Əsas Səhifə > Partiya, Güney Press > “İRAN AZƏRBAYCANDA GİZLİ TƏXRİBATLA MƏŞĞULDUR VƏ BU, AÇIQ TƏHDİDDİR”
“İRAN AZƏRBAYCANDA GİZLİ TƏXRİBATLA MƏŞĞULDUR VƏ BU, AÇIQ TƏHDİDDİR”28-06-2022, 11:21 |
Son zamanlar İran-Azərbaycan münasibətlərini gərginləşdirmək və Azərbaycanda dini zəmində müəyyən təxribatlar törətmək cəhdləri müşahidə olunur. Azərbaycanda guya “Allahın təhqir edilməsi” iddiası və bununla paralel olaraq Tehranda və digər şəhərlərdə etiraz aksiyalarının təşkili də bu niyyətə xidmət edir. DİA.AZ xəbər verir ki, “AzPolitika.info” bu mövzunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə müzakirə edib: - Sabir bəy, son zamanlar sanki kimlərsə Azərbaycan-İran münasibətlərinin pozulmasına çalışır, bunun üçün əlindən gələni edir. Bu baş verənləri necə qiymətləndirirsiniz? - Vaxtı ilə Rusiyanın məşhur Avrasiya nəzəriyyəsini irəli sürən mütəxəssislərindən biri Aleksandr Duqin bölgənin geopolitikası mövzusunda kitab yazmışdı. O, yazırdı ki, Moskva, Tehran və İrəvan türk dünyasının yaxınlaşmasına imkan verməməlidir. Təsəvvür edin ki, bu kitabı dərsliyə salıblar, səhv etmirəmsə, universitetlərdə tədris edilir. Bəli, Azərbaycan bu planların qarşısını aldı. Yeri gəlmişkən, mən Qazi Universitetində Duqinlə birlikdə tədbirdə olmuşdum. Türk həmkarlarıma da dedim ki, bu adam tədbirdə neçə çıxış edə bilər? Axı, yazdığı kitabda özünü türk düşməni kimi təqdim edir. Duqin də çıxışı zamanı bildirdi ki, kitabı yazan zaman elə düşünürdü, indi isə ayrı cür düşünür. Amma dərslik ortadadır. Bu yaxınlarda da özü müsahibə verib və deyib ki, dediyi və yazdığı heç bir sözdən imtina etmir. Vəziyyət belədir. İllər uzunu Moskva və Tehran arasında anlaşma var. İrəvan da orada yaxından iştirak edir. Tehranın İrəvana dəstəyi və yardımı gözümüzün önündədir. İran eyni zamanda şiəlik adı altında Suriya və İraqda fəaliyyətini davam etdirir, islam dünyasını parçalayır. Lavrovla Rəisinin görüşündə Əfqanıstan və Suriya məsələləri müzakirə edilib. İran Suriyada da işləyir. Onun əsas hədəflərindən biri Türkiyə, Türk dünyasıdır. Çünki İran əhalisinin yarısı türkdür və onun ən ciddi narahatlığı budur. Ona görə də, Cənubi Azərbaycanı boşaltmaq siyasəti yürüdür, oradakı adamları işsiz-gücsüz vəziyyətdə qoyur. Urmiya gölünü qurudub və nəticədə azərbaycanlılar oradan köçür. Bütün bunlar göz önündədir və düşmənçilikdir. Biz İranla dövlət olaraq dinc qonşuluq siyasətini davam etdiririk, amma İran öz gizli niyyətlərindən heç vaxt əl çəkmir. Türk düşmənçiliyindən, oradakı azərbaycanlılarla bağlı tutduğu siyasətdən imtina etmək niyyətində də deyil. İran həm də bütün bunları din və şiəlik adı altında görür. Biz də müsəlmanıq, əhalimizin bir hissəsi bu məsələlərdə həssasdır. Odur ki, məscidlərin, təriqətlərin, habelə orada oxutduğu tələbələrin gizli və açıq fəaliyyəti ilə Azərbaycanda gizli təxribatla məşğuldur, ildən-ilə bunu genişləndirməyə çalışır. Bu, çox açıq təhdiddir və Azərbaycan üçün ciddi təhlükələrdən biridir. Çünki Azərbaycan dünyəvi dövlətdir, burada dinin öz yeri var, dini dövlətimiz qoruyur, inkişaf etdirir. Azərbaycan dövlət başçısı hara gedirsə, hökmən məscidlərə baş çəkir. Burada din qorunur, yeni-yeni məscidlər tikilir, təmir olunur. Amma din siyasətə qarışmalı deyil, dövlət siyasəti ayrıdır. Lakin İran din pərdəsi altında çox ciddi fars şovinist siyasəti yeridir. Bu, çox təhlükədir. Azərbaycan bunu bilməlidir və dövlətimiz, ictimai qurumlar, xalqımız bu məsələdə ayıq olmalıdır. Biz bilməliyik ki, İran burada hansı şəkildə fəaliyyət göstərir. Uzun müddət burada İranın Mədəniyyət Mərkəzi adına fəaliyyət vardı. Ocaq Nicatın fəaliyyəti göz qabağındadır. Danışıqları belə Azərbaycan dilinə qarşı təbliğatdır, dilimizi pozmaq niyyətidir, dilimizi farsa uyğunlaşdırıb kökdən saptırmaqdır. Bunlar millətin beynini çirkləndirirlər. Kimlərsə aksiya keçirir, guya Azərbaycanda Allahı inkar edən var. Azərbaycanda Allaha qarşı kim çıxa, onu inkar edə bilər? Bunlar guya Allahın müdafiəçiləridir, Allahı müdafiə etməyə çıxıblar? Azərbaycanda Allahı müdafiə etməyə ehtiyac yoxdur. Bunlar təxribatdır. Həm də ciddi təhlükədir. Siyasi müstəvidə mübarizə aparanlarla danışmaq, dil tapmaq daha asandır. Yəni onlar sivil yolla, dinc şəraitdə fəaliyyət göstərirlər. Amma bəhs etdiyimiz təbəqənin istənilən məsələnin dinc və sivil formada həlli üçün təşəbbüsü görünmür. Cəhalətlə dil tapmaq və onunla mübarizə aparmaq çətindir. Təəssüflər olsun ki, cəmiyyətimizin bir hissəsi bu cəhalətin içindədir və onu dəyişdirmək, normal şəkildə başa salmaq, doğru yola gətirmək son dərəcə çətindir. - Sizcə, dediyiniz küçəyə çıxanların təsir imkanları və tərəfdarları çoxdurmu? - Zahirən baxanda məlum olur ki, xeyr. Çox deyil. Amma Azərbaycanda ümumi xırda narazılıq dalğası olsa, onlar güclü şəkildə ortaya çıxa bilərlər. Odur ki, bizim təhsil sistemimiz güclənməli, dini təhsilin mərkəzi Azərbaycan özü olmalıdır. Biz kənar ölkələrə dini təhsil adı altında kütləvi tələbə göndərməməliyik. Ola bilsin ki, yüksək səviyyəli dini təhsil üçün müxtəlif ölkələrə tək-tək uşaq göndərmək olar. Amma Qum təhsili az qala kütləvi şəkildə, istədiyi qədər gənclərimizi dini təhsilə cəlb edir. Bununla maraqlanırlarmı ki, oraya hansı yolla gedirlər, niyə gedirlər? Həmin dini təhsili burada almaq olmazmı? Əlbəttə, hazırda Azərbaycanda bu sahədə müəyyən işlər görülür. - Azərbaycanda dini müdafiə adı altında küçələrə çıxan iranpərəst kəsim İranın Ermənistana hər cür dəstək verdiyini görmürmü? - Bilirsinizmi, İranda da rəsmi siyasət Azərbaycanla dinc qonşuluqdur. Mən hələ 1990-cı illərin əvəllərində üç dəfə Seyid Əli Xamenei ilə görüşmüşəm. Azərbaycanca danışır, mehriban münasibət sərgiləyirdi. İran rəsmiləri də Azərbaycanla bağlı daim müsbət danışır. Amma orada da müəyyən dini və hökumətə yaxın qüvvələr var. Məsələn, “Səhər” proqramı hər zaman bizi təhqir edirdi, amma soruşanda İran rəsmiləri deyirdilər ki, bu proqram hökumətə bağlı deyil. Nə dərəcədə səmimi olduqları aydın məsələdir. Amma hər halda belə deyirlər, bəhanələri var. Qasım Süleymani öldürüləndə az qala bizdə yas saxlayanlar oldu. Milli şüur məsələsinə ciddi diqqət etməliyik, milli şüurumuzu yüksək səviyyədə saxlamalıyıq. Eləcə də dünyada gedən proseslər haqqında cəmiyyətə geniş məlumat verilməlidir. Biz ümummilli siyasət izləməliyik. Güney Azərbaycanda baş verən prosesləri də millətimiz bilməlidir. Çünki millətimizin əsas hissəsi oradadır. Onlar İranda yaşayırsa, bu o demək deyil ki, həmin bu toplumu unutmalıyıq. Onların milli haqları, təhsil məsələlərini rəsmi şəkildə də danışmaq olar. XXI əsrdir, necə ola bilər ki, bir millətin öz dilində təhsili olmasın. Bütün bunlar ciddi məsələləridir və Azərbaycanın gələcək siyasətində bunun forması, şəkli, həyata keçirmək yolları düşünülməlidir. - Bəs, Azərbaycanda İranı müdafiə edənlər nədən İranın Ermənistan siyasətini ittiham etmirlər? - Onlar tərbiyəni orada alıblarsa, beynləri o cür işləyirsə, bunu edə bilməzlər. Mən bir zamanlar nazir vəzifəsində çalışanda İrana rəsmi görüşlərə gedirdik. Bir neçə dəfə nazirin otağına girməzdən əvvəl görürdük ki, otaqdan Bakıdan gedən dindar çıxır və bizə də “xoş gəlmisiniz” deyir. Sanki ev sahibidir. Onlar orada özlərini İranın tərəfdarları, az qala kəşfiyyatçılar və rezidentlər kimi aparırdılar. Sözsüz ki, həm də yüksək səviyyədə maliyyələşdirilirdilər. Odur ki, İran nə deyəcəksə, onlar da onu edəcək. Başqa cür danışmaq imkanları yoxdur. Geri qayıt |