayan ermənilərin heç bir statusu yoxdur. Onlar nə Azərbaycan, nə də Ermənistan vətəndaşları deyillər. Bəziləri Suriyadan, digər yerlərdən o yerlərə qeyri-qanuni köçürülüblər. Ermənistan narahat olub ki, yenə də böyük qaçqın ordusu ilə üz-üzə qalacaq.

İkinci mühüm cəhət ondan ibarətdir ki, bu gün Qarabağda yaşayan ermənilərin işıq və qazla təminatını təşkil edən xətlər Laçının mərkəzindən keçir. Sülhməramlıların Laçın şəhər mərkəzindən çıxması nəticədə həmin qaz və işıq xətlərinin Azərbaycan tərəfinin nəzarətinə keçməsinə gətirib çıxardacaq. Bu da Ermənistan tərəfdə narahatlıq yaradır.

Üçüncü məsələ odur ki, Azərbaycan tərəfi yeni dəhlizi istifadəyə verdikdən sonra cənab Prezident bu dəhlizin Zəngəzur dəhlizi ilə eyni hüquqa malik olacağını indidən ən yüksək tribunalardan elan edib. Bildirib ki, əgər Ermənistan gələcəkdə Zəngəzur dəhlizinin açılmasına, istifadə edilməsinə indiki münasibəti sərgiləyəcəksə, deməli Azərbaycan tərəfi də Laçın dəhlizinin nəzarətdə saxlanmasını, karidorunun sonunda Azəbaycan silahlı qüvvələri Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi ilə bağlı yoxlama və digər əməliyyatların keçirilməsini özündə saxlayır. Ölkə rəhbəri açıq şəkildə bütün tirbunalardan bunu qeyd edir. Ermənistan tərəfi bunu özləri üçün təhlükə görür və guya qarşısını almaq üçün nümayişlər keçirir, Azərbaycana şər-böhtan atır, “Zəngəzur dəhlizi” yoxdur deyir. Müharibədən yeni çıxdığımız ərəfədə möhtərəm prezidentin bir bəyanatı var idi. Orada qeyd edilir ki biz Ermənistan istəsə də, istəməsə də, ya zorla, ya xoşluqla Zəngəzur dəhlizinin açılmasına nail olacağıq.

–Laçına yeni yolun çəkilisi zamanı hansi kəndlər boşaldılacaq?

– Məndə olan məlumata görə, indi Laçın rayonunun şəhər mərkəzindən keçən dəhliz Laçın rayonunun Ağanus, Qarıkaha, Sus, Zabux kəndlərini əhatə edir. İndiki hazırda şəhər mərkəzi və sadaladığım kəndlər rus sülhməramlılarının nəzarəti altındadır. Biz hazırda dəhlizin enini 5 kilometr nəzərdə tuturuq. Bu 5 kilometr sərhəddə isə rus sülhməramlıları təhlükəsizlik tədbirləri görür. Amma yeni dəhliz istifadəyə verildikdən sonra Laçın şəhərində bir qədər əvvəl sadaladığımz kəndlər tamamilə boşaldılacaq və bizim istifadəmizə veriləcək. Hazırda Azərbaycanın kəndlərindın çəkilən yeni dəhliz Qayğı qəsəbəsindən keçərək Ermənistanın ərazisinə daxil olur. Qayğı qəsəbəsindən keçən yol Qubadlı rayon istiqamətindən Laçın şəhər mərkəzinə gedən yolda kəsişir. Məndə olan məlumata görə, o kəsişməni aradan qaldırmaq üçün çox böyük hündürlükdə körpü tikilib. O körpü erməniləri öz istiqamətinə aparacaq və Laçın rayonuna gedən istiqamətdə də heç bir kəsişmə baş verməyəcək. Qeyd etdiyim kimi, bu gün Laçın şəhərinin mərkəzində fəaliyyət göstərən rus sülhməramlıları yeni yolun çəkilişindən sonra yeni dəhlizin mühafizəsi ilə məşğul olacaqlar. Təbii ki, həmin yolda olmasa da, amma o yola yaxın məsafələrdə Azərbaycan tərəfi də öz postlarını qoyub onun mühafizəsi ilə məşğul ola bilir. Bu da yəqin ki, müvəqqəti hal daşıyacaq. Müqavilədə qeyd olunur ki, 4 il 6 aydan sonra, yəni müqavilənin müddətinin bitmsinə 6 ay qalmış tərəflərdən biri sülhməramlıların burada xidmət etməsinə etiraz edəcəksə, sülhməramlılar çıxıb gedəcək.

– Laçın şəhərinin baş planı hazırlanırmı?

– Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan Respublikasının Şəhərsalma Arxitekura Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin – həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarının baş planının hazırlanması prosesi gedir. Məndə olan məlumata görə, artıq bəzi rayonların baş planları cənab Prezidentə təqdim edilib.

Laçın şəhər mərkəzinin baş planının hazırlanması mərhələsi başlasa da, işin gedişinin sürəti zəifdir. Bunun da əsas səbəbi odur ki, bu gün Laçın şəhərinin mərkəzində rus sülhməramlıları fəaliyyət göstərir. Onlar yeni yolun mühafizəsi ilə məşğul olduqdan sonra bu iş daha sürətlə gedəcək. Buna baxmayaraq, Laçın kəndlərinin baş palanlarının hazırlanması sürətlə gedir. Məndə olan məlumata görə, bəzilərinin müfəssəl planı hazırlanır. Buna misal olaraq Güləbird, Qorçu, Şəlvə kəndlərini göstərə bilərəm. Artıq bu kəndlərdə Baş planla bağlı yekunlaşma işləri gedir. Bundan sonra baş planın müfəssəl hazırlanması, layihləndirmə və sonra tikinti prosesinə başlanacaq...

– Mahir müəllim, qeyd etdiniz ki, Azərbaycan Prezidenti Ermənistanın öz iddialarından əl çəkməyib sülhə gəlməyəcəyi təqdirdə, Azərbaycanın da Qərbi Azərbaycan məsələsini, eləcə də Laçın Dəhlizinin bağlanması məsələsini qaldıracağını bəyan edib. İstərdim bu mesajların fonunda Zəngəzura doğru cızılan yol xəritəsində iqtisadi siyasətmizin srtateji mövqeyni qeyd edəsiz?

– Biz bu Vətən torpağının bizim üçün iqtisadi baxımdan nə dərəcədə əlverişli olduğunu nəzərdən keçirməliyik. Qarabağ və Şərqi Zəngəzur ərazilərini bərpa edib, dağılmış iqtisadiyyatı dirçəldib Azərbaycan iqtisadiyyatına reinteqrasiya etsək, bütövlükdə müasir iqtisadiyyatımızın 20 faiz böyüməsinə nail ola bilərik. Bütövlükdə Azərbaycanın su ehtiyatlarının təxminən 27 faizi, mineral su ehtiyatlarının 40 faizə yaxını işğaldan azad edilmiş ərazilərin payına düşür. Bölgənin relyefini, coğrafiyasını, zənginliyini, yüksəkliklərinin verdiyi imkanları nəzərə alsaq, gələcəkdə bu yerlərdə turizimin, sağlamlıq turizminin inkişafı istiqamətində işləri qura bilərik. Təbii ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə həm Qarabağın iqtisadiyyatının, həm Şərqi Zəngəzurun istisadiyyatının qurulması ilə bağlı atılan addımların ana kökü ona dayanır ki, biz bu ərazilərdə dağılmış iqtisadiyyatımızı bərpa etməli, bura yeni iqtisadi reformalar gətirməli, bu ərazilərin bizə imkan verdiyi təbii sərvətlərdən, coğrafi üstünlüklərdən əlverişli istifadə etməliyik.

İqtisadiyyatın böyüməsi prosesində ən mühüm faktorlardan biri də bu ərazidə olan loqistik imkanlarn dəyərləndirilməsidir. Azərbaycan Prezidenti uzun müddət ölkəmizin loqistik imkanlarının genişləndirilməsi ilə bağı kifayət qədər işlər görüb. Azərbycan Bakı-Tiflis neft boru kəmərinin, Bakı-Tiflis-Qars Dəmir Yolu xəttinin, Bakı-Tiflis-Ərzurum qaz-kəmər xəttinin müəllifidir və TANAP və Tap layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir. Nəzərə alaq ki, Azərbaycan 2018-ci ildən başlayaraq Ələtdə Böyük İqtisadi Zonanın yaradılması ilə məşğul olur. Ələt artıq gələcəkdə böyük bir xalq mərkəzinə çevrilməkdədir. Azərbaycan Böyük İpək yolu layihəsinin müəlliflərindən və həm də təşəbbüskarlarından biridir. Avropadan Çinə gedən ildə, təxminən, 240 milyard manatlıq ticari dövriyyənin 10 faizi həmin yol vasitəsilə Azərbaycandan keçəcək. Yəni ölkəni logistik mərkəzə çevirmək üçün Azərbaycanda kifayət qədər təcrübə var. Xatırlayırsınızsa, biz TAP, TANAP layihəsini irəli sürəndə beynəlxalq təşkilatlar bizə kredit ayırmadılar. Azərbaycan öz maliyyə imkanları və siyasi iradəsi ilə bu layihələri həyata keçirdi. Bu gün həmin layihə Avropanın enerji təhlükəsizliyində iştirak edir və avropalılar da etiraf edirlər ki, cənab Prezidetin apardığı siyasət nə qədər də uzaqgörəndir. Azərbaycan bu meydanda sanki tək idi, amma bu layihə başa çatan kimi dostları çoxalmağa başladı. İndi Azərbaycan Dövləti həmin təcrübəni davam etdirərək, hazırda bölgədə inkişafın, iqtisadi vəziyyətin dəyərləndirilməsinin ən yaxşı yolu kimi komminikasiyaların bərpası və logistik imkanlarda görür. Füzulidə beynəlxalq hava limanının açılışına nail ola bilmişik. Zəngilanda hava limanı sürətlə tikilməkdə davam edir. Laçının Qorçu kəndində Laçın hava limanının tikintisi, dəmir yolu xətlərinin çəkilməsi və kilometrlərlə uzun, yeni – 50 metrə yaxın 4, 6, 8 zolaqlı yolların çəkilməsi davam etdirilir. Kommunikasiyaların bərpası nəticədə Ermənistanla Azərbaycan arasında istər quru, istər dəmir yolu xəttinin çəkilib istifadəyə verilməsi ilə bitəcək. Regionda yaratdığımız reallıqlar ondan ibarətdir ki, bölgəmizdə müharibə bitib, bölgəmizdə davamlı sülh və təhlükəsizlik olmalıdır. Biz kommunikasiyaları bərpa etməklə, həm də iqtisadi əlaqələri bərpa edəcəyik.

Gəlin etiraf edək ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik və gərgin münasibətlərin yaraları sağalmayıb. 1992-ci ildə ermənilərin Azərbaycan ərazisində başladığı müharibə ölkəmizə kifayət qədər yaralar vurub. Ermənistanın Azərbaycana, Türkiyəyə qarşı apardığı tarixi düşmənçilik, erməni diasporasının uzun illər türkə qarşı aparığı siyasət, türk diplomatlarının xaricdə təqib olunması, öldürülməsi, yalançı erməni soyqırımı ilə bağlı aparılan təbliğatı nəzərə alsaq, ermənilərin tez bir zamanda düşmənçilikdən əl çəkəcəyini düşünmək sadəlöhvlük olar. Ermənistanı sülhə gətirən yolların ən birincisi Prezidentin də qeyd etdiyi kimi, Dəmir Yumruğumuzdur. Onlar Azərbaycanın güclü ordusun, güclü iqtisadiyyatını gördükcə, heç bir çıxış yollarının qalmadığını anlayırlar. Ona görə də yolların açılması aktuladır və günümüzün reallığıdır. Prezident qeyd etdiyi kimi, Ermənistanın ağlı qalib gələrsə başa düşər ki, bu gün bölədə logistik imkanların açılması əslində Ermənistanın özünə lazımdır. Ermənistanın xarici borcu dövlət büdcəsindən iki dəfə çoxdur. Özlərinin etiraf etdiyinə görə, hər il Ermənistanı 70 min insan tərk edir. Məğlub ordu, döyüşdə uduzmuş xalqı da bunun üstünə gəlsək, Ermənistanda vəziyyət çox çətindir. Ermənistan bir az düşünsə görər ki, kommunikasiyaların açılması, sərhədlərin deilimitasiya və demorkasiyası başqa dövlətin ərazisinə hörmət edilməsi ən çox Ermənistana lazımdır.

Qlobal Bakı forumunda iştirak edən nümayəndlər bildirdilər ki, Azərbaycan dünyada bəlkə də yeganə dövlətlərdən biridir ki, mühribədə qalib gəlib, amma məğluba sülh əlini, təhlükəsizlik əlini özü uzadır. Azərbaycan təklif edir ki, səni məğlub etmişik, iqtisadiyyatın ağırdır, dilənçi vəziyyətindəsən, biz Cənubi Qafqaz xatirinə, bölgəyə sülh və təhlükəsizliyin gəlməsi, xalqların gələcəkdə birlikdə abad yaşaması naminə əlimizi uzatmağa hazırıq.

Düzdür, Azərbaycan hər zaman münbit torpaqları, humanizmi, təbii sərvətləri, gözəlliyi ilə öyünür. Bizim bir şeydə bəxtimz gətirməyib – Ermənistan kimi mənfur qonşumuz var. Ermənistan dünyada yeganə dövlətdir ki, terroru dövlət səviyyəsində dəstəkləyir. Azərbaycanda törədilən terror hadisələrində Ermənistanın, xüsusi xidmət orqanlarının birbaşa əl var. Qonşuluq siyasətində yeganə şərt sülhün, əmin-amanlığının olmasıdır.

Ən əsas məsələ odur ki, Azərbaycanda ölkə rəhbərinin apardığı siyasət Azərbaycan xalqının iradəsini özündə ehtiva edir. Azərbaycan xalqı da bilir ki, Zəngəzur Azərbaycan torpaqlardır və hansı formada olursa-olsun, biz Zəngəzura qayıtmalıyıq. Başlanğıc Zəngəzur dəhlizinin açılmasından keçir.

–Ermənistan bu 30 il ərzində Azərbaycana böyük zərərlər vurub və buna görə mütləq təzminat ödəməlidir. Bu məsələdə “humanistlik” adı ilə təzminatın ödənilməsindən imtina məsələsi ortaya çıxarıla bilər?

– Yox!.. Biz müharibə dövründə və sonrakı mərhələdə artıq gördük ki, Ermənistan tərəfi işğal etdiyi Azərbaycan ərazilərində həyatı məhv edib. Bütün sosial, yaşayış obyektlərini dağıdıb, Azərbaycanın təbii sərvətlərini talan edib xarici ölkələrə satıb, böyük vəsaitlər əldə edib. Bu ərazilərdə olan təbii sərvətlərə, xüsusən də fauna və florasına olduqca ciddi zərbələr vurub. Azərbaycanın tarixi, mədəni abidələrini tamamilə darmadağın ediblər. Heydər Əliyev Fondu və Mehriban xanımın rəhbərliyi ilə tarixi abidələrin bəzilərinin bərpa prosesi sürətlə gedir. Tarixi abidələrimizin böyük əksəriyyətini tamamilə yer üzündən siliblər. Bütün bunlar Azərbaycan xalqına vurulmuş böyük ziyanlardır. Bilirik ki, cənab Prezidentin tapşırığına əsasən beynəlxalq ekspertlər vurulmuş maddi-mənəvi zərərin hesablanması ilə bağlı bu məsələyə cəlb edilib. Dəymiş ziyan hesablanıb bitdikdən sonra, artıq Ermənistan tərəfi beynəlxalq məhkəmələrdə cavab verməlidir. Azərbaycan xalqı bu təzminatın hansısa bir formada ödənilməsini səbirsizliklə gözləyir. Bu dəfə Ermənistan tərəfinə layiqli dərs verilməlidir. Necə ki, cəbhədə o dərsi vermişik. Postmüharibə dövründə də Ermənistan tərəfi layiqli dərsini almalıdır ki, bir də Azərbaycan ərazilərini işğal etmək və ərazilərimizə ziyan verməklə bağlı fikirlərə düşməsin. Bu istiqamtdə müəyyən işlər gedir. Düşünürəm ki, biz beynəlxalq məhkəmələrdə Ermənstanın cavab verməsi və təzminatın ödənilmsi məsələsini gündəliyə gətirəcəyik.

Geri qayıt