Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyn Avropa İttifaqıyla imzlanan memorandumu ALQIŞLADI

Pənah Hüseyn Avropa İttifaqıyla imzlanan memorandumu ALQIŞLADI


20-07-2022, 09:15
Pənah Hüseyn Avropa İttifaqıyla imzlanan memorandumu ALQIŞLADI
Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında eneri sahəsində əməkdaşlığın inkişafı üzrə memorandum imzalanıb.

Memoranduma əsasən, Azərbaycanın Aİ ölkələrinə qaz nəqlinin artırılması nəzərdə tutulur.

Bu sazişə müxalifətin mövqeyi necədir? DİA.AZ xəbər verir ki, müxalifət partiyalarının sədrləri Bizim.Media-ya açıqlamalarında bu suala cavab veriblər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sözügedən sazişlə bağlı uzun müddətdir ki, hazırlıqların getdiyini bildirib:

“Memorandumu da uzun müddət davam edən danışıqların uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Əlbəttə ki, əsas məsələ sənəddə öz əksini tapan ideyaların praktikada həyata keçirilməsi və buna əməl edilməsi olacaq. Burada daha çox enerji məsələləri önə çıxıb. Əvəzində heç şübhəsiz ki, tərəflər memorandumda öz əksini tapmayan müəyyən öhdəliklər də götürüblər. Eyni zamanda Qarabağ məsələsində də Avropa İttifaqı son vaxtlar xeyli fəallaşıb. Hər halda memorandum bu istiqamətdə də müsbət təsir göstərən faktora çevrilə bilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə memorandumu Azərbaycanın Avropa ailəsinə inteqrasiyasında önəmli hadisə kimi qiymətləndirib:

“Azərbaycan artıq uzun illərdir ki. Avropanın enerji sahəsində əhəmiyyətli bir subyektə çevrilib. Bu saziş ölkəmizin gələcəkdə Aİ-nin enerji təhlükəsizliyinin mühüm bir parçası olması baxımından kifayət qədər ciddi məslədir. Görünür ki, Azərbaycan artıq ittifaq üçün əhəmiyyətli ölkədir. Aİ rəsmisi də bunu çıxışında bildirdi. Ümid edirik ki, memorandumdan Azərbaycanın gələcək inkişafı üçün uğurla istifadə olunacaq. Və gələcəkdə Avropa ailəsinin tərkib hissəsi olmağımızla yanaşı, Azərbaycan regional əhəmiyyətini də daha da artıracaq”.

Aydınlar Partiyasının sədri Qulmahüseyn Əlibəylinin sözlərinə görə, memorandum hər iki tərəf üçün böyük imkanlar yaradır:

“İlk növbədə Aİ Rusiyanın enerji asılılığından tədricən xilas olmaq istəyir. Bu sahədə Azərbaycan ittifaq üçün daha cəlbedici tərəfdaşdır. Təbii ki, Azərbaycan üçün də bu, iqtisadi cəhətdən sərfəli modeldir.

Həm də siyasi cəhətdən də Aİ-nin Azərbaycana təsir imkanları azalacaq. Ən azı o mənada ki, Avropa İttifaqının insan hüquqları və demokratiya məsələlərində bəzən qərəzli mövqeyinə şahidlik edirik. Hesab edirəm ki, enerji məsələsinin həlli bu istiqamətdə də yardımçı olacaq və Azərbaycan Avropa İttifaqı üçün aparıcı dövlətlərdən birinə çevriləcək”.

Geri qayıt