Əsas Səhifə > Partiya, Güney Press > “İki il əvvəl münasibətlər daha gərgin idi, İran da başa düşdü ki..."
“İki il əvvəl münasibətlər daha gərgin idi, İran da başa düşdü ki..."30-06-2022, 09:23 |
“İran və Azərbaycan arasında gərginlik Vətən müharibəsindən sonra ortaya çıxmışdı. İran narazılığını bildirir, bəyanatlar verirdi, hərbçilərini sərhədə gətirmişdi. Əslində bunların hamısı hədə idi. Ancaq anladılar ki, Azərbaycanla bu, düzgün dil deyil və bizimlə belə dillə danışmaq mümkün deyil. Ona görə ki, Türkiyə və Pakistandan elə mesajlar aldılar və anladılar ki, Azərbaycan burada tək deyil. Bundan sonra Rusiyaya getdilər. Amma ruslar da onları başa saldılar ki, səhvə yol verirsiniz. Bundan sonra bütün işlər qaydasına düşdü”. DİA.AZ xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib. O əlavə edib ki, İran nəqliyyatla bağlı hər şeyin hazır olduğunu deyir: “Amma bunu sınaqdan çıxarmaq lazımdır. Arazın İran sahili ilə körpülər tikilməli, avtomobil və dəmiryolu çəkilməlidir. Bu məsələlər var. Eyni zamanda bu vaxta qədər Rəşt-Astara yolu İran tərəfindən inşa edilib, amma təhvil verilmir. Həmçinin Xəzər konvensiyasına imza atsa da, indiyə qədər ratifikasiya etməyib. Odur ki, indiyə qədər bizim Xəzərdə mübahisələrimiz ikitərəfli qaydaya salınmayıb. Elə məsələlər var ki, onlar müzakirələr tələb edir. Amma əvvəlki dövrlə müqayisədə bu müzakirələr və danışıqlar konstruktiv formada gedir”. Rasim Musabəyov bildirib ki, indi yaşananlar gərginlik üçün əsas ola bilməz: “Əslində əvvəllər də hansısa məsələlərdə ümumi fikirlər olmadığı məqamlar da olub. Amma nəzərə alın ki, iki il əvvəl hər şey hərbi hədə səviyyəsinə gəlib çıxmışdı. İndi bu yoxdur. Əlbəttə, Azərbaycan müstəqil siyasət aparır”. Geri qayıt |