Əsas Səhifə > Partiya, Güney Press > "Onlar hamısı vətəndaşdır və qeyri-rəsmi şəkildə vəsait ödəyərək bu işləri görüblər"

"Onlar hamısı vətəndaşdır və qeyri-rəsmi şəkildə vəsait ödəyərək bu işləri görüblər"


26-07-2022, 08:07
"Onlar hamısı vətəndaşdır və qeyri-rəsmi şəkildə vəsait ödəyərək bu işləri görüblər"
“Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun”.

Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Prezident bu yaxınlarda Buzovna qayalarının da bəzi insanlar tərəfindən zəbt edildiyini xatırladıb:

“Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi”.

Qeyd edək ki, Prezidentin icra başçılarına və məmurlara sərt xəbərdarlıq etməsindən sonra indiyə kimi qanunsuz tikilən obyektlərin söküləcəyi gözlənilir. dia-az.life-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, indiyə qədər qanunsuz tikililərlə bağlı xeyli məsələlər qaldırılıb:

“Əslində kommunikasiya xətlərində və dəniz sahilində olan obyektlərin sökülməsindən daha çox özəlləşdirilməsinə ehtiyac var. Çünki bütövlükdə sökülmənin özü də iqtisadi balansın müəyyən mənada geriləməsinə gətirib çıxarır.

Vaxtilə hansısa yollarla və vasitələrlə insanlar bu obyektləri tikiblərsə, bunun sökülməsi insanların iqtisadi həyatına da müəyyən dərəcədə təsir göstərəcək. Bu baxımdan da məsələ ətrafında bir az daha rasional qərar qəbul olunmalıdır. Yəni çox sayda qanunsuz tikililər və gecəqondular var ki, oradakı insanlar da böyük problem yaşayırlar. Bu problemlərin olması da müəyyən dərəcədə narahatçılıq yaradır. Amma onlar hamısı vətəndaşdır və qeyri-rəsmi şəkildə vəsait ödəyərək bu işləri görüblər”.

Millət vəkili deyib ki, bu məsələnin üzərində bir daha düşünərək, həmin obyektləri özəlləşdirmək lazımdır:

“Yəni dövlət büdcəsinə vəsait köçürülməsi məsələsini düşünmək lazımdır ki, dövlət buradan da müəyyən gəlir götürə bilsin. Prezidentin daha çox irad bildirdiyi dəniz sahili kommunikasiya xətləri ilə bağlı məsələdir.

Amma bu məsələdə də müəyyən dərəcədə də turizmin inkişafına imkan yaradan fəaliyyəti gücləndirmək lazımdır. Yəni dəniz sahilidir deyə, hər şeyin sökülməsi də doğru deyil. Burada turizmin imkanlarına zidd olmayan tikililər varsa, əksinə bunu təşviq etmək lazımdır. Yəni daha çox tikmək lazımdır ki, həm təmizlik yaransın, həm də əhalinin maraqları qorunsun və dəniz turizmindən istifadə edə bilsinlər.

Hesab edirəm ki, bunu kampaniya olaraq görmək lazım deyil. Əksinə iqtisadi həyatın canlanması üçün bütün fürsətlərdən istifadə etmək lazımdır. Çünki sökülən hər hansı bir obyekt və ya müəssisə həm də itirilən iş yeri deməkdir. Onsuz da işsizlik baş alıb gedir, əlavə iş yerlərinin də itirilməsi ciddi bir problem yarada bilər. Bunların hamısını düşünmək lazımdır”.

Geri qayıt