Əsas Səhifə > Partiya, Güney Press > Moskva bizdən nə istəyir?..
Moskva bizdən nə istəyir?..7-07-2022, 08:27 |
"Rusiyanın apardığı müharibənin, atdığı addımların əsas məqsədi SSR-ini bərpa etməkdir. Belə ki, SSRİ dağıldıqdan və respublikalar müstəqillik əldə etdikdən sonra Rusiyanın əsas məqsədi MDB məkanını öz nəzarətində saxlamaq idi. Bu günə qədər də iqtisadi baxımdan böyük potensialı olan ölkələrdə münaqişələrin yaradılması, demokratik təsisatların bərqərar olduğu yerlərdə respublika quruluşunun pozulması, aranı qarışdırmaq proseslərini başlatdı". DİA.AZ xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib. Onun sözlərinə görə, bu prosesi ən birinci Azərbaycan yaşadı: "Müstəqillik uğrunda mübarizə apardığımız dövrdə 20 Yanvar hadisələri, müstəqillikdən sonrakı dövrlərdə Qarabağ problemi, 26 fevral Xocalı soyqırımı, Şuşanın işğalı, Laçının işğalı həyata keçirildi. Müstəqil dövlət kimi olaraq neftimizin dünya bazarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft xəttinin pratokolu imzalanan vaxt, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı, ötən illərdəki Azərbaycan-Ermənistan münasibətləri, 5-ci kolonun ölkəmizdəki fəaliyyəti Kremlin bu istiqamətdəki addımlarıdır. Rusiyanın 5-ci kalonu faktiki olaraq, müstəqillikdən sonra əksər ölkələrdə normal demokratik seçkinin aparılmasına, milli dövlətin qurulmasına imkan vermədi". B.Quliyevin fikrincə, son illərdə isə Qazaxstan olayları, daha sonra Ukrayna ilə müharibə faktoru onu göstərir ki, Rusiya MDB ölkələrinin hər şeyə tamamilə Rusiyanın maraqları baxımından yanaşmasını istəyir, bu ölkələrin heç birinə xarici siyasətdə müstəqil fəaliyyət göstərməyə imkan vermir: "Son vaxtlar Türkdilli dövlətlərinin yeni bir siyasi sistemi qurub, yollar çəkilir. Bu proseslərdə Rusiya ilə Çinin maraqları Orta Asiyada toqquşur. Paralel olaraq Türkdilli dövlətlərin yaxınlaşdığı bir vaxtda, türk faktorunun yenidən gündəmə gəldiyi vaxtda türkdilli respublikalar arasında ziddiyyət yaradılır. Bu yaxınlarda prezident İlham Əliyevin Özbəkistana səfərə getməsinin səbəbi də yaxınlaşan münasibətlərin fonunda idi. Dolayısı ilə MDB məkanında mövcud olan dövlətlərdə cəmiyyətin, idarəetmə sisteminin özündə elə bir incə məqamlar var ki, aparılan islahatları, konstitusiyadakı boşluqları, ziddiyyətləri qabardaraq aranı qarışdırmaq mümküdür. Çünki bu dövlətlərdə demokratikləşmə prosesi hə başa çatmayıb. Ona görə də islahatlar aparılarkən yerli xalqların, qurumların rəyini nəzərə almaq lazmdır. MDB məkanında yerləşən Türkdilli respublikaların hamısında əsas məsələ demokratiya amilinin nəzərə alınmasıdır". Partiya sədri vurğuladı ki, demokratik islahatlar Moskvanın istəyinə görə yox, milli dövlətin qurulması istiqamətində aparılmalıdır: "Bunun üçün də dövlətdə bütün institutlar fəaliyyət göstərməlidir. Bir nəfərin hakimiyyətinin uzadılması istiqamətində yox, yerlərdə iş aparmaq lazımdır. Prosesləri elə aparmaq lazımdır ki, daxili gərginliklərdən unitar dövlətə zərbə dəyməsin. Şövkət Mirzəyev dövlətin əksər strukturlarında işləmiş adamdır. Dövlət təhlükəsizliyi, idarəetmə ilə bağlı bütün prosesləri, demokratik təsisatların yaradılması məsələsini xalqla müzakirə etmək lazımdır. Faciələr önlənməlidir, ictimai müzakirələr aparılmalıdır. İslahatları bir nəfər aparmamalıdır, xalqın rəyi öyrənilməlidir. Hüquqi bazanın yaradılması zamanı ölkədəki bütün maraqlı qruplarının maraqlarını, o cümlədən geopolitik mənzərəni nəzərə almaq lazımdır. Rusiya mövcud boşluqlardan istifadə edib gərginlik yaratmağa çalışır". B.Quliyev onu da əlavə etdi ki, Özbəkistanın çox böyük iqtisadi potensialı var: "Özbəkistan SSRİ-də yeganə sistem idi ki, rus maşınlarından imtina etdi, Cənubi Koreya ilə birlikdə nəqliyyat sistemini özü qurdu və inkişaf etdirdi. Hətta Cənubi Koreya ilə birlikdə təyyarə, ictimai nəqliyyat avtobusları də istehsal edirlər. Nəqliyyat sisteminə yeni texnologiyaların gətirilməsi baxımından Özbəkistan Orta Asiyada bir örnək dövlətdir. 34 milyonluq əhalisi, böyük gücü, milli ruhu olan bir respublikadır. Tranzit baxımından coğrafi imkanları da yüksək səviyyədədir və Özbəkistanın strateji əhəmiyyəti var. Qaraqalpaq ərazisi 1936-cı ilə qədər Qazaxıstanın nəzarətində olub. Sonradan həmin ərazilər Özbəkistanın tərkibinə verilib. Orada yaşayan qaraqalpaqların, türkmənlərin, özbəklərin yaşam tərzi ümumi türk xalqına xasdır. Onlarda milli şüurun oyadılmasına ehtiyac var". Partiya sədri hesab edir ki, o civardakı türk dövlətlərinin bir-birinin daxili məsələlərinə sayğı və hörmətlə yanaşması da Rusiyanın təxribat qüvvələrinin həmin coğrafiyadan çıxarılması baxımından mühümdür: "Demokratik təsisatların formalaşması, milli demokratik idarəetmə sisteminin qurulması, yerlərdə idarəetmə ilə bağlı sərbəstliklərin verilməsi, siyasi sistemdə bir nəfərin yox, proporsional seçki sistemi ilə bölgələrdə idarəetmənin bərqərqar olunması, hökumətin mərkəzləşmiş sistemdə partiyalarla proporsional seçki sistemi yolu ilə birgə çalışması çox vacibdir. Bu proses başladığı üçün Rusiya müdaxilə edir. Çünki Kreml inkişafa və demokratik prosesə qarşıdır. Ölkədaxili problemlər fonunda ziddiyyətləri artırmaqla , hər kəsə diqtə etməklə təsir altına salmağa çalışır. Azərbaycanda da 22 fevralda Rusiya ilə müttəfiqlik müqaviləsi imzalamaq məcburiyyətində qaldı. Üstəgəl Rusiya Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli müqaviləsinə tələblərinə əməl etməsinə imkan vermir. Eyni zamanda istədiyi vaxt Tacikistanla Qırğızıstan arasında münaqişəni alovlandırır, Ukraynaya müharibə elan etdi". B.Quliyevin sözlərinə görə, bütün bunlar onu göstərir ki, bu dövlətlər MDB məkanında müstəqillik uğrunda mübarizələrinə ciddi yanaşmalıdırlar: "Çünki istənilən boşluqdan Kreml istifadə edir. MDB məkanında son baş verənlər də bir tərəfdən Rusiyanın güc faktorunu ortaya çıxarır, digər tərəfdən antirusiya əhval-ruhiyyəsini artırır. Rusiya Ukraynada hərbi qarşıdurmanı daha da gücləndirəcək. Öz iqtisadiyyatı dağıldığı üçün ətraf respublikaların müstəqil siyasətinə mane olmağa çalışacaq, iqtisadi inkişafa mane olacaq. Çünki ərazi bütövlüyü, təhlükəsizlik, demokratik idarəetmə istənilən ölkədə iqtisadi inkişafa zəmin yaradan faktorlardır. Gələcəkdə Rusiyanın bu bölgə ilə bağlı planları var, bütün MDB dövlətlərinin KTMT-yə üzv olmasına və özünün orada dominantlığının bərpa olunmasına çalışır. Beləcə istənilən prosesdə sülhü bərpa etmək adı altında qoşunlarını rahatlıqla gərginmlik ərazilərə yerləşdirə biləcək. Daha sonra mərkəzi hakimiyyəti zəiflətməklə öz maraqlarını diqtə etməyə çalışacaq. Ona görə MDB dövlətləri milli və demokratik dövlət quruculuğunda fəal olmalıdır. Hər bir halda Rusiya faktoru da bir təhdid kimi nəzərə alınmalıdır". Geri qayıt |