Əsas Səhifə > Partiya, Güney Press > Deputatların YAY MƏZUNİYYƏTİ: Fazil Mustafa futbol oynayacaq, bəs başqaları?

Deputatların YAY MƏZUNİYYƏTİ: Fazil Mustafa futbol oynayacaq, bəs başqaları?


2-07-2022, 09:20
Deputatların YAY MƏZUNİYYƏTİ: Fazil Mustafa futbol oynayacaq, bəs başqaları?
İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Onların tətil müddəti nizamnaməyə əsasən avqustun 30-dək davam edəcək. Deputatların məzuniyyətini harada keçirəcəyi isə əksəriyyət üçün maraqlıdır. Buna görə də, bir neçə deputatımızla kiçik sorğu apardıq. Əksəriyyəti iş çoxluğunu dilə gətirərək tətili ölkə daxilində keçirəcəyini bildirib.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev hələlik bir qərara gələ bilmədiyini qeyd edərək, yerli turizm xidmətlərinin bahalılığından söz açıb:

“Mənim hələlik məzuniyyətimlə bağlı heç bir qərarım yoxdur. Məzuniyyətim çox güman ki, ailəmlə rayonları gəzməklə keçəcək. Azərbaycandan kənarda hələ ki hər hansı bir plan nəzərdə tutmamışam. Gəzmək üçün də yaxşı imkan lazımdı, deməzdim ki, Azərbaycan otelləri, restoranları ucuzdur. Doğrudan da istirahət üçün xeyli pul vəsaiti tələb olunur. Bu səbəblə əksəriyyət Türkiyədə, Gürcüstanda və digər ölkələrdə daha ucuz şəkildə tətil edirlər. Amma şükür Allaha biz özümüz birtəhər yola verə bilirik”.

Deputat Elman Nəsirov isə işlərin çoxluğundan məzuniyyət planını hələ düşünə bilmədiyini deyib:

“İşlərimiz o qədər çoxdur ki, məzuniyyət haqqında fikirləşməyə də vaxt olmayıb. Amma ölkəmizin səfalı yerlərindən birində istirahət etmək istəyirəm. Beynimdən Şəki də keçir, Lerik də. 15 gün müddətində ailəlikcə istirahət etmək fikrimiz var”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli isə Türkiyəyə gedəcəyini dilə gətirib amma bu səfər məzuniyyətlə bağlı deyil:

“Mən məzuniyyətimi ölkəmizin qərb bölgəsində düşünürəm. Bir həssini burada keçirəcəyəm digər hissəsini isə Abşeron yarımadasında. Sırf həkimlik fəaliyyətimlə bağlı olaraq 1 həftəlik Türkiyəyə də səfərim olacaq”.

Millət vəkili Fazil Mustafa bu məzuniyyəti daha səmərəli keçirənlərdən olacaq, çünki:

“Yay məzuniyyətini əsasən Bakıda keçirəcəyəm. Çünki dənizqırağında qum futbolu ilə məşğul oluram. Ola bilər ki, İsmayıllı, Şamaxı və digər başqa rayonlara da gedim. Bütünlükdə çalışmalarım çoxdur, başqa yerə gedəndə vaxt itkisi çox olur deyə harasa getməyi elə də nəzərdə tutmuram. Amma ana yurdum Naxçıvana da getmək istəyirəm”.

Deputat Zahid Oruc da iş çoxluğundan yay tətilini ölkə daxilində keçirməyi düşünür:

“Sosial Tədqiqat Mərkəzi bilirsiniz ki, cəmiyyətlə işləyən bir qurumdur. Həmçinin ictimai rəyi davamlı şəkildə izləyir və öyrənirik. Bizim mütləq şəkildə, adekvat olaraq baş verən hadisələrə, prosesslərə sorğu alətləri vasitəsi ilə cəmiyyətin səsini çatdırmaq kimi vəzifəmiz var. Bu mənada işimizin çoxluğu istirahət ilə bağlı konkret vaxt təyin etmək imkanı vermir. Düşünürəm ki, avqust ayının son on günlüyündə elə ölkə daxilində, ölkənin sakit guşələrindən birində istirahət edəcəyəm”.
//Bizim.Media//
Geri qayıt