Əsas Səhifə > Partiya, Güney Press > 33 yaşlı Xalq Cəbhəsi:

33 yaşlı Xalq Cəbhəsi:


16-07-2022, 08:54
33 yaşlı Xalq Cəbhəsi:
Bu gün müasir dövr Milli Azadlıq Hərəkatının öncül qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 33-ci ildönümüdür.

Cebhe.info xəbər verir ki, 1989-cu il iyulun 16-da təsis edilən AXC Sovet imperiyasına qarşı milli-azadlıq hərəkatının əsas təşkilati qüvvəsi kimi tarixə düşüb.

AXC-nin və SSRİ-dəki digər müttəfiq respublikalardakı demokratik qüvvələrin fəallığı ilə yaranan böyük azadlıq hərəkatı imperiyanın süqutu ilə nəticələndi. Milli oyanış hərəkatı tezliklə bütün SSRİ respublikalarını, Şərqi Avropanı əhatə etdi. Xalq Cəbhəsinin təsiri Güney Azərbaycanda da hiss edildi. Tezliklə Quzeydəki xalq hərəkatının təsiri ilə Güneydə milli oyanış hərəkatı başlandı.

Azərbaycanda milli şüurun oyanışı prosesi ötən əsrin 80-ci illərinin sonunda başlanmışdı. Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, Azərbaycan qarşı əsassız ərazi iddiaları milli düşüncəli ziyalıları hərəkətə gətirmişdi. Paytaxt Bakıda və regionlarda ilk milli təşkilatılar, dərnəklər yaranmışdı. Moskvanın ermənilərin azğınlığına laqeyd münasibəti, yerli imperiyapərəst hakimiyyətin səbatsızlığı tezliklə milli qüvvələri açıq fəaliyyətə keçməyə sövq etdi.

1988-ci ildə Sovet imperiyasına qarşı başlanan və 18 gün davam edəndən sonra amansızcasına dağıdılan Meydan hərəkatı AXC-nin yaranması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Bununla da xalq hərəkatında təşkilatlanma mərhələsi başladı.

1989-cu il iyulun 16-da Azərbaycanın 30 rayonundan məşvərətçi səsi olan 240, səsvermə hüququ olan 196 nəfərin iştirakı ilə Bakıda AXC-nin təsis konfransı keçirildi. Xalq Cəbhəsinin yaranması haqda dünya xalqlarına 22 dildə müraciət göndərildi.

Bakıda yarıgizli təsis olunan konfransda Əbülfəz Elçibəy AXC-nin ilk sədri seçildi. Canbaxış Umudov, Etibar Məmmədov, Əlikrəm Hümbətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Pənah Hüseyn, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə AXC İdarə Heyətinin üzvü seçildi.

1992-ci il prezident seçkisində AXC sədri Əbülfəz Elçibəy Azərbaycan Prezidenti seçildi.

Cebhe.info

Geri qayıt