Əsas Səhifə > Partiya, Güney Press > Fəzail Ağamalıdan ölümlə hədələnən İsrail səfirinə dəstək:

Fəzail Ağamalıdan ölümlə hədələnən İsrail səfirinə dəstək:


25-07-2022, 16:26
Fəzail Ağamalıdan ölümlə hədələnən İsrail səfirinə dəstək:
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İsrail səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixindən, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.

İsrailli diplomat tvitterdə "Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?",- deyə kitab haqqında düşüncələrini qeyd edib. Onun bu paylaşımı birmənalı qəbul edilməyib. Belə ki, sosial şəbəkə istifadəçiləri israilli diplomatın sözügedən paylaşımını İranla Azərbaycan arasında münasibətin gərginləşdirilməsinə hesablanmış addım olduğunu deyib, bununla bağlı çoxsaylı paylaşım ediblər. Qeyd edək ki, "Təbrizin sehrli nağılları" kitabında dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edilir. "Təbrizin sehrli nağılları" kitabının təqdimat mərasimi 2014- cü ildə keçirilib. Kitab Mədəniyyət və Turizm Nazirliyi, BP Azərbaycan və "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə nəfis tərtibatla "İrs" Nəşriyyat Evində çap edilib. Nəşr sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanıb. Cəmilə Həsənzadənin müəllifi olduğu əsər 2019-cu ildə Roma Papası Fransiskə hədiyyə edilib. Kitab həmçinin dünya liderlərinin əksəriyyətinin diqqətini cəlb edib. Artıq dünyanının tanınmış liderləri bu kitabla maraqlanır, paylaşım edirlər. Kitabın məhz bu tərəfi sosial şəbəkə izləyiciləri arasında müzakirə predmetinə çevrilib.

Həmçinin, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələyib. Seyid Abbas Musəvi öz hesabında Corc Dikin paylaşımına “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”,- deyə cavab verib. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya Milli Məclisin deputatı Fəzail Ağamalı danışıb. Deputat Azərbaycan vətəndaşlarını Corc Dikə dəstək olmağa çağırıb:

"Biz İsrail səfirinin yanında olmalıyıq. Birinci, hamı bilsin ki, Təbrizin sehrli nağılları çox vacib kitabdır. Kitabda siyasiləşmiş nəsə yoxdur. Nahaq yerə kitaba "siyasi" adı qoyurlar. Burada Azərbaycanın tarixi var. Bilməyənlərin də təəssüratı olsun ki, belə bir kitab, mədəniyyət var. Əgər azərbaycanlı diplomat paylaşımın İranla Azərbaycan arasından gərginlik yaratmağa hesablandığını desəydi, bəlkə də bundan nəticə çıxarmaq olardı. Fikir bildirən Azərbaycan vətəndaşı deyil, İsrailin diplomatıdır".

Deputat bildirib ki, İsrail səfirinin dediklərinə belə don geyindirmək İranın mövqeyini müdafiə etmək deməkdir:

"Əslində məsələnin aktuallığına kölgə salmaq və qəsdən, düşünülmüş şəkildə başqa istiqamətə yönəldilməsi deməkdir. Yazımın altıdakı şərhlərə baxıram, görürəm ki, dindarlar məsələyə tamam başqa cür yanaşırlar. Onlar buna deyilən kimi yanaşırlarsa, bu, İranın möveyi deməkdir. Həmin insanlar İranın təsiri altındadır. Kitab Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlıdırsa və bunu İsrail səfiri gündəliyə gətirirsə, vətəndaşlarımız məsələyə bu cür yanaşmasınlar. Sadəcə olaraq, həmin əsəri önə çəksinlər, Təbrizi, Ərdəbili, Xoyu unutmayaq. Bu cür hadisələrə həssas yanaşaq. Düşünürəm ki, əgər İsralin Azəbayandakın səfiri mədəniyyətimizə, tariximizə yaxşı münasibət bəsləyib, bunu dilə gətirirsə, ona ancaq təşəkkür etmək lazımdır. O, buna görə qınaq obyektinə, hədəfinə çevrilməli deyil".

Geri qayıt