Əsas Səhifə > Partiya, Güney Press > "4 şəhid verən kəndə qaz çəkilmir, kəndlilər odun, təzək yandırır"

"4 şəhid verən kəndə qaz çəkilmir, kəndlilər odun, təzək yandırır"


21-07-2022, 08:19
"4 şəhid verən kəndə qaz çəkilmir, kəndlilər odun, təzək yandırır"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb. Ancaq şəhid ailələrinin yaşadığı bəzi kəndlər hələ də qazlaşdırılmayıb. Bu da təbii olaraq ailələrin etirazına, narazılığına səbəb olur. Bəs şəhid, qazi ,veteran ailələrinə hərtərəfli qayğının göstərilməməsi məsələsi həllini necə tapmalıdır? Nə vaxt ailələr qazla təmin olunacaq?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən Ağ partiyanın sədri Tural Abbaslı bildirdi ki, Ağcəbədi rayonunun Qaraxanlı kəndində bu problemdən əziyyət çəkən ailələr var:” Kənddə qazın olmaması ilə bağlı 4 şəhid ailəsi, şəhid anaları birbaşa öz adları ilə bizə müraciət edib. Kənd o qədər böyük deyil, cəmi 200 ailəlik ərazisi var. Kənd kiçik olmağına baxmayaraq, 4 şəhid verib, amma bu kəndə hələ də qaz verilmir. Sentyabrdan sonra havalar soyuyacaq. Bu ailələr nə yandıracaq? Təzəkmi, odunmu? Onsuzda təzək, odun yandırırlar. Şəhid ailələri, qazilər, veteranlara qayğı, diqqət budurmu?"
Onun sözlərinə görə, 2027-28-ci illərə qədər Azərbaycanın bütün ərazisində qazlaşdırma başa çatmalıdır: "Ancaq öncəlik olmalıdır. Şəhid ailələrinin çox olduğu kəndlər, ərazilər öncə qazlaşdırılmalıdır. Canlı yayımda “Azəriqaz”a da müraciət etdim, guman edirəm bununla bağlı addımlar atılar. 4 şəhid ailəsinin Bakıda hansısa dövlət qurumlarının qarşısında qazın verilməməsi ilə bağlı etiraz etmələri xoş mənzərəmi olar? Avropanın enerji təhlükəsizliyinə təminat verən, 2027-ci ilə kimi Avropaya il ərzində 20 milyard m³ qaz satacaq ölkə kimi özümüzün balaca kəndini qazlaşdıra bilmiriksə, bu məncə, dövlət adına ayıbdır”.

Tural Abbaslı güman edir ki, məsələ tez bir zamanda həllini tapar: " Ümid edirəm ki, şəhid ailələrinin müraciət etdiyi kənd qazlaşdırılar, nəhayət XXl əsrdə, peyk, kosmok əsrində qaza qovuşarlar”.

Geri qayıt