Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya getdikcə daha da aqressivləşir"

"Rusiya getdikcə daha da aqressivləşir"


11-07-2022, 09:52
"Rusiya getdikcə daha da aqressivləşir"
“Əvvəllər deyirdim ki, yeni dünya düzəni quruculuğu ilə bağlı geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub. İndi isə geopolitik sınma xətləri - həm bizim regiondan, həm də qonşu regionlardan keçən belə xətlər geopolitik qarşıdurma cəbhələrinə çevrilib. Biz hazırda bu sınma xətləri üzərində gərginliyin artdığını müşahidə edirik. Bu sınma xətlərindən qarşıdurma xəttinə çevrilən nöqtələrdən biri də Şimali və Cənubi Azərbaycanın arasından keçir”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər deyib.

S. Əkbər bildirib ki, gərginlik təkcə Azərbaycan ətrafında deyil, Suriya və Türkiyə ətrafında da müşahidə olunur:

“Əgər biz məsələyə türk dünyası kontekstində baxsaq mənə elə gəlir ki, mənzərə daha aydın olar. Türkiyə türk dünyasının hazırkı lideridir və Suriyada əməliyyat keçirməyə hazırlaşır. Əslində hazırlıqları başa çatdırıb. Amma əməliyyatların başlanması yubanır. Niyə? Çünki nə ABŞ, nə də Rusiya bu əməliyyata razılıq vermir. Son zamanlar ABŞ tərəfindən müəyyən razılığın verildiyi bildirilir. Xüsusilə, Tel-Rifat və Menbiç istiqamətlərində. Yəni Fərhat çayının qərb sahilləri ilə bağlı. Amma Rusiya narahat olub. Xüsusilə, Türkiyənin Rusiyanın gözləntilərinin əksinə, amma bizim gözləntilərimiz doğrultusunda İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməsi, eləcə də prezident Ərdoğanın “İttifaqımızın Ukraynaya dəstəyi tamdır” deməsindən sonra, Rusiya Suriyada Türkiyə üçün problemlər yaratmağa başlayıb”.

S. Əkbər əlavə edib ki, Rusiya Azərbaycan və Azərbaycan ətrafında, eləcə də Qazaxıstan və Özbəkistanda problemlər yaradır: “Xəzərdə də problemlər yaradacaq və buna hazır olmaq lazımdır. Ən əsası, bu işdə Rusiya kimi yanına alıb? İran və Ermənistanı! Nəticədə bizim üçün əlverişsiz olan bu üçbucaq yenidən iş birliyi yaradıb”.

Partiya sədrinin fikrincə, gərginliyə bu kontekstdən baxılmalıdır. Onun sözlərinə görə, Özbəkistanda baş verənlər də Rusiyanın yeni imperiya ambisiyalarının “suya düşməsinin” göstəricisidir: “Rusiya getdikcə daha da aqressivləşir. Ukraynada böyük uğursuzluqlarla üzləşdikdən sonra bu aqressiya daha da artacaq. Potensial müttəfiq kimi baxdığı keçmiş SSRİ respublikalarına hücumlarını gücləndirəcək. Qənaətimcə, Qazaxıstan və Özbəkistanla münasibətlərə bu yöndən baxılmalıdır. O cümlədən Azərbaycanla münasibətlərə.

Amma Rusiya və Putin strateji uğursuzluğa düçar olub. Onun Ukraynada operativ-taktiki səviyyədə məğlubiyyəti gözlənilir. Sadəcə, dünyada elə vəziyyət yaranıb ki, bu məğlubiyyətin Rusiyada yaradacağı bir neçə səbəbdən çəkinən Qərb, Ukraynaya dəstəyi intensiv və miqyaslı verməkdən ehtiyat edir. Bu o deməkdir ki, Putinin operativ-taktiki səviyyədə uğursuzluğa düçar olacağına şübhə yoxdur. Sadəcə, indi hərbi əməliyyatı elə qurmaq istəyirlər ki, Putin Rusiyasının verəcəyi reaksiya nəzarət altında olsun. Yəni proseslər nəzarətdən çıxmasın”.

Geri qayıt